Həcc ziyarətinin bahalaşmasının əsas səbəbi nədir?

Hər il qiymət qalxır

“İnanın, inhisar günü bu gün ləğv olunsa, səyahət şirkətlərinə Həcc ziyarətini təşkil etmək hüququ verilsə, qiymətlər kəskin düşəcək”

  Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbuluna başlanılıb. Qafqaz Müsəlmanları İdarəsindən verilən xəbərə görə, sənədlərin qəbulu bu gündən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək. Göründüyü kimi, Həcc ziyarətinin qiymətində yenə artım var. Bu, bizi təəccübləndirməməlidir. Çünki ölkədə qiyməti qalxmayan, əksinə, ucuzlaşan yalnız zavod çörəyidir, o da çəkisinin hesabına. Yəni qiymətin ucuzlaşması zahiridir. QMİ də etirazlara cavab verib, məsələn, belə deyə bilər ki, bütün dünyada bahalaşmadır, taxılın qiyməti qalxıb, neftin qiyməti qalxıb... və sair. Amma demir. Nə bunu deyir, nə də hansısa başqa cavab verir. İllərdir, bu belədir. Dəyirman öz işindədir. Pulun var, get. Yoxdur, ayağını qatla, otur evdə. Normal cəmiyyətlərdə yəqin ki, fərqli situasiya olur. Qiymətlər elan ediləndə, səbəbi də açıqlanır. Bizdə belə deyil. Zəvvar bilmir ki, ödədiyi 5850 dollar nəyə xərclənir, hara ödənir. Ortaya qoyulan açıq hesabat, qiymətlər cədvəli yoxdur. 5850 ABŞ dolları - 9.775 – ortalama, təxminən 10 min Azərbaycan manatıdır. Hələ bura bəzi xərcləri də əlavə etsək, zəyarətə hazırlaşanın 1-2 min manat əlavə pulu da olmalıdır. Məlum məsələdir, Həcc ziyarətinə imkanı çatan şəxsin getməsi vacibdir. Allah-təala (c.c) belə buyurub. Fəqət, hər il artan xətlə yüksələn qiymətləri nəzərə aldıqda, imkanı çatanların sayı da getdikcə azalır. Adi vətəndaşın – hansı ki ola bilsin həm də, mömin bəndədir, aylıq maaşını toplayıb Həcc ziyarətinə gedə bilməsi üçün azı 5 il lazımdır. Onda da gərək yeməsin, içməsin, maaşını yığsın. Bu da çox çətin, real görünməyən işdir. Onu da nəzərə alaq ki, illər keçdikcə Həcc ziyarətinin qiyməti də qalxır, sabit qalmır. Ötən il qiymət 5750 idi, ondan əvvəlki il 5350 olub. Hər il qiymət qalxır.
  İqtisadçı Əkrəm Həsənov “Sherg.az"a açıqlamasında qeyd etdi ki, qiymət artımının əsas səbəbi inhisarçılıqdır:

- Başqa səbəb axtarmağa lüzum da yoxdur. Əsas səbəb inhisarçılıqdır. Qafqaz Müsəlmanları İdarəsi Həzz ziyarətini inhisara alıb. Yalnız bu idarə təşkil edir Həcc ziyarətini, digər səyahət şirkətlərinə Həcc ziyarətini təşkil etməyə icazə verilmir. İnanın, inhisar günü bu gün ləğv olunsa, səyahət şirkətlərinə Həcc ziyarətini təşkil etmək hüququ verilsə, qiymətlər düşəcək. Çünki rəqabət yaranacaq, hər şirkət çalışacaq, daha münasib qiymətlər və daha yaxşı ziyarət şərtləri irəli sürüb Həcc ziyarətini daha yaxşı təşkil etsin. Nəticədə qiymətlər də aşağı düşəcək. Həcc ziyarətinə sənəd qəbulu elan edilən kimi, bəziləri o saat başlayır qınamağa, etiraz etməyə; niyə bu qədər pul xəcrləyib gedirlər, Səudiyyəyə xeyir verirlər, nə bilim, ərəblər “yeyir” pulumuzu... Bunlar mənasız, boş sözlərdir. Səudiyyə Ərəbistanın hər il dövlət büdcəsindən digər ərəb ölkələrinə etdiyi yardımların müqabilində Həcc ziyarətindən əldə etdikləri gəlir cüzidir. Bizdə qiymətlər bahadır deyə, elə bilirik, digər ölkələr də külli miqdarda vəsait xərcləyir Həcc ziyarətinə. Xeyr, elə deyil. Qardaş ölkə Türkiyəni götürək. Türkiyədə Həcc ziyarətinin qiyməti bizdən dəfələrlə ucuzdur. Eləcə də digər müsəlman ölkələri – İran, İraq, İndoneziya, Pakistan, Əfqanıstan... İngiltərədə bəli, bahadır. Çünki İngiltərə özlüyündə bahalı ölkədir. Niyə bizə İngiltərəni nümunə çəkməlidirlər? Bir ingilisin orta hesabla aldığı aylıq əmək haqqı, Azərbaycanda sıravi işçinin aldığı əmək haqqıyla eynidir məgər?!. Dünyada yaşayış minimumu bahalı ölkələr var. Məsələn, İsveçrə. Biz özümüzü İsveçrə ilə müqayisə etməli deyilik. Müqayisə ediriksə, o zaman əmək haqqını da müqayisə edək, yaşayış minimumunu da, təqaüdləri də. Bu məsələlərdə etmirik, amma Həcc ziyarətinə gəldikdə, “filan ölkədə də bahadır”, deyirlər. Mən qəti əminəm ki, inhisar aradan qalxsa, bizdə də Həcc ziyarətinin qiyməti əlçatan olacaq.
  Ə.Həsənov qeyd etdi ki, o özü də Həcc ziyarətində olub, 2012-ci ildə:
- Biz o zaman da bilirdik ki, Azərbaycanda Həcc ziyarəti bahadır. Orda Türkiyədən zəvvarlar da vardı, söhbət edirdik və öyrənirdik ki, onlar bizdən qat-qat aşağı qiymətə gəliblər Həccə, bizdən də uzun müddət və daha yaxşı hotellərdə qalırlar. Türkiyəli zəvvarların ziyarəti az qala 1 ay çəkir. Biz isə aşağı-yuxarı 2 həftə. Bunun səbəbi Həcc ziyarətini inhisara almış QMİ-dir. Bu qurum da, bilirsiz, Rusiya imperatriçası Yekaterinadan “əmanət” qalmış qurumdur. Burada Səudiyyəlik bir şey yoxdur. Çalışıb, daha ucuz qiymətə ziyarət təşkil etmək olar. Pakistandan, İndoneziyadan ziyarətə təyyarə ilə gələnlər bizdən az pul xərcləyir, amma biz onlardan məsafəcə daha yaxınıq Səudiyyə Ərəbistanına, amma “AZAL” baha qiymətə təyyarə reysləri təşkil edir. Turizm şirkətlərinin sayı çox olmalı və onlara Həcc ziyarətinin təşkili icazəsi verilməlidir. Yalnız bu halda qiymətlər əlçatan olacaq.