Bu kənddə tək böyrəklilər yaşayır

"Ölümdən betər duruma düşdük"

Tək böyrəklə yaşamağa da razıdırlar, təki ailələri üçün bir parça çörək əldə edə bilsinlər

  Həyatları boyunca aclıq, səfalət, xəstəliklə mücadilə edən insanlar var. Bunun üstünə bir də zəlzələ fəlakəti gəlincə, vəziyyətləri daha da ağırlaşıb. Bu kəndin əhalisi tək böyrəklilər kimi tanınır. Bunun səbəbi isə inanılmazdır. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, Nepalın Hokse qəsəbəsinin sakinləri 7.8 ballıq zəlzələdən sonra acınacaqlı duruma düşüb. 2015-ci ildə baş vermiş bu zəlzələ 8 min 800 nəfərin ölümünə səbəb olub. Sağ qalanlarsa sağ qaldıqlarına peşmandır və ölənlərin xoşbəxtliyinə həsəd aparır. Zəlzələ qəsəbəyə aclıq və səfalət gətirib. Bundan əvvəl də ailələrini dolandırmaq üçün bir çox insan böyrəyinin birini satırdı. Qəsəbə böyrək satışı ilə tanınırdı. Zəlzələdən sonra isə böyrək satışı həddindən artıq artıb. Hətta o dərəcədə ki, böyrəyini satışa çıxaranlar biriylə rəqabət aparır, biri-birini qabaqlamağa çalışır. Bu durum sakinlər arasında dava-dalaşa da səbəb olur. Evini, onsuz da az olan əşyalarını itirmiş insanlar çarəni orqan satışında görür. Ailələrini dolandırmaq üçün hər yola baş vururlar. Tək böyrəklə yaşamağa da razıdırlar, təki ailələri üçün bir parça çörək əldə edə bilsinlər. Böyrəklərini satmaqla kiçik torpaq sahəsi satın alır, orada əkib-becərdikləri meyvə-tərəvəzi satmaqla dolanışıqlarını təmin etməyə çalışırlar. Əldə etdikləri qazancla ancaq gündəlik ehtiyaclarını ödəyə bilirlər. Böyrəklərini baha deyil, ucuz satırlar. Çünki bölgədə böyrəyini satışa çıxaranlar çoxdur. Orqan mafiyası isə tək böyrəyi 1500 dollara alır. Kasıb ailələrin gəliri, nə yazıq ki, orqanlarını satmaqla əldə edilir. Nepalın bu yoxsul qəsəbəsində böyrək satışından “qara bazar” ildə 650 milyon dollar gəlir əldə edir. Böyrək transplantasiyasına ehtiyacı olanlara isə çox baha satılır. Təəssüf ki, bu ticarətdə uduzan böyrəyini satan yoxsullardır. Onlar orqan tacirləri üçün sadəcə gəlir mənbəyidir. Böyrəklərini satmaqla qısa müddətə ehtiyaclarını ödəyənlərin sonrakı taleyi acınacaqlı olur. Onlar böyrək çatışmazlığı xəstəliyinə tutulur və həyatla erkən vidalaşırlar. Ailələri isə yenə ehtiyac içində qalır. İllərdir bu dəhşətli alış-veriş davam edir, qarşısını alansa yoxdur.