Su ehtiyatlarımız getdikcə azalır - TƏHLÜKƏ

Bizim iqlim dəyişmələrinə cavab verməyən sovetdənqalma köhnə su infrastrukturumuz var, dəyişməsək, işimiz çətin olacaq

“Hesab edirəm ki, iştirakçı qərarlara əsaslanan yeniliklər su ehtiyatlarının idarə edilməsində olmalıdır”

  Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya və Aqrar siyasət komitələrinin birgə təşkilatçılığı ilə keçirilən “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda dinləmədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bildirib ki, dünyada baş verən qlobal iqlim dəyişikliklərinin su ehtiyatlarına mənfi təsiri getdikcə artmaqdadır: “Azərbaycan su ehtiyatları olduqca məhdud ölkədir. 30 milyard kubmetr yerüstü su ehtiyatımız var. Son baş verən iqlim dəyişikliklərindən sonra bu ehtiyatlarımız kəskin azalıb, 2022-ci ildə cəmi 17 milyard təşkil edib. Bunun da 4,8 milyard kubmetri daxildə formalaşıb, qalanı isə qonşu ölkələrdən daxil olub. Yeni su mənbələrinin yaradılması tələb olunur. Tullantı su təchizatlarının yaxşılaşdırılması bizim siyasətin prioritet istiqamətlərindəndir”.
  Dinləmələrdə çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva isə bildirib ki, su ehtiyatlarının səmərəli istifadəsinə dair milli strategiya layihəsi hazırlanıb: “Alternativ su mənbələrindən istifadə üçün 481 yaşayış məntəqəsini əhatə edən 460 içməli su istehsal edən pilot layihə tətbiq edilir. İqlim dəyişmələri ilə bağlı su problemi bəşəriyyətin qarşılaşdığı ən böyük problem olacaq. Son 10 ilə baxanda bu il Böyük və Kiçik Qafqaz dağlarının suları ilə bağlı yaxşı göstəricilərlə üzləşirik. Böyük Qafqazın çaylarında sululuq normadan 88 faiz çoxdur. Keçən illə müqayisədə sululuq 38 faiz bəndi yüksəkdir. Kiçik Qafqaz çaylarında isə sululuq norma göstəricilərindən 35 faiz bəndi artıqdır. Bunlar yaxşı göstəricilərdir, amma bizi sakitləşdirməli deyil”.
  Dinləmələrdə parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov isə suyun keyfiyyəti barədə danışıb və bildirib ki, Azərbaycan əhalisinin təsərrüfat-içməli su təchizatına nəzarət məqsədilə bilavasitə respublikanın 61 şəhər və rayonlarının su təchizatı sistemlərindən götürülmüş və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyasında 2023-cü ildə müayinə edilmiş 763 su nümunəsinin 0,7 faizi (2022-ci ildə 1,2 faizi) fiziki-kimyəvi göstəricilərinə, 3,9 faizi (2022-ci ildə 7,9 faizi) bakterioloji göstəricilərinə görə dövlət standartlarının tələblərinə cavab verməyib. "Azərsu" ASC Bakıdakı 94 mərkəzi və məhəllədaxili su anbarının yuyulub zərərsizləşdirilməsini təmin edib, bu tədbirlərdən sonra laboratoriya müayinəsi üçün götürülmüş 112 su nümunəsindən 9,8 faizinin bakterioloji göstəriciləri qeyri-kafi olub, fiziki-kimyəvi göstəriciləri isə norma daxilində olub. Dövlət standartının tələblərinə uyğun gəlməyən nəticələr üzrə müvafiq tədbirlər görülüb, təkrar müayinələr aparılıb.
  Respublikada yerli su təchizatı mənbələri üzərində nəzarət tədbirlərinin həyata keçirilməsi məqsədilə respublikanın 16 rayonunda yerləşən 460 su mənbəyi laborator tədqiqat üsulunun tətbiqi ilə müayinə olunub. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyasında müayinə olunmuş 529 nümunədən 23,2 faizi orqanoleptik, 11,8 faizi kimyəvi, 40,3 faizi bakterioloji göstəricilərinə görə dövlət standartlarının tələblərinə cavab verməyib. O cümlədən, Yevlax şəhərinin içməli su təchizatı ilə bağlı aparılmış müayinələr zamanı bir sıra nöqsan və çatışmazlıqlar aşkar edilib.
  Maraqlıdır, rəsmilərdən biri su ehtiyatlarımızın məhdud, digəri isə bol olduğunu deyir. Hansı haqlıdır?
  “Sağlam həyata doğru” İctimai Birliyinin üzvü, ekoloq Rövşən Abbasov “Sherg.az"a açıqlamasında qeyd etdi ki, bəli, su ehtiyatlarımız getdikcə azalır:
- Həm ölkə daxilində, həm də xaricdən gələn su sürətlə azalmaqdadır. Bu həm daxildə, həm də qonşu ölkələrdə su ehtiyatlarına tələbatın artmasıyla bağlıdır. Çünki bizim su ehtiyatlarımızın 70 faizi xarici ölkələr ərazisində formalaşır. İqlim dəyişmələri var, amma bizim onunla ayaqlaşmayan, iqlim dəyişmələrinə cavab verməyən sovetlərdənqalma köhnə su infrastrukturumuz var. Qalmışıq ikisinin arasında. Hesab edirəm ki, su ehtiyatlarının idarə edilməsində yeniliklər olmalıdır. İştirakçı qərarlara əsaslanan yeniliklər. Su Ehtiyatları Agentliyinin yaradılmasını alqışlayırıq. Amma bu təşkilatın strukturunda çay-hövzə təşkilatları yaradılmalıdır. Və hər bir hövzədə inventarlaşma aparılmalıdır. Bu təşkilatlar çay və hövzələrdə spesifik məlumatları toplayır, təhlil edir, nəticələrə uyğun qərarlar verir. Bu cür yanaşmalarda məqsəd su ehtiyatlarından inteqrasiyalı istifadəni təmin etməkdir. Belə olmasa, işimiz çətin olacaq. Biz hər hansı hövzə üzrə maraqlı tərəfləri müəyyən etməliyik. Bilinməlidir, hövzələrdən su nə üçün, hansı məqsədlə götürülür. Sonra əsas çirkləndiriciləri müəyyən etməliyik. Bundan sonra həmin məlumatlar bazası əsasında hər bir çay üçün idarəetmə sxemi tərtib edilməlidir. Yalnız bu cür yanaşmalar bizi iqlim dəyişmələrinin mənfi fəsadlarından qoruyacaq.