Avstraliyanın Sidney Universitetinin tədqiqatçıları gündə 4,5 dəqiqə intensiv fiziki fəaliyyətin bəzi xərçəng növlərinin riskini 32 faizə qədər azalda biləcəyini aşkar ediblər.
“Sherg.az” türk mediasına istinadən xəbər verir ki, 7 il ərzində 22 mindən çox idman etməyən insan müşahidə edilib. Gündə 4,5 dəqiqə intensiv fiziki fəaliyyət ilə məşğul olsanız fiziki fəaliyyətlə əlaqəli olan xərçəng növlərinin inkaşaf riskini 32 faizə qədər azalda bilərsiniz.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fiziki fəaliyyətlə əlaqəli olduğu 13 xərçəng növünü araşdırmaqla yanaşı, tədqiqatçılar iştirakçıların ümumi xərçəng riski nisbətlərini də müşahidə ediblər.
Xərçəng tarixi olan insanlar tədqiqata daxil edilməyib. Tədqiqatda iştirak edən insanların fəaliyyətləri, hərəkəti ölçən və biləkdə taxıla bilən cihazlar vasitəsilə izlənilib.
Müşahidə nəticəsində boş vaxtlarında idman etməyən və təxminən həftədə bir dəfə yeriyən insanların ortalama yaşı 62 yaş olaraq qeyd edilib.
Sidney Universitetinin professoru və tədqiqatçısı Emmanuel Stamatakis, əvvəlki araşdırmaların idman etməyən insanların xərçəng riskinin daha yüksək ola biləcəyini göstərdiyini və bu araşdırmanın "peşəkar olmayan sıx məşq" formaları üzərində dayandığını bildirib.
Stamatakis, "Biz bilirik ki, əksər orta yaşlı insanların nizamlı idman etməməsi onlarda xərçəng riskini daha da artırır. Bununla belə, fiziki aktivliyi izləyən cihazlar kimi texnologiyaların da ortaya çıxması ilə qısa müddətli fiziki fəaliyyətlərin gündəlik həyatda təsirini araşdıra bilərik" deyib.
Ümumiyyətlə, sıx ev işləri, sürətli yerimə və pilləkən qalxma kimi qısa müddətli fəaliyyətləri araşdıran araşdırmada tədqiqatçılar fiziki aktivliyin artması ilə faydaların artdığını da qeyd ediblər. Sözügedən fəaliyyətlərin əksəriyyətinin təxminən bir dəqiqə davam etdiyi bildirilib. Tədqiq olunan insanlar arasında 2356 xərçəng hadisəsi aşkarlanıb. Araşdırmanın nəticələri “JAMA Oncology” jurnalında dərc olunub.