“Çünki elə dərmanlar var, onların alınmasına qazinin, əlilin maddi imkanı çatmır”
“Monitorinqlər, psixiatriya xəstəxanalarında müalicə alan müharibə iştirakçıları ilə aparılan fərdi söhbətlər və araşdırmalar onu göstərir ki, bu kateqoriyadan olan pasiyentlər müəssisədə olduqları müddətdə dövlət hesabına dərman preparatları ilə təmin edilsələr də, evə yazıldıqdan sonra bəzi hallarda onlara müvafiq preparatların pulsuz verilməsi dayandırılır”. Bu sözləri ombudsman Səbinə Əliyeva "Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları” mövzusuna həsr olunmuş “dəyirmi masa”da çıxışı zamanı deyib. Müharibə əlilləri və müharibə iştirakçılarının problemlərinə toxunan ombudsman bildirib ki, bəzi preparatlar psixotrop xarakter daşıdığından və kifayət qədər maddi vəsait tələb etdiyindən pasiyentlər ya həmin dərmanları sonradan ala bilmir, ya da yalnız bir qismini əldə edə bilir: Nəticədə müalicə sona çatdırılmır. Bu baxımdan, Vətən müharibəsi iştirakçısı olmuş, müvafiq psixiatriya müəssisələrində qeydiyyatda olan, əlilliyi olmayan, müalicə alan pasiyentlərin psixiatriya müəssisələrini tərk etdikdən sonra da dövlət hesabına müvafiq dərmanlarla təmin edilməsinə ehtiyac olduğu vurğulanmalıdır”. Səbinə Əliyeva, həmçinin deyib ki, bununla yanaşı psixiatriya xəstəxanalarında müalicə alan müharibə iştirakçıları ilə aparılan görüşlər, habelə ombudsmana edilən müraciətlərin və mediada dərc olunan məlumatların təhlili həmin şəxslərin bir qisminin əlilliyin müəyyən edilməsi ilə bağlı problemlərlə üzləşdiyini də göstərir. Müəssisələrdə sıxlıq və növbələr yaşanır. Səbəbsə tibb müəssisələrinin sayının azlığı və ixtisaslı kard çatışmazlığıdır.
Qarabağ Qaziləri İctimai Birlıyinin sədri Asəf Əliyev “Sherg.az"a açıqlamasında qeyd etdi ki, ombudsmanın qaldırdığı problemlərlə müharibə iştirakçılarının hər biri üzləşir:
"Müharibə iştirakçıları daimi tibbi müalicəyə ehtiyacı olan insanlardır. Kantuziya, kəllə-beyin travması elə zədələrdir ki, onlar heç vaxt sağalmır. Daimi davam edən müalicə ilə lokallaşdırıla bilir. Müalicə ona görə lazımdır ki, qazi - əlil depressiyaya düşməsin, psixi pozğunluq yaranmasın, ağrıları kəskinləşməsin. Ağrılar bəzən dözülməz həddə çatır. Belə olan halda dərmanlara ehtiyac yaranır. Dövlət xəstəxanalarında dərman preparatları pulsuzdur, qazilər lazımi dərman preparatları ilə təmin olunur, müalicə alırlar. Problem xəstəxanadan sonrakı mərhələdə, evə buraxıldıqdan sonra başlayır. Ombudsman tamamilə doğru bildirib ki, evə buraxıldıqdan sonra müharibə iştirakçısı dərmanlarla təmin edilməlidir. Çünki elə dərmanlar var, onların alınmasına qazinin, əlilin maddi imkanı çatmır. “Yaşat” Fondunun qarşıladığı müalicə xərcləri var, dərman preparatları ilə təmin olunmaqda kömək edirlər. Lakin Fondun imkanları da hüdudsuz deyil. Problemin həlli üçün dövlət xəstəxanaları lazımi dərman preparatları ilə kifayət qədər təmin edilməlidir. Belə olarsa, müharibə iştirakçıları da dərman preparatları ilə daimi təmin edilər".
A.Əliyev bəzi müalicələrin icbari tibbi sığorta paketinə daxil edilməməsinin qazilərə problemlər yaratdığını dedi:
" Məsələn, göz əməliyyatı sığortaya daxil deyil. Halbuki müharibə iştirakçıları arasında gözündə problem yaranan, görmə qabiliyəti zəifləmiş xeyli insan var. Eləcə də, dişlərin müalicəsi, sığortaya daxil deyil. Amma müharibədə aldığı yaralardan dişləri tökülmüş qazilərimiz var. Lakin bu müalicələr icbari tibbi sığortaya daxil edilmədiyindən qazilər müalicə ala bilmir. Hepatit dərmanlarıyla təmin olunmaqda çətinliklər yaranır. Hepatitin müalicəsində bəzi dərmanlar dövlət hesabına verilir, onlar da zəif dərmanlardır. Mühairibə iştirakçılarının yönləndirildiyi özəl tibb müəssisələrinin heç də hamısı sığortaya cəlb edilənlər deyil. Qazi müraciət edir, amma ona bildirilir ki, bu tibb müəssisəsi icbari tibbi sığortayla işləmir. Yenə problem yaranır. Müharibə iştirakçılarının sağlamlıq və müalicə ilə bağlı qarşılaşdıqları problemlərin həlli üçün ilk növbədə dövlət xəstəxanaları dərman preparatları ilə tam təmin edilməli, icbari tibbi sığortanın əhatəsi genişləndirilməli, daha çox özəl tibb müəssisəsi müharibə iştirakçılarının müayinə və müalicəsinə cəlb edilməli, “Yaşat” Fondunun vəsaitləri də artırılmalıdır ki, Fond qazilərə, müharibə iştirakçılarına zəruri yardımı göstərə bilsin".
Qarabağ müharibəsi iştirakçısı, qazi Rafiq Kərimov “Sherg.az"a açıqlamasında üzləşdikləri problemlərdən danışdı:
"Belə hallarla qarşılaşırıq ki, qazinin MRT, KT müayinəsindən keçməli olduğu bildirilir, həmin müayinə dövlət xəstəxanasında mümkün olmadığından özəl tibb müəssisəsinə yönləndirilir. Özəl klinikalarda isə müayinə xərcləri qarşılanmır. Məsələn, bir qazimizin damar problemi olub, damarların açılması üçün özəl klinikaya göndərilib, amma orada bizə bildirdilər ki, klinika əməliyyat xərcini qarşılamayacaq. Bu əməliyyat zamanı istifadə olunan kapsulun qiyməti hazırda 500 manatdır. Əməliyyat üçün 2 kapsulun alınması lazımdır, bu da edir 1000 manat. Qazinin buna maddi imkanı yoxdur. Əməliyyat olunmadığı üçün vəziyyəti ağırlaşıb. Elə müalicələr, əməliyyatlar var, dövlət hesabına edilir, amma eləsi də var ki, dövlət tərəfindən qarşılanmır. Bu halda qazilərin səhhətində ağırlaşmalar yaranır. Bundan başqa, tibb müəssisəsində müalicə kursunun müddəti də azaldılıb. Əvvəllər 10-14 günlük müalicə təyin edilirdi, indi azaldılaraq 5-7 günə salınıb. Bu isə müalicəni tam başa çatdırmağa imkan vermir".