Özgür Özəl prezident Ərdoğandan görüş istəyəcək

"Köhnə xəstəliklərin təkrarlanmasına səbəb olan heç kəsin gözünün yaşına baxmayacam"

CHP sədri Özgür Özəl “Sabah” qəzetinin yazarı Yavuz Donatın suallarını cavablandırıb.

Sherg.az xəbər verir ki, diqqət çəkən açıqlamalar verən Özəl prezident Rəcəb Tayyib Ərdoğana zəng edərək Ramazan bayramı münasibətilə təbrik mesajı verəcəyini bildirib.

"CHP 31 Mart seçkilərində lider partiya oldu. Lider olmaq, fədakarlıq etmək, ilk addımı atmaq və ilk əlini uzatmaq bizim əlimizdədir". Özəl prezident Ərdoğandan görüş istəyəcəyini bildirib:

"Harada görüş təyin etsə, gedəcəm”. 

CHP lideri "Sizin yanınıza gəlməyəcəyəm, belə bir siyasət yürütməyəcəyəm. Çankaya Köşkündə görüşməyi üstün tuturam, çünki cənab Ərdoğanın orada iş otağı var. Və bu ölkənin problemlərini həll edəcəyik" deyib.

O, həmçinin xüsusi və sərt müxalifət edəcəklərini, lakin nəzakət və hakimiyyətə hörmət məsələlərində sayğılı olacaqlarını vurğulayaraq deyib: “Əgər mən millətin təyin etdiyi bir şəxsi görməzliyə vursam, öz bələdiyyə sədrlərimə məhəl qoymamaq riskinə girirəm. Bu düzgün deyil" .

Hökumətlə dialoq kanallarının açıq saxlanılması lazım olduğunu vurğulayan Özəl, Ərdoğana zaman-zaman birlikdə işləməli və məsləhətləşməli olduqlarını izah edəcəyini söyləyib.

Partiyaya mesaj verən CHP sədri “Partiyada kim varsa, vəzifəsini yerinə yetirəcək. Heç kim başqasının quyusunu qazmaz” deyə bildirib.

Özəl sonda qeyd edib ki, köhnə xəstəliklərin təkrarlanmasına səbəb olan heç kəsin gözünün yaşına baxmayacaq: "Köhnə xəstəliklər və daxili çəkişmələrlə Türkiyənin gələcəyini heç kimə güzəştə getməyəcəm" .