Günərzi mərkəzləri çox uğurlu sosial proqramdır - Mehriban Zeynalova

Məqsəd uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısını almaqdır

Həm də çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışı təmin edilir

  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sifarişi ilə icra olunan layihələr əsasında 30 şəhər və rayonda günərzi qayğı mərkəzləri fəaliyyətə başlayıb. Nazirliyin rəsmi səhifəsində yer alan məlumata görə, Gəncə, Mingəçevir, Şəmkir, Ağsu, Ağdaş, Astara, Ağdam, Beyləqan, Bərdə, Cəlilabad, Göygöl, Goranboy, Xaçmaz, Qax, Qazax, Quba, Lənkəran, Masallı, Naftalan, İsmayıllı, Samux, Sabirabad, Salyan, Şabran, Şirvan, Ucar, Qax, Qazax, Tovuz və Zaqatalada yaradılan günərzi qayğı mərkəzlərində ümumilikdə 900 uşağa xidmət göstəriləcək. Məlumatda qeyd edilir ki, günərzi mərkəzlərdə xüsusi qayğıya ehtiyacı olan uşaqların, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin korreksiya, abilitasiya, reabilitasiya və s. xidmətlərlə, psixoloji dəstəklə təminatı nəzərdə tutulub. Habelə mərkəzdəki uşaqlara sosial inklyuziyanın təmin edilməsi, maraq və qabiliyyətləri nəzərə alınaraq müxtəlif dərnəklər vasitəsilə özünəxidmət qabiliyyətlərinin artırılması və təxəyyüllərinin inkişaf etdirilməsi üçün xidmətlər göstəriləcək.
  “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Sherg.az"a açıqlamasında qeyd etdi ki, bu layihə uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi daşıyır:

" Hazırda ixtisaslaşdırılmış sosial xidmət müəssisələri tərəfindən uşaqların münasib yaşayış şəraiti, sığınacaq və reinteqrasiya xidmətləri ilə təmin edilməsi, təhsilin və peşə hazırlığının, sosial reabilitasiyasının təşkili, onlara hüquqi, psixoloji yardımın göstərilməsi və digər tədbirlər həyata keçirilir. Uşaqlarla bağlı dövlət siyasətinin əsas hədəflərindən biri uşaq müəssisələrində yaşayan uşaqların ailə mühitində böyüməsinin təmin edilməsi, eyni zamanda onların stasionar uşaq müəssisələrinə düşməsinin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsidir. Uşaq müəssisələrinə düşmək riski olan 3234 uşaq müxtəlif şəhər və rayonlarda təşkil edilən günərzi qayğı mərkəzlərində xidmətlərə cəlb olunub artıq".
  M.Zeynalova bildirdi ki, günərzi mərkəzlərinin təşkili çox uğurlu sosial proqramdır:
" Bir neçə ildir bu mərkəzlər fəaliyyət göstərir. Sayları getdikcə artırılır. Ailələr üçün kifayət qədər yaxşı dəstək proqramıdır. Müxtəlif kateqoriyadan olan uşaqlar üçün nəzərdə tutulur. Yaxşı olardı ki, regionlarda Günərzi Mərkəzlərlə bağlı məlumat əlçatan olardı. Bəzi hallarda ərazi üzrə əhalinin az bir qismi məlumatlı olur. Buna da səbəb konkret rəqəm, mərkəzin, məsələn, 30 uşaq üçün nəzərdə tutulmasıdır. Ona görə də mərkəz daha çox uşağı qəbul edə bilmir. İkinci vacib məsələ, layihəni icra edən işçi qrupunun peşəkarlığının artırılmasıdır. Bu sahədə məlumatlı, həssas qrupla işləmək bacarığı olan kadrların yetişdirilməsi və sertifikasiyadan keçməsi yaxşı olardı. Üçüncü vacib amil, yaxşı olardı ki, günərzi mərkəzlər sığınacaqlarla sıx işləsin. Çünki bəzi hallarda sığınacağa yerləşdirilmiş şəxslərin öz ərazisinə qayıtması prosesində problemlər yaşanır. İşləyən qadınlar var və onlar öz ərazilərinə qayıtdıqda və işə başladıqda övladları nəzarətsiz qalır. Geri dönüş prosesində ilkin dövr çətin hesab edilir. Çalışmaq lazımdır ki, qadınlar günərzi mərkəzlər barədə xəbərdar olsunlar, övladlarını mərkəzə həvalə edə bilsinlər. Günərzi mərkəzlərinin hansı ərazilərdə olması və onların telefon nömrələrini bilmək bizə vacibdir, bölgələrdən dəstək üçün müraciət edənlərə məlumatları ötürə bilək. Müraciət edənləri biz adətən Sosial Xidmətlər Agentliyinə istiqamətləndiririk. Amma yaxşı olar ki, elə birbaşa günərzi mərkəzlərlə əlaqə saxlayıb ora istiqamətləndirək. Bir də belə mərkəzlərin fəaliyyətində fasilələr olmamalıdır. Əksər vaxt müəyyən fasilələr yaranır, bu isə ehtiyacı olan insanları çıxılmaz vəziyyətdə qoyur".
  Bəs valideyn bir günlük, bir neçə saatlığına uşağını ora qoya bilərmi, vacib işi olarsa. Məsələn, harasa getmək, yaxud da ailədə elə bir vəziyyət yaranar ki, uşağı evdən müvəqqəti uzaqlaşdırmaq lazım gələr. Bu halda günərzi mərkəzinə apara bilər uşağını? Suala cavabında M.Zeynalova qeyd etdi ki, valideyn uşağı səhər 8-dən axşam 8-ə kimi ora qoya bilər:
"Yox, bu, bir neçə saatlıq deyil. Adətən uşaqlar və ailələrinin qiymətləndirilməsi aparıldıqdan sonra mərkəzə qəbul edilirlər. Ən vacib ehtiyacları olan uşaqlar seçilir. Əlillyi olan, baxımsız vəziyyətdə qalan, zorakılıq qurbanı olan uşaqlar və s. Məsələn, ola bilsin, əlilliyi olan övladına valideyn adətən özü qulluq edir, amma hansısa zərurət yarananda, o, mərkəzə müraciət edə bilər. Məhz elə ona görə nəzərdə tutulur ki, valideynlər işləyə bilsin, digər fəaliyyətlərlə məşğul olsun, uşaqlar isə mütəxəssis dəstəyi alsınlar. Çünki mərkəzlərdə pedaqoq, psixoloq, loqoped və digər mütəxəssislər çalışırlar. Proqram həqiqətən gözəldir, sadəcə təəssüf ki çoxdan davam edən bu proqramdan az adam xəbər tutur. Demək, geniş təbliğ etmək lazımdır".