6 ay Azərbaycanda yaşamış bir şəxsdən maksimum dərəcədə informasiya almağa cəhd edəcəklər
“Aylar sonra Qarabağdan Ermənistana qayıdanlar arasında bircə Sarkis Qalstyan casusluqda ittiham edilir. Başqa birinə qarşı belə ittiham irəli sürülməyib”. Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb. S.Qalstyanın vəkili bildirib ki, istintaqın həssas olduğunu nəzərə alaraq hazırda məlumatları açıqlamaq doğru olmaz: “Düşünürəm ki, cəmiyyət bu məsələni anlayışla qarşılayacaq. Zamanı gələndə hər kəs hər şeyi biləcək”. Vəkil cinayət işinin Qalstyan Ermənistana gəlmədən öncə açıldığı, onun əleyhinə sübutlar toplandığına dair iddialara aydınlıq gətirib: “İstintaq prosesi Sarkis Qaltsyan Ermənistana qayıtdıqdan sonra başladı. Əgər qayıtmasaydı, bu baş verməyəcəkdi. Onun casus fəaliyyətinə dair Ermənistan hüquq-mühafizə orqanlarında məlumat olsaydı, əvvəldən prosesə başlayar, müəyyən dəlillər toplayardılar”.
Qeyd edək ki, 2023-cü ilin sentyabrında Azərbaycan ordusunun keçirdiyi antiterror əməliyyatlarından sonra Qarabağdan köçməkdən imtina edən keçmiş qondarma rejimin nümayəndələrindən Sarkis Qalstyan və həyat yoldaşı aprelin 3-də Ermənistana qayıtmaq istəyərkən Gorusda saxlanılıb. O, casusluqda ittiham edilir. Antiterror əməliyyatlarından sonra Sarkis Qalstyanın Bakı tərəfindən “Xankəndidəki ermənilərin nümayəndəsi” təyin edilməsi xəbəri yayılsa da, qardaşı bunu təkzib etmişdi.
Sarkis Qalstyanın həbsi Ermənistana niyə lazımdır? Bununla nə əldə etməyə çalışırlar?
Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyinin sədri, əslən Qarabağdan olan həmkarımız, “Müharibənin torpaq altında qalan izləri” layihəsinin rəhbəri Asəf Quliyev “Sherg.az"a açıqlamasında Sarkis Qalstyanın həbsinin gözlənilən olduğunu dedi:
" S.Qalstyanın Ermənistana qayıdandan sonra həbsi gözlənilən idi. Sözsüz ki, Ermənistan xüsusi xidmət orqanları üçün Sarkis Qalstyan ilk növbədə informasiya mənbəyidir. Onlar 6 ay Azərbaycanda yaşamış bir şəxsdən maksimum dərəcədə informasiya almağa cəhd edəcəklər. Onun Azərbaycan hakimiyyət orqanları ilə əməkdaşlıq etməsi isə başqa bir motivdir. Bu barədə Azərbaycan hakimiyyət strukturları heç bir rəsmi məlumat verməyib və Sarkis Qalstyanın hər hansı bir formada əməkdaşlığa cəlb edildiyini təsdiq edən heç bir sübut yoxdur. Bunu ancaq onun öz ifadələri ilə təsdiq və ya təkzib etmək olar. Əgər doğrudan da Sarkis Qalstyan Azərbaycan hakimiyyət strukturları ilə əməkdaşlıq edibsə, bu, informasiya mənbəyi kimi onun “dəyərini” ikiqat artırmış olur. Əgər S.Qalstyan, doğrudan da, Azərbaycan hakimiyyət strukturları ilə əməkdaşlığa görə saxlanılıbsa, bu, Ermənistan dövləti üçün biabırçı bir faktdır. Belə çıxır ki, Azərbaycanda dinc yaşamaq üçün bu gün burada olan istənilən erməni millətinə mənsub şəxsi Ermənistanda həbs gözləyir. Bu, insan hüquq və azadlıqları prizmasından baxanda çox xoşagəlməz bir hal kimi yozulmalıdır. Buna görə də güman edirəm, S.Qalstyan bir müddət sonra azad ediləcək. Sadəcə əvvəldə dediyim kimi, Ermənistan xüsusi xidmət orqanları lazım olan informasiyaları ondan almağa çalışır".
S.Qalstyanın Azərbaycan hökuməti tərəfindən Xankəndi ermənilərinin nümayəndəsi təyin edilməsinə gəlincə, A.Quliyev bu barədə rəsmi heç bir məlumatın olmadığını, rəsmi qaydada nə təsdiq, nə də təkzib edildiyini bildirdi və əlavə etdi:
"Bu barədə ancaq erməni mənbələri yazmışdı. Bu barədə ilk məlumatı mən araşdırmaçı-jurnalist Tatul Hakopyandan almışdım".