Zəlzələ olarsa…

Mütəxəssislər güvənli yerlərin axtarışına çıxıblar

  Mütəxəssislərin zəlzələ təhlükəsi xəbərdarlıqları hər keçən gün daha da artdığından insanlar “zəlzələ zamanı harada gizlənə bilərik” sualı ətrafında çox düşünür. Adətən yeraltı keçidlər, metronun daha güvənli olduğu bildirilir. Qardaş ölkə Türkiyədə də zəlzələ təhlükəsi real hesab edildiyindən mütəxəssislər İstanbulda güvənli yerlər axtarışına çıxıblar. Və maraqlı məlumatlar əldə ediblər. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, İstanbulda hazırda ən güvənli yer Avrasiya tuneli hesab edilir. Türkiyənin Çevrə, şəhərçilik və iqlim dəyişikliyi naziri Mehmet Özhasəki, dekabr ayında verdiyi açıqlamada İstanbulda 6 milyona qədər bina, 1,5 milyona yaxın da iş yeri olduğunu bildirib. Və binalardan 600 mininin təhlükəli olduğunu deyib. Gün ərzində 2 milyon insan İstanbul metrosundan istifadə edir. Həmçinin Avrasiya tuneli də yeraltı nəqliyyat yoludur. Sual ortaya çıxır ki, yerin təkinə daha yaxın olan bu tikililər zəlzələ zamanı güvənli, yoxsa əksinə, daha az güvənlidir? Qazi Universitetinin İnşaat mühəndisliyi bölümünün professoru Sami Oğuzhan Akbaş bununla bağlı danışıb: “Metro xətləri, Avrasiya tuneli baş verə biləcək ən güclü zəlzələlər nəzərə alınaraq inşa edilib. Avrasiya tuneli yerin 106,4 metr dərinliyində, Mərmərə dənizinin altından keçən 2 qatlı bir tuneldir. Və çox güvənlidir. İnsanlar mənzillərindən daha çox bu tunelə güvənə bilər. Avrasiya tunelinin inşasında zəlzələ təhlükəsi nəzərə alınaraq “seysmik qolbaqlar”dan istifadə edilib. Buna görə də tunel 500 ildən bir baş verə biləcək zəlzələyə qarşı davamlıdır. Hətta 2 min 500 il keçsə də, tunelin inşasında riayət edilən təhlükəsizlik şərtləri onu sabit saxlayacaq. Avrasiya tuneli seysmik faylar üzərində deyil. Bu faylardan 16 kilometr uzaqdadır. Bu da onu təhlükəsiz edir”.