Qızılhacılıdan olan kəşfiyyatçı: İntiqam hissi ilə yaşayırdım...

Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib.
"Sherg.az" xəbər verir ki, bu barədə aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə razılıq əldə olunub.

Belə ki, delimitasiya prosesinin ilkin mərhələsində Tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) – Bağanıs Ayrım (AR), Voskepar (ER) – Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) – Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən Qızılhacılı kəndindən olan Qarabağ qazisi, hərbi kəşfiyyatçı, baş leytenant Əliyev Namiq deyib ki, o, müharibədə iştirak edəndə kəndini işğaldan azad etmək arzusunda olub:

"Qazax rayonunun Qızılhacılı kəndi 53 yaşayış evindən ibarət olub. Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilik idi. Kəndimiz Göyəzən dağının ətəyində sərin bulaqları, göy yaylaqları olan gözəl ərazidə yerləşir.

1992-ci ildə kəndimiz ermənilər tərəfindən işğal olunanda 3-5 günə kimi qısa zamanda kəndimizı işğaldan azad edib qayıtmaq ümidində idim. Çətin və şərəfli hərbi həyatım elə həmin tarixdən başladı. Doğulduğum evin yanmasının, böyüdüyüm kəndin dağıdılmasının, viran olmuş vətənimin, şəhid olmuş döyüşçü qardaşlarımın intiqamı ilə yaşadım.
Məni döyüşdən döyüşə aparan, kəşfiyyatçı olmağıma səbəb olan o intiqam hissi idi.
1994-cü ilin may ayında atəşkəs elan edildikdən sonra Prezident Heydər Əliyevin təşəbbüsü ilə Silahlı Qüvvələrimizin NATO taktiki döyüş təlimlərini öyrənmək üçün Türkiyəyə, Quru Qoşunları Tuzla Piyada Məktəbinə göndərildim. Orada hərbi bilikdən əlavə türk komandirlərindən mənəvi dəstək də aldım. Türk komandirlər daim mənə "Əvət, oğlum, muhakkak bir gün biz o torpaqları azad edəcəyik" deyərdilər. Həqiqətən bu belə də oldu. Şükür ki, illər gəncliyimi məndən alsa da, kəndimizin işğaldan azad olunma xəbərini eşitdim . Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm". 

Qızılhacılı sakini fikirlərini Məmməd Arazın bu sözləri ilə tamamladı:

"Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim".

Yusif Məmmədxanlı