Toya saatlar qala tərk edildi

O isə dahi oldu, 9 tonluq qapı sadəcə bir barmaqla açılır

  Toyuna 1 gün qalmış nişanlısı tərəfindən tərk edilən Edvard Leedskal dünyaya kədərlə mübarizə aparıb dahi olmağın örnəyini təqdim edib. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən məşhur Mərcan Qalasının memarı Edvard Leedskalın həyat hekayəsini oxucularla bölüşür. Edvard Leedskal Latviyada anadan olub. Nişanlısı tərəfindən tərk edilən Edvard əvvəlcə Kanadaya, sonra ABŞ-nin Kaliforniya ştatına, daha sonra Texasa köçüb. Burada vərəm xəstəliyinə tutulub, özünü müalicə etmək üçün daha isti iqlimi olan Floridaya köçüb. Elə burada da nakam eşqinin məbədini inşa etməyə başlayıb. Özünə qapanmayıb, düşüncələrinin əsiri olmayıb. Qollarını çırmayıb işə girişib. Mərcan qayalıqlarından material kimi istifadə etməyə başlayıb. Məqsədi bir qala inşa etmək olmayıb. Mərcan qayalıqlarından ibarət böyük bir park salıb. Parkın girişində 9 tonluq nəhəng qaya parçasından qapı düzəldib. Nəhəng qapı sadəcə, barmaq ucunu toxundurmaqla açılır. Parka girənlər buradakı gözəlliyə heyran qalır. Park hilal formasında inşa edilib. Burada daim şimal qütbünə işarə edən teleskop, Sevgililər Günü münasibətilə düzəldilmiş bir masa var. Qəribə olan, mərcan daşlarının təmas olmadan dik dayanmalarıdır. İşin sirri fizika qanunlarındadır. Edvard Leedskal mərcan daşlarını fiziki gücü nəzərə alaraq elə yerlərdə yerləşdirib ki, onlar yerə təmas etmədən, yerə toxunmadan asılı vəziyyətdə qalıblar. Edvard burada 30 il çalışıb. Və bu illər ərzində kimsənin parka daxil olmasına izn verməyib. Heç kimdən kömək də almayıb. Ağır daşları o, yerindən təkbaşına necə tərpədib? Bunun sirrini Edvarddan savayı kimsə bilmir. Mərcan Qalasını inşa edib qurtardıqdan sonra Edvard xəstələnib. Qalanın qapısına “xəstəxanaya gedirəm” yazılmış lövhə asıb. 3 gün sonra isə yuxuda ikən həyatla vidalaşıb. 1980-ci illərdə Mərcan Qalasını ziyarət edən məşhur rok ifaçısı Billi İdol isə Edvard və onu tərk etmiş nişanlısının xatirəsinə “Sweet Sixteen” adlı mahnı bəstələyib.