Telefonda vaxt keçirmək: Təzyiq xəstəliyinin əsası...

Elm də sübut edib

Gündə cəmi 45 dəqiqə telefonda vaxt keçirmək və sosial medianı izləmək təzyiq xəstəliyinin əsasını qoyur

  Gündə 30 dəqiqədən artıq telefonla danışmaq və sosial şəbəkələrdə vaxt keçirmək təzyiqə təsir edir.
  Medicina.az- xəbər verir ki, kardioloq Yevgeni Şlyaxto telefonun müasir insanlara təzyiq problemi yaratmasından danışıb:
Mütəxəssisin sözlərinə görə, bu vərdişə meyilli insanlarda arterial hipertoniyaya tutulma ehtimalı digərləri ilə müqayisədə 12 faiz çoxdur:
"Təzyiqi yüksək olanlar oturaq həyat tərzi yox, aktiv fiziki həyat seçməlidir. Əgər təzyiq mütəmadi 140-dırsa, idman, gəzinti, üzgüçülük, velosiped sürmək lazımdır. Məşq təzyiqi 1-2 sutka normal saxlayır, ona görə də mütəmadi idman lazımdır. Amma buna baxmayaraq, təzyiq dərmanlarını da müntəzəm içməlisiniz".
  Terapevt İlahə İskəndərova isə “Sherg.az"a açıqlamasında deyib ki, hipertoniya xəstəliyi arterial təzyiqin normada müəyyən olunmuş rəqəmlərdən yüksək olmasıdır: “Arterial təzyiq 140/90 mm.c.st aşarsa, bu, hipertoniya hesab olunur. Yüksək arterial təzyiq daha çox 40-80 yaşlarda rast gəlinsə də, daha gənc insanlarda da müşahidə oluna bilir. Yüksək arterial təzyiqə nəzarət edilmədikdə sağlamlığa ciddi zərər vurur. Bu vəziyyət damarları, ürəyi və digər orqanları əlavə stresə məruz qoyur. Hipertoniya zamanı infarkt, müxtəlif damarların cırılması, beyin zədələnməsi, insult, böyrək çatışmazlığı, görmə problemləri. Torlu qişaya qan sızmaya, korluq, anevrizma kimi ağırlaşmalar müşahidə olunur. Sağlam qidalanma, müntəzəm fiziki aktivlik, stresi idarə etmək, tütün və həddindən artıq spirt qəbulundan qaçınmaq kimi həyat tərzi dəyişiklikləri qan təzyiqini normada saxlamağa və ağırlaşmaların qarşısını almağa kömək edə bilər”.
  Mobil telefondan aşırı təzyiqə təsirinə gəldikdə isə terapevt deyib ki, bu, elmi araşdırmalarla sübut olunmuş bir faktdır. Onun sözlərinə görə, telefon danışıqları və sosial media qan təzyiqinə mənfi təsir edir. Gündə cəmi 45 dəqiqə telefonda vaxt keçirmək və sosial medianı izləmək təzyiq xəstəliyinin əsasını qoya bilir.
Bütün günü baş ağrılarından şikayətlənən insanların başının ağrımasının da səbəblərindən biri uzun müddət telefonla danışmaqdır.
  Ürək sağlamlığı üçün insanların telefonla danışmağa sərf etdiyi dəqiqələrin sayı vacibdir: dəqiqələr nə qədər çox olarsa, hipertoniya riski də bir o qədər yüksəkdir. Bu isə gələcəkdə ürək xəstəliyi deməkdir. İstər dostunuzla telefonda danışırsınız, istərsə də iş üçün söhbət edirsiniz, sərf olunan vaxtı minimuma endirmək tövsiyə olunur.
  Terapevt hesab edir ki, telefonla danışmağa limit qoyulması bir qədər mümkünsüz olsa da, nə qədər az danışsaq, bir o qədər özümüzə xeyir etmiş olarıq: “Telefon dalğalarına daha çox məruz qalmaq vücudun hər nahiyəsində yerləşən xəstəlik yataqlarını canlandırır. Bu şüalardan az da olsa, yayınmaq üçün telefonla danışarkən qulaqcıqlardan istifadə edilməsi və telefonların çantada daşınması vacibdir. Yatanda da telefonu yaxında saxlamaq olmaz. Elektromaqnit şüalanma bioritmlərimizə təsir edir ki, bu da özlüyündə yuxusuzluğa və tez-tez gecə oyanmasına səbəb olur. Mobil qurğular demək olar ki, bütün bədənimiz tərəfindən udulan radiotezlik enerjisi yayır. Bu da, təkcə qan təzyiqi deyil, həm də görmə, yaddaş, eşitmə və psixo-emosional vəziyyətə mənfi təsir göstərir”.