Cəmiyyət dəyişməlidir, yoxsa heç bir qanun işləməyəcək! - AÇIQLAMA

Əvvəllər məişət zorakılığı heç bu qədər çox deyildi

Müddətin artırılması və orderlərin verilməsi səlahiyyətinin polis orqanlarına həvalə edilməsi təklifi müsbət addımdır

  Qısamüddətli mühafizə orderlərinin verilməsi səlahiyyətinin polis orqanlarına həvalə edilməsi və orderin müddətinin artırılması təklif olunur.
Bu məsələ  Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatı”nda əksini tapıb.
  Dövlət Komitəsi həmçinin “Ailə planlaşdırılması və reproduktiv sağlamlıq haqqında” qanunun qəbul edilməsini də vacib sayıb.
Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu isə “Sherg.az"a açıqlamasında deyib ki, cəmiyyətin özündə dəyişiklik olmasa, heç bir qanun işləməyəcək:

“Cəmiyyətimiz çox biganələşib. Əvvəllər heç məişət zorakılığı çox deyildi, olsa da  bu dərəcədə yayılmamışdı. Ailədə problem olanda da, ata-analar gəlir, danışır, öz məsləhətlərini verir, problemi aradan qaldırmağa çalışırdılar. İndi isə hər gün olmasa da, məişət zorakılığının, xüsusilə də qadınların bu təsirə məruz qaldığının şahidi oluruq.  Hətta mühafizə tələb edən şəxslər mühafizə müddəti bitdikdən sonra da belə, ərləri, keçmiş ərləri, digər qohum-qardaşları tərəfindən müəyyən təzyiqlərə məruz qalırlar. Ona görə də Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin iclasında bu məsələnin müzakirə olunmasını  müsbət dəyərləndirirəm. Bildiyimə görə, müvafiq icra hakimiyyəti orqanı müraciət edilən vaxtdan bir gün müddət keçənədək zorakılığı törədən şəxsə xəbərdarlıq edir və dərhal zərər çəkmiş şəxsə bir  ay müddətinədək qısamüddətli mühafizə orderi verir.  Bu müddətin artırılması və orderlərinin verilməsi səlahiyyətinin polis orqanlarına həvalə edilməsi təklifi müsbət addımdır. Məişət zorakılığına görə tətbiq olunan sanksiyalar sərt olmadığından bu kimi əməllərin qarşısını adekvat ala bilmir. Ümid edirəm ki, təklif olunan dəyişikliklər bu sahədəki problemləri həll edə bilər”. 
  Hüquq müdafiəçisinin sözlərinə görə, bütün dünyada mühafizə orderi hüquq-mühafizə orqanları tərəfindən tətbiq edilir və buna da operativ təsir göstərilir: “Mühafizə orderlərinin icra strukturları tərəfindən verilməsinə baxmayaraq, hüquq-mühafizə orqanları sığınacaqlar və təhlükəsizlik məsələləri barədə kifayət qədər məlumatlıdırlar. İcra strukturları mühafizə orderlərini ilkin 30 gün müddətinə versələr də, onun təsir dairəsi və təhlükəsizlik mexanizmi məsələsi yetərincə təmin olunmur”.
  Qeyd edək ki, "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunda Mühafizə Orderi adlı bəndi var. Zərər çəkmiş şəxsə qısamüddətli və ya uzunmüddətli mühafizə orderi verilə bilər. Qısamüddətli mühafizə orderində məişət zorakılığını törətmiş şəxsə məişət zorakılığının təkrar törədilməsi, yeri məlum olmadıqda həmin şəxsin axtarılması, ona qarşı narahatlıq gətirən digər hərəkətlərin edilməsi qadağan edilir. Uzunmüddətli mühafizə orderində isə əlavə olaraq məişət zorakılığını törətmiş şəxsin yetkinlik yaşına çatmamış uşaqları ilə ünsiyyət, yaşayış sahəsindən və ya birgə əmlakdan istifadə qaydalarının müəyyən edilməsi əksini tapıb.
  Qanunun tələbinə görə, məişət zorakılığı törətmiş şəxsin hərəkətləri cinayət məsuliyyəti yaratmadıqda, lakin bu hərəkətlər nəticəsində zərər çəkmiş şəxsin hüquqları və qanuni mənafeləri pozulduqda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin şəxsə yazılı xəbərdarlıq edilə və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderi verilə bilər. Müvafiq icra hakimiyyəti orqanı müraciət edilən vaxtdan 24 saat keçənədək zorakılığı törədən şəxsə xəbərdarlıq edir və dərhal zərər çəkmiş şəxsə 30 gün müddətinədək qısamüddətli mühafizə orderi verir. Şəxsin qısamüddətli mühafizə orderinin tələblərinə əməl etməməsi uzunmüddətli mühafizə orderinin verilməsi üçün əsas ola bilər. Uzunmüddətli mühafizə orderi isə 30 gündən 180 gün müddətinə verilir. Bu orderin verilməsi barədə məhkəmə qərarının çıxarılması qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.