Şıdırğı sərlövhə yarışı gedir, aldanan isə oxuculardır

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

Yalan yazma, a dost...

Saytlar İP uğrunda amansız mübarizəyə qoşulub. Nəticədə çox zaman peşəkarlıq arxa plana keçir

  Kütləvi İnformasiya Vasitələrində oxucuların diqqətini çəkən ilk amil yazılara qoyulan başlıqlardır. Günümüzdə isə media orqanlarında gedən yazılara baxdıqda müxtəlif formada başlıqlara rast gəlirik. Bəzən elə olur ki, xəbər başlığı informasiyanın özündən daha maraqlı olur. Bir sıra hallarda isə seçilən başlıqlar oxucuları aldatmaq məqsədi daşıyır. Sərlövhə gözəl olsa da, oxucu yazıda başlığa aid heç nə tapa bilmir. Mediada yanlış, çaşdırıcı, açıq-saçıq başlıqlar verməklə faktiki olaraq oxucunun aldadılması halları müşahidə olunur. Belə başlıqlarda bəzən faktlar təhrif olunur, bəzən milli dəyərlərə sayğısız yanaşılır, bəzən isə insan hüquqları pozulur.
  Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli sözügedən problemin kifayət qədər aktual olduğunu deyib: “Həqiqətən də, ayrı-ayrı media subyektlərinin təqdim etdiyi məqalələrdə çox vaxt başlıqla mətnin məzmunu uyğun gəlmir. Başlıq insanı cəlb edir, oxuyursan, sona çatanda görürsən ki, başlıqda təqdim edilən nüans məqalənin məzmununda yoxdur. Yaxud məzmundakı fakt başlıqda çox şişirdilmiş formada təqdim edilib. Əlbəttə, məqalənin başlığı maraqlı olmalıdır, oxucunu, dinləyicini, tamaşaçını cəlb etməlidir. Amma istənilən halda başlıq məqalənin məzmununa uyğun olmalıdır. Sadə dildə ifadə etsək, məqalənin başlığı onun məzmununun qısa anonsudur; oxucu başlığı oxuyanda məqalədə nədən bəhs edildiyi barədə təsəvvürü formalaşmalıdır. Elmi nəzəriyyələr, təlimatlar və kodekslər təlqin edir ki, başlıq məqalənin məzmununa uyğun olmalıdır və oxucuda ilkin təəssürat yaratmağa xidmət etməlidir. Amma yuxarıda qeyd etdiyimiz kimi, bəzi media subyektlərində fərqli təqdimatlardan istifadə edilir. Fikrim belədir ki, bu, daha çox peşəkarlıq problemidir. Peşəkar jurnalist və ya peşəkar media subyekti aldadıcı başlığı verməklə, oxucunun, dinləyici və ya tamaşaçının etimadını pozmaz. Belə ucuz metodla oxucunu bir və ya iki dəfə aldadarsan, amma yekunda öz auditoriyanı itirərsən. Oxucu aldanıldığını görəndə, sənin qeyri-peşəkar olduğunu anlayacaq, növbəti dəfə etimad göstərməyəcək, sənin məhsulunu almayacaq. Bu cür yanlış təqdimatlara qarşı necə mübarizə aparmaq məsələsinə gəlincə, qeyd edə bilərəm ki, yanlış təqdimat forması seçən jurnalist və media subyektləri üçün ən böyük cəza auditoriyanın etimadsızlığıdır. Media kommersiya subyektidir. Yanlış yol seçsən, bazarı itirərsən və məhvə məhkum olarsan. Beynəlxalq nəzəriyyələr də təsdiq edir ki, media subyektləri üçün ən ağır nəticələrdən biri ona qarşı etimadsızlıqdır. Yəni bu cür məsələlərdə heç də həmişə hüquqi tənzimləmə mexanizmindən istifadə edilmir. Hüquqi tənzimləmə o zaman aktual olur ki, yanlış formada təqdim edilmiş başlığın məzmunu hansısa hüquq pozuntusu ilə müşayiət olunsun. Kiminsə haqqında tamamilə yanlış məlumat yaysan, məsələn, adama böhtan atsan, təhqir etsən və yaxud digər bir formalı yanlış məzmun və ya başlıq tərtib etsən, onda müvafiq qanun üzrə hüquqi cəza ala bilərsən. Yuxarıda təqdim etdiyimiz nümunə - təhqir və böhtan konkret olaraq Cinayət Məcəlləsinin 147/148-ci maddələri ilə məsuliyyət doğurur. Bir məqam da var ki, burada şikayət olunmalıdır. Məsələn, sizin sualınızda əks edilmiş müğənni Elnarə barəsində yanlış informasiya verildiyi faktına istinad etsək, əgər o, hansısa xəbər resursunda təhqir olunduğunu düşünürsə, faktı mübahisələndirə bilər, müvafiq hüquq-mühafizə orqanına, məhkəməyə müraciət edə bilər. Qanunun media üzrə müvafiq maddələrinin işlək olması üçün həmin maddələr üzrə hüququnun pozulduğunu görən tərəf müraciət etməlidir.
  Bu cür hallara qarşı məsul qurumlardan birincisi, əslində, Mətbuat Şurasıdır. Şuranın tərkibində şikayətlər komissiyası fəaliyyət göstərir. Vətəndaşlar media subyektlərində rastlaşdıqları pozuntularla bağlı Mətbuat Şurasına müraciət edə bilirlər və Şura müraciətdə əks olunan faktı araşdırıb müvafiq rəy verir.
Əgər şikayətçi tərəf Mətbuat Şurasının fakt üzrə verdiyi rəylə qane olmursa, məhkəmələrə müraciət edə və prosesi davam etdirə bilər”.
  Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri, “Yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə isə "Sherg.az"a açıqlamasında deyib ki, başlıq yazının məzmununa uyğun olmalıdır. Amma çox vaxt bunun əksinin şahidi oluruq:

“Hazırda saytlar arasında İP uğrunda amansız mübarizə gedir. Nəticədə çox zaman peşəkarlıq arxa plana keçir. Mediada yanlış, çaşdırıcı, milli dəyərlərə zidd olan başlıqların yer alması da ilk növbədə bununla bağlıdır. Hamı bu “mübarizədən” qalib çıxmaq istəyir. Amma bu yarışmanın qalibi olmur, hamı məğlub olur. Çünki oxucunun, oxucunun timsalında isə cəmiyyətin mediaya inamı azalır. Nə qədər kədərli olsa da, etiraf etməliyik ki, indi media əvvəlki dövrdə olduğu qədər etibarlı institut deyil. Hesab edirəm ki, mövcud vəziyyətin yaranmasında təkcə birinci tərəf, yəni yazanlar günahkar deyil. İkinci tərəf, yəni oxucular da günahkardır. Biz öz səhvlərimizi etitaf edirik. Bəli, bəzən İP uğrunda mübarizədə peşəkarlığı arxa plana keçiririk. Hər kəs əmin olsun ki, heç bir jurnalist qeyri-ciddi yazılar yazmağa, açıq-saçıq başlıqlar qoymağa həvəsli deyil. Jurnalistləri buna “vadar” edən qüvvənin adı oxucudur. Doğrudanmı, oxucular ciddi, analitik mövzuda yazılan məqalələri oxumağa can atırlar? Şəxsən mənim buna şübhəm var. Əgər belə olmasaydı, Aygünün yanağından, Röyanın dodağından yazılan xəbərlərin baxış sayı on minlərlə ölçülməzdi. Media auditoriyanın maraq dairəsinə uyğun yazılar təqdim edir. Biz eyni vəziyyəti sosial problemlərin müzakirə olunduğu verilişlərə münasibətdə də müşahidə edirik. Hazırda ən çox baxılan verilişlər, ən çox söyülən verilişlərdir. Nə qədər ki, cəmiyyət söydüyü adamları ekran qarşısında əyləşib saatlarla izləyəcək, aldadıcı, qeyri-ciddi, açıq-saçıq başlıqları olan xəbərləri acgözlüklə oxuyacaq, yaxşılığa doğru heç nə dəyişməyəcək”.