Sərhəddə günlərlə gözləməli olan sahibkarlar - ŞƏRH

Keçid məntəqələrinin sayının artırılması öz yerində, amma əsas məsələ keçidin sürətlənməsidir

“Hazırda hər cür texnologiyanın yüksək inkişaf etdiyi bir zamanda gömrük-keçid məntəqələrində prosedurlar sadələşdirilməlidir. Amma əksinədir. Sadələşmək əvəzinə, daha da mürəkkəbləşir”

  Millət vəkili Siyavuş Novruzov Türkiyə, Gürcüstan və Rusiya ilə giriş-çıxış yollarının sayının artırılmasını təklif edib. Milli Məclisin növbəti toplantısında çıxış edən deputat bu ölkələrlə sərhəd-gömrük keçid məntəqələrinin sayının azlığı səbəbindən sıxlıq yarandığı, avtomobillərin, yük daşıyan irihəcmli avtomobillərin saatlarla, bəzən günlərlə gözləməli olduğunu deyib: - Azərbaycan Orta dəhlizin məsuliyyətini tam şəkildə öz üzərinə götürüb. Qədim İpək yolunun bərpası ilə əlaqədar addımlar atılır. Tək Rusiya ilə deyil, gələcəkdə Gürcüstanla da giriş-çıxış yollarının sayı artırılmalıdır. Biz tək bir yolla gediş-gəlişlə kifayətlənməməliyik. Bu, orada yaşayan azərbaycanlılar üçün də müsbət addım olar. Həmçinin Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsulları daşınır, bizə bəzi şikayətlər gəlir ki gecikirlər, məhsullar xarab olma dərəcəsinə çatır. Eyni zamanda Türkiyə ilə də keçid məntəqələrinin sayı artmalıdır”.
  İqtisadçı Fuad İbrahimov “Sherg.az"a açıqlamasında millət vəkilinin aktual məsələyə toxunduğunu dedi:
" Yeni keçid məntəqələrinin açılması təklifi müsbətdir. Amma bu, elə də asan məsələ deyil. Bu, coğrafi imkanlardan asılıdır. Coğrafi mövqe, relyef, infrastruktur imkanları uyğun olmalıdır. Hər iki tərəf üçün. Biz birtərəfli qaydada keçid məntəqələrinin sayını artıra bilmirik. Gərək qarşı tərəf də buna hazır olsun. Qarşı tərəfdəki coğrafi şərtlər, relyef buna imkan versin. Əlbəttə, şərtlər uyğundursa, keçid məntəqələrinin sayının artırılması faydalı və məqsədəuyğun olar. Rusiya ilə keçid məntəqələrinə gəldikdə, həm dəniz yolu, həm də quru yolla keçid var. Gürcüstanla sərhəd-gömrük keçid məntəqələrinin sayı rəsmi olaraq ikidir. Balakən, Qazaxda da “Qırmızı körpü”. Sərhəd-gömrük keçid məntəqələrinin sayının çox olması elastikliyin artmasına imkan verir. Həmçinin regionda ticarətin genişlənməsinə, hansı bölgəni əhatə edəcəksə, oranın sosial-iqtisadi gündəminə müsbət təsir edən amildir. Keçid məntəqələrinin sayının artırılması öz yerində, amma əsas məsələ keçidin sürətlənməsinin baş verməsidir. Hazırda hər cür texnologiyanın yüksək inkişaf etdiyi bir zamanda gömrük-keçid məntəqələrində prosedurlar sadələşdirilməlidir. Amma əksinədir. Sadələşmək əvəzinə, daha da mürəkkəbləşir. Sahibkarlar sərhəddə günlərlə gözləməli olur. Mal və məhsullar xarab olur, fermerlər ziyana uğrayır. İnsanlar nə qədər zaman itirirlər, əsəblər gərilir. Bu problemlər aradan qalxmalıdır".