İqtisadçı: Veteranlara verilən 80 manatı iki dəfə artırmaq olar 

Azərbaycan büdcəsi bu məbləği qaldıra bilər

Cəmi 80 manat olan veteran pulu nəqliyyat və digər xərcləri ödəmir.
APA xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Aqil Məmmədov deyib.
Deputat bildirib ki, veteran pulu ən son 2019-cu ildə artırılıb: “Veteranlar sual edir ki, niyə veteran pulunda artım olmur. Yaralanmış veteranlar və digərlərinin veteran pulunda niyə fərqlərin olmaması məsələsi də qaldırılıb”.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, postmüharibə dövründə həmin şəxslərə göstərilən sosial dəstək tədbirlərindən 105 mini sosial ödənişlərə aiddir: “Sosial ödənişləri mütəmadi nəzərdən keçirməklə yanaşı, onların sosial inteqrasiyası da diqqət mərkəzindədir. Onların ailə üzvlərinin məşğulluğunun təmin edilməsini, yaralanan veteranların reabilitasiyasını təşkil edirik. Məsələyə kompleks yanaşırıq. Konkret bu cür fərqlərin tətbiq edilməsi ilə bağlı isə müzakirələr apara bilərik”.

İqtisadçı ekspert, Natiq Cəfərli "Sherg.az"a bildirib ki, veteranlara verilən 80 manat kifayət qədər kiçik məbləğdir:

“Ölkədə 180 minə yaxın veteran var. Bu o qədər də böyük rəqəm deyil ki, 80 manatdan daha çox pul ödəmək mümkün olmasın. Düşünürəm ki, büdcəyə yenidən baxılacaqsa ödənişləri artırmaq mümkündür. İndiki halda 80 manatdan hesablasaq ayda veteranlara təqribən 14 milyon 400 min manat ödənilir. Bunu iki dəfədə artırmaq olar. Ayda təxminən 160 manat verilsə 29 milyon manata yaxın vəsait edir. Bu o qədərdə böyük məbləğ deyil. Azərbaycan büdcəsi bu məbləği qaldıra bilər.”