İlk dərs saatı Cümhuriyyətimizə həsr olundu

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

Azərbaycanın dövlət müstəqilliyini qazanmasında gənclərimizin rolu az olmayıb

Gənclərdə milli mənlik şüurunun inkişaf etdirilməsi istiqamətində ciddi işlər görülür


1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edilib. İstiqlal Bəyannaməsinin qəbul edilməsi ilə müsəlman dünyasında ilk parlament demokratiyası - Azərbaycan Xalq Cümhuriyyətinin əsası qoyulub. Azərbaycan Xalq Cümhuriyyətinin suveren ərazisi 114 min kvadrat kilometr idi. Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Milli Şurasının ilk sədri Məhəmməd Əmin Rəsulzadə olub. Xalq Cümhuriyyəti dövründə ilk dəfə qadınlara seçki hüququ verilib və qadın-kişi bərabərliyi təmin olunub, milli ordu yaradılıb, milli valyuta dövriyyəyə buraxılıb, milli bank təsis edilib. Demokratik dövlət olan yeni Cümhuriyyət beynəlxalq əlaqələr qurub  və beynəlxalq ictimaiyyət tərəfindən tanınıb. 23 ay yaşayan AXC 1920-ci il aprelin 28-də bolşevik işğalı nəticəsində devrilib. Uzun müddət, yəni sovet dövründə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları və onların fəaliyyəti qadağan olunub. Hətta Azərbaycan tarixçilərinə də Azərbaycan Xalq Cümhuriyyətinin adının çəkilməsi qadağan edilib. Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı bütün qadağalara son qoyulub. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün dövlət rəmzləri və himni bərpa edilib.
  Cümhuriyyətin adının özünə qaytarılması Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqillik dövründə Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı arxiv materialları açıldı, elmi işlər reallaşdı, həqiqətlər ortaya çıxdı. Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. 
  Azərbaycan Xalq  Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən cümhuriyyət, o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmən tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin edib.
  Hələ 106 il öncə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti zamanında gənclərdə milli mənlik şüurunun inkişaf etdirilməsi və onlarda vətənpərvərlik hisslərinin aşılanması istiqamətində ciddi işlər görülüb. Bu dövrdə Azərbaycan gəncliyində güclü milli mənlik şüuru və  vətənpərvərlik hissləri formalaşıb. Həmin gəncliyin əməyi nəticəsində çətin bir dövrdə azərbaycançılıq ideyası, dövlət və milli birlik anlayışı, vətən sevgisi, eləcə də ədəbiyyatı, mədəni nümunələri və s. formalaşdı. Sonrakı dövrdə də Azərbaycanın dövlət müstəqilliyini qazanmasında gənclərimizin rolu az olmayıb.
  Artıq 30 ildir ki, Azərbaycan Sovet imperiyasının zəncirlərindən azad olunub və müstəqil dövlət kimi formalaşıb. Hələ 1918-ci ildə boy göstərən və formalaşan milli mənlik şüuru, Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə yenidən yüksəliş dövrünə çatdı. Artıq ölkədə baş verən ictimai-siyasi hadisələr dəyişdikcə, gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başladı.
  Bu gün Azərbaycan gəncləri cəmiyyətin inkişafında fəal iştirak edir, mədəniyyət, incəsənət, iqtisadiyyat və digər sahələrdə nailiyyətlər qazanır, dövlətçiliyin möhkəmləndirilməsi prosesində yaxından iştirak edirlər. Xüsusilə hərb sahəsində şücaət göstərən Azərbaycan gəncliyini vurğulamaq lazımdır. Hazırda Azərbaycan Ordusu sıralarında Vətənin müdafiəsi kimi müqəddəs bir vəzifəni şərəflə yerinə yetirən şəxsi heyətin böyük əksəriyyətini gənclər təşkil edir. Bu gün orduda vətənpərvər, mənəviyyatca saf, fiziki cəhətdən sağlam gənclər xidmət edirlər.
  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  öz çıxışlarında həmişə qeyd edir: “Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın”.
Elə də oldu. İlham Əliyev ötən il  mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə deyib: “Gözəl gənc nəsil yetişdirdik – vətənpərvər, tərbiyəli, milli ruhda tərbiyə almış gənc nəsil. Həmin bu gənclər bizim torpaqlarımızı azad ediblər”, - söyləyən dövlətimizin başçısı qeyd edib ki, Laçını, Kəlbəcəri, o vaxt işğal altında olan digər torpaqları görməyən, bu bölgələrdən olan gənclər ölümə getməyə hazır idilər, ölümə də gedirdilər”.
  44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın tarixi Qələbəsi 105 ilin zirvəsindən baxanda qazandığımız uğurların ümumiləşdirilmiş ifadəsi kimi qeyd edilir. Hər bir hədəfə yüksək səviyyədə nail olan Azərbaycan bu gün müstəqilliyinin dönməzliyi, ərazi bütövlüyünün təmin olunması ilə qürurludur.
  Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi üçrəngli bayrağımız bu gün Qarabağda, Şərqi Zəngəzurda dalğalanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərləri davamlılığı ilə diqqətdədir. Hər bir səfərdə gələcəklə bağlı hədəfləri açıqlayan dövlət başçısı İlham Əliyev bu məkanlardan belə bir reallığı da diqqətə çatdırır ki, ancaq biz tam müstəqilik, heç kimdən asılı deyilik, öz həyatımızı özümüz qururuq. Təbii ki, bu fikirlər 106 illik yolun təqdimatı və təsdiqi kimi dəyərləndirilir. Azərbaycan bundan sonra da müstəqil siyasəti ilə biri-birindən əhəmiyyətli uğurlara imza atacaq.
  Qeyd edək ki, gənc nəslin milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin inkişaf etdirilməsi məqsədilə uşaq bağçalarında, məktəblərdə, kitabxanalarda Müstəqillik günü ilə bağlı tədbirlər keçirilir. İlk dərs saatları məhz bu günün yaradıcılarından və onların Cümhuriyyətimizin yaradılması  üçün keçdikləri keşməkeşli yollardan danışılır. 
 
 Millət vəkili Cavid Osmanov isə “Sherg.az”a açıqlamasında deyib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirib:

"İstiqlal Bəyannaməsi xalqımızın müstəqillik hisslərini daha da gücləndirib. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirib. 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərib. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılıb, dövlət atributları təsis olunub, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilib, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılıb. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırıb. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis olunub. Milli ordu qurulub və Qafqaz İslam Ordusu ilə birlikdə Bakı işğalçılardan azad edilib. Qısa müddət ərzində olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul olunub.
XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər görüb, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar edib. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salıb. 
Ulu Öndər Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirib, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaradıb. 
  Ulu Öndər  Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında bu gün  demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür".