Tozlu havanın önünü kəsmək mümkün deyil

Ekoloq: “Küçəyə çıxanda tibbi maskalardan istifadə etmək, eynək taxmaq məsləhətdir”

“Bu tozlu hava ağciyərlərə, gözə də ziyandır. Bunlar çox xırda hissəciklərdir və ağızdan nəfəs borusu ilə ağ ciyərlərə də nüfuz edir, göz qişasına da daxil olur. Görmə qabiliyyətini əngəlləyir”

  Bakı səmasını bürüyən toz dumanı hələ də çəkilməyib. 2 gündür havada tozun miqdarı yüksəkdir. Milli Hidrometeorologiya Xidməti havada tozun miqdarı ilə bağlı məlumat verib. Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasovaya istinadən bildirilir ki, avtomatik meteoroloji stansiyalardan əldə olunan məlumatlara görə, hazırda Bakı və Abşeron yarımadasında havada tozun miqdarı normadan 2.8-3.2 dəfə çoxdur. Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir və sinoptik şəraitlə əlaqədar olaraq şimal-qərb istiqamətli küləyin təsiri nəticəsində gün ərzində tozun miqdarının tədricən azalacağı gözlənilir. Mayın 26-da Bakı və Abşeron yarımadasında havada tozun konsentrasiyasında artım müşahidə edilib. Saat 19 radələrinədək havada tozun miqdarı normadan 1.5-1.7 dəfə artıq müəyyən edilmişdisə, saat 22 radələrində havada tozun miqdarının normadan 3-3.5 dəfə yüksək olması qeydə alınıb. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib ki, mayın 27-də sinoptik şəraitlə əlaqədar olaraq şimal-qərb küləyinin əsəcəyi və yağış yağacağı proqnozlaşdırıldığından gün ərzində havada tozun miqdarının tədricən norma həddinə düşəcəyi gözlənilir.
  Ekoloq Ənvər Əliyev “Sherg.az"a açıqlamasında qeyd etdi ki, havada müşahidə olunan toz xırda qum hissəcikləridir:

"Azərbaycan ərazisinə ümumilikdə 8 hava kütləsi daxil olur. Toz hissəcikləri cənub-şərq və şərq istiqamətindən daxil olan hava kütlələri vasitəsilə gəlir. Səhradakı qum tufanları zamanı qum hissəcikləri atmosferin ən yüksək qatına qalxır. Nizamsız şəkildə olur, amma hava kütlələri vasitəsilə başqa ölkə ərazisinə daxil olur. Orta Asiyadan gələn hava axınını ilk qarşılayan Abşeron yarrımadası, Bakıdır. Ona görə də qum hissəcikləri havada müşahidə edilir".
  Ə.Əliyev qeyd etdi ki, tozlu hava insan orqanizminə ziyandır:
"Əlbəttə, ürəkaçan durum deyil. Mənfi təsirləri çoxdir. Düşünə bilərik ki, nədir ziyanı, tox qatıdır, gəldi, külək sovurub aparacaq. Elə deyil. Məsələn, indi yağış proqnozlaşdırılır. Yağış yağsa, səhər avtomobillərin üzərində sarımtıl toz qatı görünəcək. Bu o deməkdir ki, havada tozun miqdarı nə qədər yüksək olub. Bu tozlu hava ağciyərlərə də ziyandır, gözə də ziyandır. Bunlar çox xırda hissəciklərdir və ağızdan nəfəs borusu ilə ağ ciyərlərə də nüfuz edir, göz qişasına da daxil olur. Görmə qabiliyyətini əngəlləyir. Lakin önünü kəsmək də mümkün deyil, hava axınıdır. Mövsümi xarakterlidir və Bakıda tez-tez müşahidə olunur. İnsanlar özlərini qorumaq üçün belə havalarda mümkün qədər evdən çıxmamalıdırlar. Çalışmaq lazımdır ki, çirkli hava ilə təmas az olsun. Küçəyə çıxanda tibbi maskalardan istifadə etmək, eynək taxmaq məsləhətdir".