Ceyhun Bayramov Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfəri çərçivəsində Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, baş qərargah rəisi Asim Munir ilə görüşüb.

XİN-dən APA-ya verilən xəbərə görə, görüş əsnasında iki ölkə arasında müdafiə və hərbi sahədə əməkdaşlığın perspektivləri, habelə müdafiə sənayesi sahəsində iki ölkənin ixtisaslaşmış qurumları arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

Nazir Ceyhun Bayramov Azərbaycan və qardaş Pakistan arasında hərbi-texniki sahədə əməkdaşlıq üçün qarşılıqlı səfərlərin və sıx təmasların vacibliyini vurğulayıb.

İki ölkənin Silahlı Qüvvələri arasında qarşılıqlı fəaliyyətin səmərəliliyinin artırılması, habelə müvafiq qoşun növləri arasında təcrübə mübadiləsinin həyata keçirilməsi üçün ikitərəfli, habelə Azərbaycan-Türkiyə-Pakistan formatında üçtərəfli hərbi təlimlərin əhəmiyyəti qeyd edilib.

Nazir Ceyhun Bayramov həmsöhbətini həmçinin Azərbaycan və Ermənistan arasında sülh gündəliyi və normallaşma prosesi, habelə Azərbaycanın 4 kəndinin qaytarılması və sərhədin müəyyən hissəsinin delimitasiyası prosesində əldə edilən son razılaşmalar barədə məlumatlandırıb.

Görüş zamanı digər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.