Göyçayda yağışdan sonra fəsadlar yaranıb

Axşam saatlarında Göyçaya yağmağa başlayan leysan xarakterli yağış və güclü külək bir sıra fəsadlara yol açıb.

AZƏRTAC xəbər verir ki, güclü külək səbəbindən rayon ərazisində iri gövdəli ağaclar aşaraq avtomobil yoluna düşüb, nəticədə nəqliyyatın hərəkəti qismən çətinləşib. Aşan ağaclar elektrik təsərrüfatına da zərər vurub, rayon mərkəzinin bir hissəsi də daxil olmaqla kəndlərə verilən elektrik enerjisi dayanıb.

Güclü yağışdan sonra Göyçay şəhərinin küçələrini su basıb, şəhər ərazisindən keçən suvarma arxları daşıb.

Gecə saatlarında aidiyyəti üzrə qurumlar əraziyə cəlb olunub, yolun hərəkət hissəsinə və elektrik xətlərinin üstünə düşən ağaclar kənarlaşdırılır.

Hazırda bölgədə şimşək çaxır, fasilələrlə yağış yağır, çaylarda suyun artması müşahidə olunur.