Hər yerdən üfunət qoxusu gəlir

Qurbanlıq heyvanın istifadə olunmayan parçaları hara gəldi atılır

“Heyvan kəsimi ilə məşğul olan şəxslər tullantıların lazımi şəkildə utilizasiyasına diqqət etməlidirlər”

  Müqəddəs Qurban bayramından sonra bəzi yerlərdə anti-sanitar şəraitin hökm sürdüyü müşahidə edilir. Hərçənd Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi hər dəfə bu mötəbər bayram ərəfəsində qurbanlıq heyvanların həm satışı, həm də kəsimi üçün xüsusi yerlər ayrıldığını elan edir, ünvanları göstərir. Lakin fərdi şəkildə qurbanlıq kəsənlər də var. Bu da təbiidir. Allah yolunda, Allahın razılığını qazanmaq üçün qurbanlıq heyvan kəsməyə niyyət edənlərdən bəzisi bu ayini öz həyətində, evinin qarşısında etməyi üstün tutur. Natəmizlik də bu zaman yaranır. Qurbanlıq heyvanın istifadə olunmayan parçaları hara gəldi atılır, bir müddət sonra isə ərazidən üfunət qoxusu gəlməyə başlayır.
  Qida problemləri üzrə ekspert Ağa Salamov “Sherg.az"a açıqlamasında qeyd etdi ki, qurbanlıq kəsən şəxs ondan düzgün istifadə qaydalarını da bilməlidir:
" Əvvəla, bunu vurğulayım ki, quzu, qoyun bərəkətli heyvandır. Qurbanlıq heyvanlarda demək olar tullantı yoxdur. Qoyunun, qoçun bütün hissələrindən Azərbaycan mətbəxində istifadə edilir. Baş-ayağından kəllə-paça hazırlanır, qarnın alt huissəsindən, bud hissədən alınan tikələr, həmçinin quyruqdan bir qədər əlavə edilməklə çəkilir, qıymalıq, dolmalıq hazırlanır, qabırğa, tikələrdən, bel hissədən kabablıq çıxır, sümüklü hissələr bozbaş üçün ayrılır. Yəni qurbanlıq heyvanın ətindən hər cür yemək hazırlamaq mümkündür. Dərisi də istifadə olunur. Dərini təmizləyib, duzlayırlar ki, bakteriayalar ölsün, sonra dərini qurudurlar, soyuq havalarda ayaq altına salırlar, çox yaxşı isti verir qoyun dərisi. Qurbanlıq heyvanda çox az bir hissələr var ki, tullanır. Məsələn, baş hissədə gözlər, heyvanın cinsiyyət üzvü, dalaq... Qurbanlığın sahibinin istəyindən asılı olaraq bəzən bağırsaqlar istifadə olunmur, bəzən də onları da içalata qarışdırıb qovururlar. Deyək ki, məsələn, övkədən (ağciyərlər) bəziləri istifadə edir, bəziləri etmir. Qida borusu, nəfəs borusu çox vaxt istifadəsiz qalır və tullanır. Amma bu tullantılar da birincisi dinimizə, qurbanlıq heyvana ehtiram əlaməti olaraq elə bir yerə atılmalıdır ki, bir müddət sonra üfunət yaymasın. AQTA tərəfindən, bilirsiniz ki, xüsusi kəsim yerləri təşkil edilmişdi. Bu kəsim yerlərindəki tullantılar düzgün bir şəkildə utilizasiya edilir. Amma o kəslər ki fərdi şəkildə özləri qurbanlıq kəsir, tullantı hesab etdikləri hissələri yaxşı olar ki, yaşayış məntəqələrindən kənar ərazilərdə çala qazıb torpağa basdırsınlar. Bir müddət keçdikdən sonra o tullantılar torpaqda çürüyəcək və ətrafa da ziyanı olmayacaq. Ümumiyyətlə, digər vaxtlarda da heyvan kəsimi ilə məşğul olan şəxslər tullantıların lazımi şəkildə utilizasiyasına diqqət etməlidirlər. Heyvanın qanı küçə boyu axıb gölməçə əmələ gətirməsin. Dərisini, baş-ayağı günəşin altında saxlayıb iylənməsinə, milçək, həşəratların toplaşmasına şərait yaradılmamalıdır".