Gənc zabit və əsgərlərimiz dünyaya Vətən sevgisi örnəyi göstərir

Gənc nəslin milli-mənlik şüurunun inkişaf etdirilməsi, vətənpərvərlik hisslərinin tərbiyəsi

 Xalqımız onları qəhrəman hesab edir, hörmətlə yanaşır və xidmətlərini yüksək qiymətləndirir

  Bu gün Milli ordumuzun yaranmasının 106-cı ildönümüdür. Hər il 26 iyun – rəsmi dövlət bayramı - Azərbaycan Silahlı Qüvvələri Günü kimi qeyd edilir. Ordumuz ölkəmizin gücünün, qüdrətinin timsalı, qürur mənbəyimiz, həm də gənclərimizin milli-vətənpərvərlik hisslərinin ən yüksək səviyyədə özünü göstərdiyi sahədir. Günümüzdə hər il neçə-neçə gənc bu təhsil müəssisələrini ixtisaslı hərbi kadrlar olaraq bitirir və neçə-neçə gənc bu ali hərbi təhsil müəssisələrinə qəbul olunur. Vətənə sevgi onu qorumağı bacarmaqdan keçir həm də. Azərbaycan gəncləri isə Vətənə bağlılıqlarını, onun uğrunda canlarından keçməyə hazır olduqlarını tarix boyu sübut ediblər.
  İlk dəfə 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanılıb və avqustun 1-də Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyi təsis edilib. Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilmiş və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix – 9 oktyabr, Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edilib. Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən həmin fərman qüvvədən düşürülərək 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edilib. Sovet hakimiyyəti dövründə isə Rusiya imperiyasının azərbaycanlılara qarşı hərbi siyasəti dəyişməmişdi. Sovet dövründə çar dövründən fərqli olaraq azərbaycanlı gənclər hərbi xidmətə çağırılırdılar, lakin onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti batalyonlarında xidmət edirdilər. Məqsəd aydın idi — azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə imkan verməmək. Bu siyasətin mahiyyətini yaxşı başa düşən Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra, 1971-ci il iyunun 20-də C. Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təşkil etdi. Dövlət başçımız azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail oldu. C.Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarımızın yetişdirilməsində və o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin silahlı qüvvələrin formalaşmasında müstəsna rolu vardır. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində misilsiz igidliklər göstərdilər. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra milli ordunun yaradılması günün ən vacib məsələsinə çevrildi, lakin hələ 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması barədə qərarın və həmin ilin oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən silahlı qüvvələrin yaradılması haqqında qanunun qəbul edilməsinə baxmayaraq, o dövrün respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün heç bir səy göstərmirdi. Ordu quruculuğuna yalnız 1993-cü ildən başlamaq mümkün oldu. Bu dövrdən etibarən ölkədəki silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi. Müasir ordu quruculuğu vüsət almağa başladı. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzaladı. Prezidentin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı. Gücü, qüdrəti gündən-günə artan ordumuz nəhayət cənab Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında saxladığı ərazilərimizi azad etdi. Ordumuzun gənc zabit və əsgərləri 44 günlük Vətən müharibəsində adlarını tarixə qızıl həflərlə həkk etdilər. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin müasir dünya standartlarına uyğun formalaşdırılması prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu əcdadından miras aldığı igidliyi, Vətənə bağlılıq hissi, vətənpərvər ruhu ilə istənilən düşməni diz çökdürmək iqtidarındadır. Cənab Prezident İlham Əliyevin dediyi kimi, “bu gün Azərbaycan gəncliyi bütün sahələrdə - istər hərbi sahədə, Milli Ordu sıralarında, istərsə də digər sahələrdə dünyaya Vətən sevgisi örnəyi göstərir”.
  Xalqımızın qəhrəmanlıq salnaməsini yazan, tarixi missiyalarını şanlı qələbələrlə sona çatdıran Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitləri ölkəmizdə böyük nüfuz sahibidir. Xalqımız onları qəhrəman hesab edir, hörmətlə yanaşır və xidmətlərini yüksək qiymətləndirir. Əminliklə deyə bilərik ki, bu gün Azərbaycanın mükəmməl, güclü, yüksək döyüş ruhlu, Vətəni canından belə artıq sevən yenilməz Ordusu var”. 
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib. O qeyd edib ki, xalqımızın etimadını layiqincə doğruldan, Ulu Öndərin bütün istiqamətlərdə siyasi kursunu uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyev ordu quruculuğunu da daim diqqət mərkəzində saxlayır:
““Görülən effektli işlər, aparılan davamlı islahatlar nəticəsində hərbçilərimizin peşəkarlığı, döyüş ruhu, mənəvi-psixoloji hazırlığı daha da artdı, ən müasir silah və texnika ilə Ordumuz təchiz edildi. Ardıcıl və sistemli şəkildə görülən işlər sayəsində Silahlı Qüvvələrimiz regionun ən güclü və mütəşəkkil ordusuna çevrildi. Beynəlxalq hesabatlarda belə Ordumuzun qüdrəti, mütəşəkkiliyi xüsusi olaraq qeyd olunur, Cənubi Qafqazda birinci, dünyada isə əlli ordu sırasında göstərilir. Təbii ki, bu, Prezident İlham Əliyevin bu sahəyə olan ali diqqətinin bariz nümunəsidir. 2016-cı ilin Aprel döyüşləri isə Ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. Düşmən təxribatına tutarlı cavab verilməklə yanaşı, 2 min hektardan çox ərazi düşməndən təmizləndi. Sonra Ordumuz 2018-ci ildə Günnüt zəfərini çaldı, Naxçıvan istiqamətində 11 min hektardan artıq ərazi və Günnüt kəndi azad edildi. Bu qələbələr eləcə də qarşı tərəfə göstərdi ki, belə bir güclü Ordunun qarşısında tab gətirə bilməz və məğlubiyyət qaçılmazdır. Demək olar ki, sarsıdıcı zərbələr alan işğalçılar dərin ruh düşkünlüyünə uğradılar”. “Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin ən böyük missiyası isə tariximizdə parlaq səhifələr açan, yeni dövrün əsasını qoyan 44 günlük Vətən müharibəsi oldu. Bu bənzərsiz Qələbə ilə 200 illik münaqişə tarixə qovuşdu, 30 il davam etmiş müharibə Zəfərlə başa çatdı, xalqımız böyük Qələbənin sevincinə qərq oldu. Vətən hissini bütün duyğulardan üstün tutan əsgər və zabitlərimiz bu şərəfli yolda ölümdən belə çəkinmədilər, rəşadətlə döyüşərək işğalçı ordunu məhv etdilər. Planlaşdırılan bütün əməliyyatlar uğurla yekunlaşdı, tətbiq edilən taktikalar özünü doğrultdu. Bir sözlə, İkinci Qarabağ müharibəsində əsgər və zabitlərimizin şanlı döyüş yolunun hər bir addımı bizim qəhrəmanlıq salnaməmizdir və tariximizdə əbədi qalacaq. Eyni zamanda ötən ilin sentyabr ayında Qarabağda həyata keçirilən antiterror tədbirləri göstərdi ki, Azərbaycan əsgərinin aşa bilmədiyi sədd yoxdur, bu Ordu ildən-ilə güclənir və təcrübəsi artır”.
  Millət vəkili qeyd edib ki, Silahlı Qüvvələrimizin artan gücü ölkəmizin müdafiə qüdrətinin bundan sonra da yüksələcəyinə, sərhədlərimizin daha etibarlı şəkildə qorunacağına, müstəqilliyimiz və dövlətimizin suverenliyinin əbədi olacağına bizi bir daha əmin edir.