Hərb tariximizin şanlı səhifəsi

44 günlük Vətən müharibəsi

Bütün dünya Azərbaycan Ordusunun gücünə və hərbiçilərimizin şücaətinə şahidlik etdi

  Azərbaycan Ordusunun yaranmasının 106-cı ildönümü tamam olur. Hərb tariximizin şanlı səhifəsi sayılan, 106 illiyini təntənə ilə qeyd etdiyimiz Azərbaycan Ordusunda vahid komandanlığın yaradılması, ordumuzun nizami ordu kimi formalaşması və hərbi quruculuq məsələlərinin prioritet məsələ kimi irəli sürülməsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin bu istiqamətdə atdığı cəsarətli addımlarının nəticəsidir.
 Ulu Öndərin siyasi kursunu ordu quruculuğu sahəsində uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə bu gün ordumuz müasir dünya orduları ilə müqayisə ediləcək səviyyəyə çatdırılıb. Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün ərzində bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirib. Azərbaycan öz torpaqlarındakı hücumlara son qoymaq və işğal altındakı torpaqlarını xilas etmək üçün başlatdığı hərəkatla adını tarixə qızıl hərflərlə yazdı. Azərbaycan Ordusu öz nəcib xilaskar missiyasını, Vətənimizi qorumaq, torpaqlarımızı işğaldan azad etmək vəzifəsini şərəflə yerinə yetirib. Torpaqlarımız uğrunda canını, qanını fəda etmiş qəhrəman oğullarımızı, şəhidlərimizin, terror qurbanı olan mülki vətəndaşlarımızın qisası alınıb.
  Rəşadətli Azərbaycan Ordusu ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 ilin işğalına son qoydu, ərazi bütövlüyümüzü təmin etdi, Ermənistanı diz çökdürdü. Bu gün xalqımızın böyük qürurla ziyarət etdiyi, dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə yaradılan Hərbi Qənimətlər Parkı Azərbaycan Ordusunun qəhrəmanlığının, şücaətinin təqdimatıdır. Ermənistan silahlı qüvvələrinin məhv edilmiş, yaxud qənimət kimi götürülmüş hərbi texnikasının istər Zəfər paradında, istərsə də Hərbi Qənimətlər Parkında nümayişi işğalçı dövlətin illərdir yaratdığı “yenilməz erməni ordusu” mifinin dağıldığının nümayişidir.
  "İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı “Sherg.az"a açıqlamasında deyib ki, müstəqilliyimizin qarantlarından biri olan müzəffər Azərbaycan Ordusu xalqımızın qürur və güvən mənbəyidir: 

“Ali Baş Komandanımızın rəhbərliyi ilə, bu gün Azərbaycan ordusu dünyada öz sözünü demiş, qəhrəmanlığını göstərmiş ordudur.
  Ərazi bütövlüyümüzün qorunması, xalqımızın firavan yaşamasında mərdlik, şücaət rəmzi olan hərbçilərimizin müstəsna xidmətləri var. Bu baxımdan 26 İyun – Silahlı Qüvvələr Günü yalnız hərbçilər üçün deyil, bütün Azərbaycan xalqı üçün ən əziz bayramlardandır. Zəngin tarixi olan Azərbaycan Ordusunun inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ümummilli Lider Azərbaycanda birinci dəfə hakimiyyətə gəldikdən sonra ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlanıb. Ulu Öndərin gərgin əməyi sayəsində ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə qüdrətli ordunun yaradılmasına imkan yaradıb. Heydər Əliyevin 1971-ci ildə böyük çətinliklər hesabına yaradılmasına nail olduğu Cəmşid Naxçıvanski adına hərbi liseyin qurulması ilə milli və güclü Azərbaycan Ordusunun ilkin təməlləri atıldı. Məhz Ulu Öndərin şəxsi nüfuzu sayəsində Azərbaycan gəncləri SSRİ-nin nüfuzlu hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul ola bildilər. Müstəqillik illərində də ordu quruculuğu Ulu Öndərin daima diqqət mərkəzində oldu”.
  F.Şahbazlı bildirib ki, Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan Silahlı Qüvvələri keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoydu və müasir dünya orduları səviyyəsində formalaşmağa başladı: 
"44 günlük Vətən müharibəsində bütün dünya Azərbaycan Ordusunun gücünə və hərbiçilərimizin şücaətinə şahidlik etdi. Azərbaycan Ordusu Vətən müharibəsində düşmən üzərində qələbə qazanaraq tarixi nailiyyətə imza atdı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsi ilə bağlı danışarkən dəfələrlə qeyd edib ki, bizim tarixi Zəfərimizin əsas memarları Azərbaycanın qəhrəman əsgər və zabitləridir. Dövlətimizin başçısı çıxışlarında bildirib ki, Qarabağdakı böyük qələbəmizi şərtləndirən faktorlar sırasında ordumuzun istifadəsində olan müasir tipli silah-sursat, texnikadan daha çox Azərbaycan əsgərinin öz torpağında savaşmasından doğan şücaəti, vətənpərvərliyi ön planda dayanır. Həqiqətən də Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə Azərbaycan Ordusunun, gənclərimizin qəhrəmanlığı, fədakarlığı dünya hərb tarixində nadir rast gəlinən nümunələrdəndir. Bunu həm beynəlxalq ekspertlər, həm də düşmənlərimiz dəfələrlə etiraf ediblər”.