Gözəl Qarabağa salam olsun!

Buranı görməyə gələnlər nəhəng quruculuq işlərinə şahidlik edirlər

  “Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz səni dirçəldəcəyik”. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 2020-ci il noyabrın 8-də xalqın önündə, bütün dünyanın gözü qarşısında Şuşaya söz verdi. And içdi və andına sadiq qaldı. Bu gün Şuşamız təkcə Azərbaycanın deyil, dünyanın mədəniyyət paytaxtıdır. Və bu, Şuşamızın, xalqımızın doğal haqqıdır. Çox qısa bir müddətdə - cəmi 3 il yarım ərzində Şuşa nəinki dirçəlib, əvvəlki gözəlliyindən də qat-qat artıq ehtişam sahibinə çevrilib. Bütün bunlar cənab Prezident İlham Əliyev və birinci-vitse prezident, ölkənin birinci xanımı Mehriban Əliyevanın diqqəti, qayğısı və “Böyük Qayıdış” dövlət proqramının uğurlu icrası sayəsindədir. Bu il may ayının 10-da, tarixi bir gündə şuşalılar öz doğma yurdlarına qayıtdı, yeni tikilmiş mənzillərinə sahibləndilər.
Növbəti köç karvanı ilə Şuşa şəhərinə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.
  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirakları zamanı şəhərə köçmüş ilk sakinlərə mənzillərinin açarlarını təqdim ediblər. Prezidentə məlumat verildi ki, ilkin mərhələdə birinci yaşayış kompleksinə köç qrafikinə əsasən 20 ailə olmaqla 88 nəfər köçürülüb. İyirmi üç binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Kompleksin təməli 2021-ci il avqustun 29-da qoyulub. Yaşayış kompleksi 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı və 7-si beşotaqlı olan 450 mənzildən ibarətdir. Sonra dövlətimizin başçısı və birinci xanım yaşayış kompleksində və mənzillərdə yaradılan şəraitlə tanış olublar. Prezident şuşalılar qarşısında çıxış edərkən Şuşanın yeni tarixinin başlandığını dedi: “Mən 2020-ci il noyabrın 8-də xalqa müraciətimdə demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bax, bu gün biz dirçəldilən Şuşanı görürük. Təkcə bu gözəl binalar deyil, Şuşada çox genişmiqyaslı quruculuq işləri gedir. Bu gün Ulu Öndərin doğum günündə üçüncü yaşayış kompleksinin təməli qoyuldu. Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulmuşdur. Bu birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Onun bir hissəsi artıq hazırdır. Bu gün siz bu mənzillərə köçəcəksiniz. Bütün evlər gözəl memarlıq üslubunda - Şuşanın ənənəvi üslubunda inşa edilmişdir. Şərait çox gözəldir və əminəm ki, uzun fasilədən sonra şuşalılar burada rahat yaşayacaqlar, yaradacaqlar, quracaqlar, öz doğma şəhərinin tarixi simasını qoruyacaqlar”. Şuşada quruculuq işləri İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra başlayıb. Füzuli şəhərindən Şuşaya qısa müddət ərzində Zəfər yolu çəkilib. Daha sonra geniş magistral avtomobil yolunun çəkilişlərinə başlanıb. Yeddi tuneli, doqquz viaduku, bir çox körpüləri olan dördzolaqlı gözəl bir yol çəkilir və bu yolun 2025-ci ildə hazır olacağı bildirilib. Şuşanın tarixi abidələrinin bərpası aparılıb. Molla Pənah Vaqifin məqbərəsi yenidən qurulub, əzəli görkəmi qaytarılıb. Yuxarı Gövhər Ağa məscidi, Saatlı məscidi, Mamayı məscidi bərpa edilib. Çöl Qala məscidində bərpa işlərinə başlanılıb. Mehmandarov məscidi və Mehmandarovun evi də bərpa edilib. Şuşada artıq dörd mehmanxana fəaliyyət göstərir. Onların içində ən böyük beşulduzlu Şuşa mehmanxanası bu gün Şuşanın müasir görkəmini əks etdirir. Bu mehmanxana da ənənəvi Şuşa memarlığı üslubunda inşa edilib. Şuşanın tarixi abidələrindən biri - Şirinsu hamamı əsaslı təmir edilib. Aşağı Gövhər Ağa məscidində təmir-bərpa işləri davam edir. Dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin evi yenidən qurulur. Şuşada bütün işlər çox müfəssəl və dəqiq, ən müasir şəhərsalma qaydalarına uyğun planlar əsasında icra olunur. Ölkə başçısı tərəfindən Şuşada inşa ediləcək üçüncü yaşayış kompleksinin və Turşsu qəsəbəsinin təməli qoyulub. Şuşanın qısa müddətdə dirçəlməsi və mədəniyyət paytaxtına çevrilməsinin nəticəsidir ki, bu gün dünyanın dörd bir yanından insanlar bu möhtəşəm şəhəri görməyə gəlir və nəhəng quruculuq işlərinə şahidlik edirlər. Bu il iyunun 12-də isə növbəti köç karvanı Şuşaya çatdı və 21 ailə olmaqla, daha 85 nəfər Şuşa sakini doğma yurduna qovuşdu. Açarların təqdim olunma mərasimində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İcraçı direktoru Tural Novruzov, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak etdilər. Ailələr sevinc hissi ilə mənzillərinin açarlarını təhvil alaraq, yeni evlərində məskunlaşdılar. Bununla da Şuşa şəhərində hazırda 126 ailənin, yəni 491 nəfərin daimi məskunlaşması təmin edilib.
  Tikinti-abadlıq işləri təkcə Şuşada deyil, işğaldan azad edilmiş bütün Qarabağda və Şərqi Zəngəzurda dövlət proqramına uyğun aparılır, yurdumuzun səfalı guşələri həm doğmalarını, həm də qonaqları yenilənmiş və daha da gözəlləşmiş halda qarşılayır. İşğaldan azad edilmiş yurd yerlərimizdə yaradılan rahat şəraitə görədir ki, son vaxtlar Şuşa və Laçın şəhərlərinə fərdi avtomobil ilə turist səfərlərinin sayında da artım baş verib. Qeyd edilən ərazilər üzrə xüsusi nümayəndəliklərin məlumatına əsasən, Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində (15.06.24-19.06.24) Şuşa şəhərinə 2650 avtomobil ilə 12 528 nəfər, Laçın şəhərinə isə 2 296 fərdi avtomobil ilə 8 330 nəfər səfər edib. Şuşaya səfər edənlərin 1779 nəfəri, Laçına səfər edənlərin isə 709 nəfəri hotellərində qonaqlayıb. 2023-cü il dekabrın 27-dən 2024-cü il iyunun 19-dək Şuşa şəhərinə ümumilikdə 72 298 nəfər səfər edib. Bu il aprelin 27-dən iyunun 19-dək Laçın şəhərinə səfər edənlərin sayı isə 42 670 nəfər olub. Qeyd edilir ki, Laçın şəhərinə giriş 2 yoxlanış-nəzarət məntəqəsi (Şuşa və Güləbird postları) vasitəsilə həyata keçirilir. Qeyd edilən tarixlər üzrə Şuşa postundan 5673 avtomobil ilə 15839 nəfərin, Güləbird postundan isə 9937 avtomobil ilə 26831 nəfərin keçidi təmin edilib. Laçın şəhəri də erməni vandalizminə məruz qalmış ərazilərdən idi. Ermənistanın işğalı dövründə Laçında bütün infrastruktur dağıdılaraq məhv edilmiş, həmçinin təbiət ekoloji terrora məruz qalmışdı. Laçın Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunduqdan sonra digər rayonlarda olduğu kimi, burada da “Böyük Qayıdış” dövlət proqramına uyğun olaraq tikinti-quruculuq işlərinə başlanıldı və qısa zaman kəsiyində Laçında evlər bərpa edilərək doğma sakinlərinin istifadəsinə verildi. İndiyədək Laçın şəhərində 513 ailənin, yəni 1 906 nəfərin daimi məskunlaşması təmin edilib. Köçürülən ailələr vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşıblar. İşğaldan azad edilmiş ərazilərimizdə nəhəng tikinti və bərpa işləri davam edir və Azərbaycan dövləti dünyaya sübut edir ki, öz doğma torpaqlarına sahib çıxıb və bundan sonra ərazilərinin suverenliyini qorumaq iqtidarındadır.