Şuşa Türk dünyasıının qələbə simvoluna çevrilib - ŞƏRH

İmzalanmış Qarabağ Bəyannaməsi düşmənlərimizə bir mesajdır
 
İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Sammitdə Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə Respublikasının vitse-prezidenti Cövdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Zirvə görüşündə iştirak ediblər. 
Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri ölkələrimiz arasında qardaşlıq həmrəyliyinin təzahürüdür. Zirvə görüşlərinin hər biri Türk dövlətləri arasında birliyin və həmrəyliyin daha da gücləndirilməsinə doğru atılmış mühüm addımdır. Şuşa Sammiti isə bu baxımdan xüsusi əhəmiyyət kəsb edən bir hadisədir.
Dövlət başçısının da öz çıxışında qeyd etdiyi kimi, Şuşanın 1992-ci ilin mayında Ermənistan tərəfindən işğal edilməsi Azərbaycan xalqının böyük faciəsi idi. Lakin Azərbaycan xalqı bu işğalla heç vaxt barışmadı. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu döyüş meydanında 300-dən çox şəhər və kəndi Ermənistanın təxminən 30 il davam edən işğalından azad etmişdir. 2020-ci il noyabrın 8-də isə Şuşanın işğaldan azad edilməsindən sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu və beləliklə, İkinci Qarabağ müharibəsi başa çatdı. Bu gün Qarabağ və Şərqi Zəngəzurda “Böyük Qayıdış” Proqramı icra olunur. Ermənistanın işğal dövründə yerlə-yeksan etdiyi şəhər və kəndlərimizə indi həyat yenidən qayıdır. Son dörd ildə Türkiyə Prezidenti Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan prezidentləri Şuşa və Füzuliyə, Qırğızıstan Prezidenti Füzuli və Ağdama səfərlər etmişlər. Əlbəttə ki, Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri ölkələrimiz arasında qardaşlıq həmrəyliyinin təzahürüdür.


Millət vəkili Azər Badamov “Sherg.az”a açıqlamasında deyib ki,  Türk Dövlətləri Təşkilatının Zirvə görüşünün məhz Şuşa şəhərində keçirilməsi xüsusi önəm kəsb edən bir məqamdır: 

“Türk Dövlətləri Təşkilatı beynəlxalq arenada mövqelərini möhkəmlədən yeni bir siyasi, iqtisadi birliyə çevrilib. 5-6 iyulda Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi görüşü bu birliyi daha da gücləndirir. Çünki, Şuşa Türk dünyasıının qələbə simvoluna çevrilib. Şuşa qələbəsi dünyada türkün gücünü nümayiş etdirib. Türk Dövlətləri dövlət və hökumət başçıları Şuşada görüşməklə gücümüzün sarsılmaz olduğunu göstərdi. Bu görüşdə macarıstanın Baş naziri Viktor Orban və Şimali Kipr Türk Cümuhuriyyətinin rəhbəri Ersin Tatarın iştirakı bu birliyin gücünü artırır. Düzdür, Avropa İtrtifaqının xarici işlər və siyasəti üzrə ali nümayəndəsi Cozeff Borell Viktor Orbanın Şuşada samitdə iştirakının Avropa Birliyə aidiyyatı olmadığını bildirdi. Amma bütün deyilənlərə baxmayaraq Şuşada keçirilmiş qeyri-rəsmi görüş və imzalanmış Qarabağ Bəyannaməsi düşmənlərimizə bir mesajdır. Qarabağ Bəyannaməsi 31 bənddən ibarət olmaqla Türk dövlətlərinin geniş spektrdə əməkdaşlığını və  inkişafını özündə əks etdirir. Bu sənəd  iqtisadi , siyasi, qlobal təşəbbüslərdə eyni mövqedən çıxış etməklə möhkəm birlik və böyük bir inkişafı özündə ehtiva edir. Bu bəyannamənin Şuşada qəbul olunmasının böyük əhəmiyyəti var. Çünki, Şuşa Türk dünyasının mədəniyyət paytaxtı olduğu kimi Türk dövlətlərinin qeyri-rəsmi görüşlərinin mərkəzi kimi özünü təsdiq etdi”.