Türkiyənin NATO-dakı mövcudluğu xüsusi avantajdır - RƏY


 Türkiyə öz təhlükəsizlik və hərbi siyasətini bir anda dəyişməyəcək 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a yola düşməzdən əvvəl Esenboğa hava limanında keçirdiyi mətbuat konfransında deyib ki, NATO Türkiyənin gözləntilərini doğrultmur.
O bildirib ki, bu bəzi məsələlərdə, o cümlədən Yaxın Şərqlə bağlı durumda özünü göstərir: “Biz bu istiqamətlərdə, müxtəlif səviyyələrdə müzakirələrimizi davam etdirəcəyik”.

Qeyd edək ki, Türkiyə NATO-nun 72 illik üzvüdür və soyuq müharibə dövründən bu günə kimi alyansın məsul və aparıcı üzvlərindən biridir. 

Politoloq İlyas Hüseynov "Sherg.az"a açıqlamasında bildirib ki, Türkiyə NATO üçün çox əhəmiyyətli ölkədir:

"Türkiyə NATO-dakı 2-ci böyük orduya sahibidir. Şimali Atlantika Alyansının əsas hərbi potensialı və insan resursu da Türkiyənin hesabına formalaşmaqdadır. Son illər Türkiyənin müdafiə sənayesindəki əldə etdiyi uğurları da nəzərə alsaq Türkiyənin NATO üçün əhəmiyyətlini daha yaxşı anlayarıq. Sadəcə olaraq rəsmi Ankaranın Alyansdan müxtəlif narazılıqları var. MIM-104 Patriot hava hücumundan müdafiə sisteminin Türkiyəyə verilməməsindən sonra narazılıqlar daha da artdı. Hazırda bəzi analitiklər Türkiyənin  ayrılaraq sərbəst geopolitik faktor olacağını və yaxud Şərq blokunda birləşəcəyini ehtimal edir. Lakin Türkiyənin NATO-dakı mövcudluğu onun üçün xüsusi avantajlar formalaşdırır. Bu səbəbdən Türkiyə öz təhlükəsizlik və hərbi siyasətini bir anda dəyişməyəcək".