Azərbaycan və Çin arasında münasibətlərin tarixi qədimdir

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Tarixi yaddaşın təzələnməsi, iki dövlət və xalq arasında əməkdaşlığın, münasibətlərin daha da sıxlaşması baxımından elmi konfransların əhəmiyyəti böyükdür

   Çinin paytaxtı Pekində “İpək yolu ruhuyla Çin-Azərbaycan münasibətlərini möhkəmləndir” devizi ilə 1-ci Çin azəbaycanşünaslıq beynəlxalq elmi konfransı keçirilib. Pekin Xarici Dillər Universitetinin (PXDU) təşkilatçılığı və ev sahibliyi ilə keçirilən tədbirin məqsədi Azərbaycanın qədim tarixi, dili və mədəniyyətinin Çində elmi yolla tanıdılmasına töhfə vermək, iki xalq arasında mədəni əlaqələri dərindən araşdırmaq, iqtisadi əlaqələrin mövcud potensialını elmi yolla dəyərləndirmək, Çində azərbaycanşünaslıq elminin inkişafına təkan verməkdir. Açılış mərasimində çıxış edən Pekin Xarici Dillər Universitetinin prorektoru Gao Qanq konfransın iki ölkə arasında akademik mübadiləni təşviq etmək, “Bir kəmər, bir yol” əməkdaşlığını birgə irəlilətmək baxımından olduqca böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O, “Bir kəmər, bir yol” təşəbbüsünün təkcə ölkələr arasında iqtisadi əməkdaşlığa deyil, həm də xalqlar arasında mədəni, elm və təhsil əlaqələrinin də dərinləşməsi üçün imkanlar yaratdığını deyib. Prorektor təmsil etdiyi ali təhsil ocağının Azərbaycan universitetləri ilə səmərəli əməkdaşlığından danışıb, bu çərçivədə qarşılıqlı tələbə mübadiləsinin reallaşdığını deyib. Gao Qanq Çində azərbaycanşünaslıq elminin ömrünün İpək yolu kimi davamlı və uzun olacağına ümidvar olduğunu söyləyib.
  Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov iki ölkə arasında münasibətlərin tarixindən və hazırkı vəziyyətindən danışıb, konfransın Azərbaycan ilə Çinin elmi-mədəni dairələrinin daha da yaxınlaşmasına önəmli töhfə verəcəyinə əminliyini bildirib. O, Azərbaycan mədəniyyətinin Çində, Çin mədəniyyətinin isə Azərbaycanda təbliğinə yönəlmiş çoxsaylı tədbirlərin xalqların bir-birinə daha da yaxınlaşması üçün zəmin yaratdığını, Azərbaycanda Konfutsi institutlarının fəaliyyəti də daxil olmaqla Çin dilinin, Çində isə Azərbaycan dilinin tədrisinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, PXDU-da Azərbaycan dilinin ixtisas kimi tədrisi, Azərbaycan dili kafedrasının azərbaycanşünaslıqla bağlı çoxsaylı araşdırmalar aparması və elmi tədbirlərin təşkili sayəsində Çində azərbaycanşünaslıq müstəqil bir tədqiqat istiqaməti kimi formalaşmağa başlayıb. Çin Dövlət Şurası yanında İnkişaf Mərkəzinin Avrasiya Cəmiyyətinin İnkişafı üzrə Tədqiqat İnstitutunun direktor müavini Sü Taonun “Çin-Azərbaycan münasibətləri tarixin ən yüksək dövründə”, Hamlet İsaxanlının “Azərbaycanda və daha geniş regionda Çinin imici – Çin ilə Azərbaycan arasında tarixi əlaqələr”, Çin İctimai Elmlər Akademiyası Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Tədqiqat İnstitutunun Mərkəzi Asiya şöbəsinin direktoru Ganq Ninqin “Çin-Azərbaycan strateji tərəfdaşlıq münasibətləri” mövzularında əsas məruzələri dinlənilib.
  Çinin elmi qurumlarının və ali təhsil ocaqlarının alim və tədqiqatçılarının, tələbələrin, Çində təhsil alan azərbaycanlı tələbələrin iştirak etdikləri konfransın “Azərbaycan dili ədəbiyyatı və təhsili”, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Çin-Azərbaycan əməkdaşlığı”, “Çin-Azərbaycan mədəniyyət və sivilizasiyalararası münasibətləri” mövzularında bölmə iclaslarında ümumilikdə 44 çinli və azərbaycanlı alimin, o cümlədən gənc tədqiqatçının məruzələri dinləniləcək, suallar cavablandırılacaq. AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli beynəlxalq elmi konfransın iştirakçılarına videomüraciət ünvanlayıb. Akademik tədbiri əlamətdar elmi-mədəni hadisə kimi yüksək qiymətləndirib. Azərbaycan-Çin əlaqələrinin müstəqillik illərində özünəməxsus böyük inkişaf yolu keçdiyini deyən AMEA rəhbəri bildirib ki, 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin Çinə olan səfəri Azərbaycan-Çin əlaqələrinin yeni tarixi şəraitdə möhkəm təməllərinə çevrilib və istiqamətini müəyyən edib. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin Çinə səfərləri zamanı imzalanan sənədlər, dövlət səviyyəsində əldə olunan razılaşmalar Azərbaycan-Çin əlaqələrini qısa vaxtda çox yüksək inkişaf mərhələsinə qaldırıb: “Bu gün Azərbaycanda həm iqtisadi, həm elmi-ədəbi-mədəni, həm də digər sahələrdə Çin ilə geniş əlaqələr inkişaf etməkdə davam edir. Bu əlaqələr içərisində Azərbaycan-Çin münasibətlərinin xüsusi bir qolunu təşkil edən elmi əlaqələr özünəməxsus inkişaf yolu keçməkdədir. AMEA ilə Çin Sosial Elmlər Akademiyası arasında bağlanmış müqavilə, AMEA ilə HEBEY Sosial Elmlər Akademiyası arasında imzalanmış əməkdaşlıq sazişi Azərbaycan alimləri ilə Çin alimlərinin müştərək tədqiqatlar aparmaq, ölkələri elmi şəkildə tanıtmaq, elmi ədəbiyyatı mübadilə etmək baxımdan qarşıda yeni üfüqlər açır. Pekin Xarici Dillər Universiteti, HEBEY Pedaqoji Universiteti və HEBEY Sosial Elmlər Akademiyası ilə AMEA Xəzərdən Çin səddinə qədər olan böyük bir layihənin icrasına başlamışdır. Cari ilin iyul ayında Çində keçirilən beynəlxalq konfrans yaxın gələcəkdə Azərbaycanda, Özbəkistanda və digər respublikalarda da davam etdiriləcək”. İsa Həbibbəyli Azərbaycan alimlərinin Çin ədəbiyyatına dair dissertasiya müdafiə etdiklərini, Çinə həsr olunmuş şeirlərdən ibarət kitabın çap olunduğunu bildirib: “Azərbaycan-Çin əlaqələri, eyni zamanda Çin dilinin Azərbaycanda öyrənilməsinə də böyük maraq yaratmışdır və akademiyanın Çin Mədəniyyət Mərkəzində də Çinin Azərbaycandakı səfirliyinin dəstəyi ilə Çin dilini öyrənən tədqiqatçılar nəsli artıq formalaşıb. Bizim üçün son dərəcə böyük əhəmiyyətə malikdir ki, Pekin Xarici Dillər Universitetində artıq ikinci dəfədir ki, Azərbaycan dili üzrə mütəxəssislər hazırlanan qəbul aparılıb və həmin Azərbaycan dili üzrə 1-ci qəbulun məzunları Azərbaycanda təcrübə keçirlər. Onlar Azərbaycan dilini doğma ana dilləri qədər dərindən mənimsəyiblər. Bütün bunlar azərbaycanşünaslar qarşısında Çindəki alimlərimizlə əlaqəli şəkildə hər iki ölkə arasındakı münasibətlərin dərin köklərini, böyük ənənələrini, müasir dil vəziyyətini və gələcək inkişaf problemlərini öyrənmək kimi ciddi vəzifə qoyur. Hesab edirəm ki, beynəlxalq konfrans Azərbaycan-Çin çoxcəhətli əlaqələrinin elmi cəhətdən daha da inkişaf etdirilməsinə, bu sahədə sistemli yanaşmanın meydana qoyulmasına, müasir dövrün çağırışların uyğun hədəflərin müəyyən olunmasına özünün böyük töhfəsini verəcək”.
Qeyd edək ki, Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və əməkdaşlıq əlaqələri son illər ərzində yüksələn xətlə inkişaf etməkdədir. Azərbaycan və Çin liderləri arasındakı səmimi dostluq və əməkdaşlıq əlaqələri dövlətlərarası münasibətlərimizin inkişafına böyük təkan verib. Çin hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini, Azərbaycan isə “Vahid Çin” siyasətini dəstəkləyib. Şübhəsiz, Azərbaycan-Çin strateji tərəfdaşlığı həm ikitərəfli əsasda, həm də regional və beynəlxalq təşkilatlar çərçivəsində təmasların artırılması, mübadilələrin intensivləşdirilməsi və beləliklə də, əməkdaşlığımızın hərtərəfli dərinləşməsi işinə yeni dinamika gətirəcək. Strateji tərəfdaşlığımız eyni zamanda iqtisadiyyat, ticarət, nəqliyyat və investisiyalar və bir çox digər sahələrdə əməkdaşlığımızın həm kəmiyyət, həm keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə təkan verəcək.
  AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin rəhbəri, türkoloq-alim Faiq Ələkbərli "Sherg.az"a deyib ki, Azərbaycan dövlətinin, xalqımızın və qədim tariximizin, mədəniyyətimizin Çində təbliğ olunması olduqca müsbət haldır. Alimin sözlərinə görə, ümumiyyətlə, Azərbaycan və Çin arasında münasibətlərin tarixi qədimdir:

"Azərbaycan xalqı türk mənşəli xalq olduğunu nəzərə alsaq, Çinlə münasibətlərin tarixinin nə qədər qədim dövrə gedib çıxdığı bəlli olar. Azərbaycan türkləri uyğurlarla çox yaxındır. Həm dil, həm mənşə, həm də mədəniyyət baxımdan ciddi bənzərliklər var. Çindəki uyğurların Azərbaycan türkləri ilə qan qohumluğu var. Mədəniyyət sahəsində ortaq dəyərlərimiz çoxdur. Əslində, Çin üçün də Azərbaycan yeni məkan deyil. Qədimdən üzü bəri mühüm ticarət marşrutu sayılan "İpək Yolu" Çin üçün hər zaman xüsusi önəm kəsb edib. "İpək Yolu" da Azərbaycan üzərindən keçir. Ümumiyyətlə, böyük "İpək Yolu"nun əksər hissəsi türk xalqları yaşayan ərazilərindən, türk dövlətlərindən keçib. Azərbaycan bu marşrut üzərində ən önəmli ölkələrdəndir. O baxımdan tarixi yaddaşın təzələnməsi, iki dövlət və xalq arasında əməkdaşlığın, münasibətlərin daha da sıxlaşması baxımından bu cür elmi konfransların əhəmiyyəti böyükdür. Arzu edərdik ki, dövlətləri və xalqları bir-birinə tanıdacaq belə tədbirlər mütəmadi təşkil olunsun".