MN-nin sabiq idarə rəisinin cəzası 3 il artırılıb

Dövlət Təhlükəsizliyi Xidmətində başladılan cinayət işi üzrə məsuliyyətə cəlb olunan Müdafiə Nazirliyi Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik-leytenant Mahir Şirvanovun barəsində verilən hökmdən apellyasiya protesti və şikayətləri üzrə məhkəmə prosesi başa çatıb.

"Report" xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara görə, dövlət ittihamçısın apellyasiya protesti qismən təmin edilib. Mahir Şirvanovun barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla onun cəzası 6 ilə qədər artırılıb. Mahir Şirvanovun vəkili tərəfindən verilən apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, bu ilin sentyabrın 9-da Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mahir Şirvanov Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 3 il müddətinə azadlıqdan mərhum edilib.