"Cenevrədən sonrakı diplomatik təşəbbüslər də uğursuz olarsa, İrana mümkün zərbələrin endirilməsi ehtimalı reallaşacaq”
Fevralın 17-də Cenevrədə keçiriləcək görüş ərəfəsində İran və ABŞ arasında barışıq əlamətləri müşahidə olunmur.
Reuters agentliyinin yaydığı məlumata görə, ABŞ rəsmiləri bildiriblər ki, Amerika ordusu bir neçə həftədir Prezident Donald Trampın göstərişi ilə İrana qarşı mümkün hərbi əməliyyat ssenariləri üzərində işləyir. Eyni zamanda, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) fevralın 16-da Hörmüz boğazında hərbi təlimlərə başlayıb. Mənbə qeyd edir ki, Hörmüz boğazı beynəlxalq əhəmiyyətli strateji keçiddir və Bəsrə körfəzi ölkələrinin əsas neft ixrac marşrutudur.
Hörmüz boğazı qlobal enerji təhlükəsizliyi baxımından kritik əhəmiyyət daşıyır. Dünyada dəniz yolu ilə daşınan neftin mühüm hissəsi məhz bu marşrutdan keçir və burada yaranan hərbi-siyasi gərginlik beynəlxalq bazarlara birbaşa təsir göstərə bilər.
Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə danışıqlar aparmaq üçün Cenevrəyə gəldikdən sonra X sosial şəbəkəsində paylaşım edərək bildirib ki, Tehran ədalətli və balanslı razılaşmaya nail olmaq üçün real təşəbbüslərlə danışıqlara qatılıb.
Analitiklər hesab edirlər ki, hər iki tərəfin paralel şəkildə həm diplomatik, həm də hərbi hazırlıq xəttini aktiv saxlaması qarşıdakı mərhələdə gərginliyin azalmayacağına işarə edir. Cenevrə görüşü isə bu mürəkkəb prosesdə ya gərginliyin dərinləşməsi, ya da məhdud kompromis üçün ilkin zəmin rolunu oynaya bilər.
Hərbi-siyasi ekspert Həşim Səhrablı Sherg.az-a bildirib ki, indiki vəziyyətdə Cenevrədə hər hansı yekun nəticənin əldə ediləcəyi gözlənilmir:
“Çünki hər iki tərəfin bölgədə artan risklər fonunda həyata keçirdiyi siyasət, xüsusilə hərbi təlimləri Cenevrə görüşü ərəfəsinə salması etimad mühiti formalaşmadığından xəbər verir. Yəni tərəflər bir-birinə güvənmir. Belə şəraitdə isə təbii olaraq daha ehtiyatlı siyasət yürütməyə çalışırlar. Bu isə danışıqlar prosesində şəffaflığı zəiflədir. Şəffaflıq olmadıqda isə həm İran, həm də ABŞ yalnız öz maraqlarından çıxış edəcək. Hətta tərəflərdən biri digərinə şərtlərini diktə etməyə çalışacaq. Bu da danışıqlar prosesini poza, pozmasa belə, yekun və məqbul nəticəyə gəlməyi çətinləşdirə bilər”.
Analitik qeyd edib ki, bununla tərəflər bir-birinə “istənilən ssenariyə hazırıq” mesajı verirlər:
“Yəni danışıqların nəticəsi nə olursa-olsun, əgər proses müharibəyə apararsa, buna da hazır olduqlarını nümayiş etdirməyə çalışırlar. Bu vəziyyət təkcə danışıqlar prosesini korlamaqla qalmır, eyni zamanda müharibə riskini artırır və diplomatiya üçün qalan son imkanları da zəiflədir. Cenevrədən sonrakı diplomatik təşəbbüslər də uğursuz olarsa, həmçinin yeni görüşlərin təşkil edilməzsə, İrana mümkün zərbələrin endirilməsi və bunun genişmiqyaslı müharibəyə çevrilməsi ehtimalı reallaşacaq”.