Ağ Evin mətbuat katibi Kerolayn Levitt Kiyevin “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükü ilə bağlı müraciətini şərh edib.
Levitt bildirib ki, ABŞ Prezidenti Donald Tramp əsas diqqətini ABŞ ordusunun silah-sursat ehtiyatlarının bərpasına yönəldib.
Sherg.az xəbər verir ki, Ağ Evin nümayəndəsi keçmiş prezident Co Baydenin qərarlarını da tənqid edib. Onun sözlərinə görə, Bayden administrasiyası ABŞ-ın əhəmiyyətli miqdarda silah-sursatını Ukraynaya və digər ölkələrə göndərib.
“Prezident silah-sursatla bağlı mövqeyimizi çox aydın şəkildə ifadə edib. Təəssüf ki, Co Baydenin Ukraynaya və dünyanın digər ölkələrinə böyük həcmdə silah-sursat verməsi faciəvidir”, - Levitt deyib. O əlavə edib ki, Tramp hakimiyyətə gəldiyi ilk gündən ABŞ-ın silah ehtiyatlarının bərpasına diqqət yetirib.
Qeyd edək ki, Vladimir Zelenski Ukraynanın hava hücumundan müdafiəsi ilə bağlı problemlərə görə Qərbi məsul tutub və Kiyevə müdafiə dəstəyi göstərilməsini tələb edib.
Daha sonra Zelenski Ukrayna ordusunun 85 “Patriot” raketinin “bütün qış” üçün kifayət edəcəyini bildirib. Rusiya tərəfi isə bu sayda raketin Ukraynanı müdafiə etmək üçün kifayət etməyəcəyini, Rusiyanın bir zərbə zamanı 90-a qədər raketdən istifadə etdiyini iddia edir.