"Birdəki İrəvanın Aİ-yə inteqrasiyası üçün KTMT və MDB daxil olmaqla Rusiyanın iştirak etdiyi bütün təşkilatlardan çıxması şətdir"
Müharibələr bir çox ölkəyə mənfi təsir göstərsə də, bəzilərinə yeni qazanc və imkanlar gətirir. Yaxın Şərqdə tüğyan edən proseslər isə Ermənistanın işinə yaramağa başlayıb.
Son zamanlar Avropa İttifaqı ilə Ermənistan arasında diplomatik təmaslar artmaqdadır. Rusiya uzun illərdir ki, postsovet məkanını öz “təsir zonası” kimi görür. Avropa İttifaqı isə onun təsirinə məruz qalan ölkələri “təhlükəsizlik çətiri” altına yığmağa başlayıb.
Təşkilat, Ermənistanın parlament seçkiləri ərəfəsində hibrid təhdidlərə qarşı dayanıqlılığını artırmaq məqsədilə mülki missiya göndərib. Onlar iki il müddətində rəsmi İrəvana dəstək verəcəklər. Digər tərəfdən isə aprelin 14-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Avropa İttifaqının diplomatiya rəhbəri Kaya Kallas arasında Brüsseldə baş tutan görüşdə energetika sahəsində əməkdaşlığın vacibliyindən bəhs olunub. Aİ-nin iqtisadi əlaqələrdən savayı, Cənubi Qafqaza meyil etməsinin araxasında hansı səbəblərin dayandığı maraq dairəsinə çevrilib.
Mövzu ilə bağlı hərbi-siyasi ekspert Həşim Səhrablı Sherg.az-a bildirib ki, Avropa İttifaqı enerji təhlükəsizliyini təmin etmək məqsədilə etibarlı tərəfdaş axatışındadır:
“Dünyada baş verən hərbi toqquşmalar Avropanın enerji təhlükəsizliyini və hərbi-siyasi imkanlarını ciddi risklərlə üz-üzə qoyub. Hazırda onlar etibarlı tərəfdaşların sayını artırmağa fokuslanıblar. Hörmüz boğazı ətrafında gərginləşən proseslər və İran üzərindən marşrutların sanksiyalar səbəbindən əlçatmaz olması, Avropa üçün alternativ ölkələrə yönəlmə zərurətini artırır. Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xətlərinin açılması, eləcə də enerji və tranzit marşrutlarının genişləndirilməsi Avropa İttifaqının regiona daha cəlbedici yanaşmasına səbəb olub”.
Analitikin sözlərinə görə Aİ, Azərbaycan və Ermənistanla əməkdaşlığı gücləndirərək iqtisadi problemlərin aradan qaldırılması istiqamətində addımlar atmağa məcbur qalıb:
“30 il əvvəl Ermənistan Azərbaycana qarşı təcavüzkar siyasət yürüdərkən, Avropa ölkələri azərbaycanlıların ədalət axtarışına biganə qaldı. Bir vaxtlar Cənubi Qafqazdakı proseslərə göz yuman Avropa indi çıxış yolu axtarmaq üçün region ölkələrinin qapısını döyməyə başlayıb. Avropa İttifaqı Ermənistanın dövlətçilik və suverenliyinə qarşı potensial təhdidlərin yarana biləcəyini yaxşı anlayır. Yadınızdadırsa, S.Sarkisyan və R.Köçaryanın prezidentliyi dövründə Ermənistan Rusiya və İranın maşası kimi hərəkət edirdi”.
H. Səhrablı Ermənistanın əvvəlki və hazırkı vəziyyətini müqayisə edərək, xarici siyasət sahəsində müşahidə olunan dəyişiklikləri təhlil edib:
“Revanşist qüvvələrin Rusiya ilə birləşən yolunu dəyişdirən əsas siyasi fiqur Nikol Paşinyan oldu. Hazırda ölkə daxilində Rusiyaya münasibətdə fərqli mövqelər müşahidə olunur. Moskva tərəfindən də vaxtaşırı Ermənistanın dövlətçiliyinə yönələn təhdidlər səsləndirilir. Son proseslərdən sonra İran tərəfi də Ermənistanın etibarlı tərəfdaş olmadığını anlamağa başlayıb. İrəvan rəhbərliyi İranın hücumlara məruz qaldığı dövrdə tərəfdaşlıq münasibətlərini önə çıxarmaqdansa, prioritet olaraq TRIPP layihəsini gündəmdə saxladı”.
Ekspertin fikrincə, Avropa İttifaqı bölgədə yerləşməklə, zamanla həm iqtisadi, həm də hərbi cəhətdən bütün imkanları öz məqsədlərinə uyğun şəkildə istifadə edəcək:
“Aİ missiyasının böyük vədlərlə ikinci dəfə bölgəyə gətirilməsi İran sərhədləri ətrafında risklərin artmasına səbəb ola bilər. Bu da İran rəsmilərinin Ermənistana qarşı narazılığını artıracaq. Ona görə də Avropa İttifaqı yeni missiya ilə Ermənistanın dövlətçiliyini və Qərbmeyilli Paşinyan hakimiyyətinin mövcudluğunu qorumağa cəhd göstərir. Avropa İttifaqının bu addımının pərdəarxasında başqa məqsədlərin də dayana biləcəyi istisna edilmir. Məsələn, təşkilatın bölgədə yerləşməsi strateji və kəşfiyyat xarakterli maraqlara xidmət edə bilər. Bu addım birbaşa Azərbaycan və İran üçün risk daşıyır”.
H.Səhrablı vurğulayıb ki, Ermənistanın Avropa İttifaqına üzv olub olması qeyri-müəyyən olaraq qalır:
“Ermənistanın Aİ-yə inteqrasiyası üçün KTMT və MDB daxil olmaqla Rusiyanın iştirak etdiyi bütün təşkilatlardan çıxması şətdir. Əgər Ermənistan Rusiyadan tam uzaqlaşıb, Aİ-yə yönələrsə, Kremlin sərt zərbələrinə məruz qalacaq. Bununla da Avropa İttifaqı Ermənistanı qəbul etməyin siyasi və təhlükəsizlik baxımından yaratdığı riskləri də qiymətləndirmək məcburiyyətində qalacaq. Ermənilər nə qədər çalışsa da, Avropa onların ittifaqa üzv olmasına imkan verməyəcək. Çünki Ermənistanın Aİ üçün ciddi iqtisadi dəyər yarada biləcək nə texniki potensialı, nə də təbii resurs bazası mövcuddur”.