Azər Allahverənov: “Türk Dünyası üçün QHT-ləri birləşdirən platforma tarixi addımdır”

Türk dünyası üçün mühüm əhəmiyyət kəsb edən yeni bir mərhələ başlamaqdadır. Noyabrın 25-də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunda qəbul edilən qərar, türk dünyasında vətəndaş cəmiyyəti səviyyəsində əməkdaşlığın gücləndirilməsi baxımından tarixi əhəmiyyət daşıyır. Qərara əsasən, QHT-ləri birləşdirən platforma yaradılacaq və onun katibliyi Bakıda fəaliyyət göstərəcək. Bu, yalnız yeni bir institusional strukturun formalaşması deyil, həm də Türk Dövlətləri Təşkilatının institusional inkişafının və strateji əhəmiyyətinin artması üçün vacib bir addım olaraq qiymətləndirilir.

TDT ölkələri QHT-lərinin Platformasının sədri Azər Allahverənov Sherg.az-a açıqlamasında Türk dünyası üçün mühüm əhəmiyyət kəsb edən bu qərarın xüsusilə vacib olduğunu söyləyib:

"Sözün əsl mənasında, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatları arasında belə bir institusional yeniliyin baş verməsi günün tələbidir. Türk Dövlətləri Təşkilatını müxtəlif formatlarda nəzərdən keçirdikdə, xüsusilə əməkdaşlığın müxtəlif sahələrini əhatə edən spektrinə baxdıqda görürük ki, bu əməkdaşlıq artıq təqribən 34 platforma üzərində geniş vüsət alıb. Bu platformalar intensiv fəaliyyət göstərir.

Platformalar vasitəsilə həm Türk Dövlətləri Təşkilatının institusional inkişafı, həm də onun geosiyasi və strateji əhəmiyyəti artır. Qeyri-hökumət təşkilatları səviyyəsində əlaqələr ümumilikdə bir qədər zəif olsa da, iki və üç tərəfli münasibətlər kifayət qədər çoxdur. Məsələn, Azərbaycan-Özbəkistan, Azərbaycan-Türkiyə və Azərbaycan-Qazaxıstan qeyri-hökumət təşkilatları arasında çoxsaylı təmaslar mövcuddur. Əməkdaşlıq forumları da keçirilib. Özbəkistanla iki əməkdaşlıq forumumuz olub. Yaxın vaxtlarda isə Azərbaycan-Qazaxıstan və Azərbaycan-Türkiyə forumlarının keçirilməsi nəzərdə tutulur.

Amma noyabrın 25-də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunda qəbul edilmiş qərar xüsusilə əhəmiyyətlidir. Bu qərar, QHT-ləri birləşdirən platformanın yaradılmasını və katibliyin Bakıda yerləşməsini nəzərdə tutur".

Sədr QHT-ləri birləşdirən platformanın katibliyinin Bakıda yerləşdirilməsini tarixi hadisə adlandırıb:

"2009-cu ildə məhz Naxçıvanda Türk Dövlətləri Təşkilatının yaradılması barədə qərar qəbul olunub. Beləliklə, biz yeni bir mərhələyə qədəm qoyuruq.

Bu, yeni bir yolun başlanğıcıdır və vətəndaş cəmiyyəti vasitəsilə reallaşır. Strukturların yaradılması, əlaqələndirmə işləri və digər məsələlər isə hələlik işlənməkdədir. Platformanın fəaliyyətinin təşkili və geniş səpkidə təşkil olunması bu qərardan sonra atılacaq addımlarla müəyyən ediləcək.

Bütün türk dövlətlərini əhatə edə biləcək fəaliyyətlər qeyri-hökumət təşkilatları arasında əlaqələrin inkişaf etdirilməsi üzərindən qurulacaq. Bu fəaliyyətlər institusional və konseptual cəhətdən təkmilləşdirmə, təcrübə mübadiləsi, təlimlər və digər fəaliyyətlərin koordinasiyasını əhatə edəcək.

Eyni zamanda, Türk Dövlətləri Təşkilatının qəbul etdiyi qərarlarda ictimai diplomatiya ilə bağlı vacib komponentlər mövcuddur. Bu komponentlər platforma vasitəsilə icra olunacaq.

Nəticədə platformanın fəaliyyət planı təşkilatın qəbul etdiyi qərarlar əsasında hazırlanacaq. Katiblik hər bir ölkədə əlaqəli şəxslərlə əməkdaşlıq edəcək. Bu barədə bir ay ərzində məlumat veriləcək və bundan sonra fəaliyyət planının tərtibi və digər işlərlə bağlı zəruri addımlar atılacaq.

Hazırda Türk Dövlətləri Təşkilatında sədrlik Azərbaycana məxsusdur. Buna görə də baş katibliyi Azərbaycandan olan şəxs, yəni mən həyata keçiriləcəm".

A.Allahverənov gələcəkdə sədrliyin rotasiya prinsipi əsasında dəyişdiyi üçün baş katibin də həmin prinsiplə dəyişdirilə biləcəyini söyləyib: 

"Ən önəmli məsələ Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının platformasının katibliyi daim Bakıda yerləşəcəyidir. Bu, qeyri-hökumət təşkilatlarının və bütövlükdə vətəndaş cəmiyyətinin inkişafına böyük təsir göstərə biləcək bir prosesdir. Dövlətimiz və türk dünyamız üçün bu iş xeyirli və uğurlu olsun".