Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;
Qoşulmama Hərəkatının üzv dövlətləri səsimizi qlobal miqyasda eşitdirmək üçün mövqeyimizi dəstəkləyəcək
Dövlət başçısının bir çox mötəbər qonaqların, təşkilatların iştirak etdiyi tədbirdə belə mühüm bir məsələni gündəmə daşıması çox önəmlidir
Ermənistanın Azərbaycana qarşı hərbi cinayətləri davam etməkdədir. 44 günlük Vətən müharibəsindən ötən iki ildən çox müddətdə məlum olur ki, Ermənistan nəinki İkinci Qarabağ müharibəsindən əvvəl basdırdığı minaların tam xəritəsini Azərbaycan tərəfinə təqdim etmədi, hətta yeni minalama prosesini həyata keçirdi. Bu əməliyyat və minalanma işləri nəticəsində hazırda Azərbaycanın mülki şəxsləri, hərbi qulluqçuları xəsarət almaqda, həlak olmaqdadır. İşğaldan azad olunmuş ərazilərdə yalnız tank əleyhinə deyil, həm də piyada əleyhinə minalar basdırılıb. Ermənistan hətta qadağan olunmuş minalardan belə istifadə edir. Piyada əleyhinə minaların beynəlxalq konvensiyalarda istifadəsi və istehsalı qadağandır. Çox təəssüf ki, beynəlxalq təşkilatlar mina terroruna görə Ermənistanı qınamır və ona sanksiya tətbiq etmir. Ermənistan açıq müharibədə məğlub olub, lakin mina savaşını davam etdirir. Əgər bu kimi halların qarşısı alınmasa, Azərbaycan Ordusu erməni separatçı bölmələrinin məhv edilməsi istiqamətində antiterror əməliyyatları başlamaq məcburiyyətində qalacaq. Avropa İttifaqı, Rusiya, ABŞ, Fransa Ermənistanın ölkəmizdə qarşı apardığı mina müharibəsinə görə konkret addımlar atmalı və bu terrorun qarşısını almalıdırlar. Xatırladaq ki, bu ilin ilk rübündə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilən ərazilərdə aparılan minatəmizləmə fəaliyyəti zamanı 3 min 878 ədəd mina və partlamamış hərbi sursat aşkar olunub, 7 min 944 hektar ərazi təmizlənib. Ermənistanın mina terroru iyulun 5-də Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü zamanı da gündəmə gətirilib. Mühüm konfransda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev vurğulayıb ki, ərazilərimiz işğaldan azad edildikdən sonra Azərbaycan indi bir sıra nəhəng çağırışlarla üz-üzədir: "Keçmişdə işğal altında olmuş ərazilərdəki dağıntıların miqyasından dəhşətə gəldik. Azərbaycanın şəhər və kəndləri Ermənistan tərəfindən qəsdən dağıdılmış, talan olunmuş, bütün mədəni və dini abidələr, məscidlər təhqir olunmuş, qarət edilmişdi. Ermənistan işğal etdiyi ərazilərdə urbisid, kultursid və ekosid törətmişdi. İşğal altında olmuş ərazilərdəki 67 məsciddən 65-i dağıdılıb, qalanlarından isə donuz və inəklər üçün tövlə kimi istifadə edilib ki, bu da bütün dünya müsəlmanlarına qarşı təhqirdir. Altmış min hektar meşəlik məhv edilmiş, kəsilmiş və daşınmışdı, torpaqlarımız və çaylarımız çirkləndirilmiş və zəhərləndirilmişdi. Ermənistan indi isə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhədində transsərhəd ekoloji fəlakət törətməkdə davam edir. Bununla Ermənistan 1991-ci il Transsərhəd kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyasından (Espoo Konvensiyası) irəli gələn öhdəliklərini pozmuş olur. Bu Konvensiyada ölkələrin mənfi transsərhəd təsirlərdən qaçmaq üçün bir-biri ilə məsləhətləşmələr aparmasının vacibliyi açıq şəkildə qeyd edilir". Ölkə başçısı diqqətə çatdırıb ki, Ermənistanın işğalının digər mənfi fəsadı minalardır: "Azərbaycan hazırda dünyada minalarla ən çox çirkləndirilmiş on ölkə sırasındadır. 2020-ci ilin noyabrında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlayışı nəticəsində təxminən 300 azərbaycanlı həlak olub və ya ağır yaralanıb. İşğaldan azad edilmiş ərazilərdə baş verən hər bir mina partlayışı Ermənistanın törətdiyi hərbi cinayətlərin uzun siyahısının davamıdır. Mina problemi Ermənistan tərəfindən Azərbaycan xalqının fundamental insan hüquqlarının pozulmasıdır. 2020-ci ildə kapitulyasiyadan sonra da Ermənistan külli miqdarda mina istehsalını davam etdirirdi və onları Laçın sərhəd-gömrük buraxılış məntəqəsi yaradılana qədər Azərbaycanın Qarabağ bölgəsinə daşıyırdı. Minalar yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışını ləngidir. Bunu nəzərə alaraq, Azərbaycan humanitar minatəmizləmə üzrə xüsusi milli Dayanıqlı İnkişaf Məqsədi müəyyənləşdirib. Bundan başqa, Azərbaycan qlobal miqyasda humanitar minatəmizləmə səylərini dəstəkləyir və minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təklifini irəli sürmüşdü. Əminəm ki, Qoşulmama Hərəkatının üzv dövlətləri səsimizi qlobal miqyasda eşitdirmək üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər qrupunun yaradılması təklifimi dəstəkləyəcəklər. Ermənistan, həmçinin Birinci Qarabağ müharibəsi nəticəsində işgəncələrə məruz qalan, öldürülən və kütləvi məzarlıqlarda basdırılan 4 minə yaxın itkin düşmüş azərbaycanlının taleyinin müəyyənləşdirilməsində tam şəffaflığı təmin etməli və əməkdaşlıq etməlidir".
BMT-nin dəyərləndirməsinə əsasən, bu gün dünya boyu 70-dək ölkədə basdırılmış minaların ümumi sayı 100-120 milyon civarındadır. Hər gün orta hesabla dünyada 70-dək insan minaya düşür, minalardan zərər çəkmiş hər 3 nəfərdən biri isə uşaqdır. Minalanmış ərazilərdə təsərrüfat fəaliyyəti aparmaq mümkünsüzdür, bu isə ərazisi kiçik, əhalisi sıx olan ölkələrin rifahına öz təsirini göstərir. 1996-cı ildə BMT-nin təşəbbüsü ilə humanitar məqsədlə "minalardan təmizləmə əməliyyatları üçün beynəlxalq standartlar" işlənib hazırlanıb. Bu standartların ərazilərin təmizlənməsi keyfiyyətinə dair əsas tələbi belədir: 20 sm-dək qalınlığı olan torpaq təbəqəsinin 99,6 faizi mina və partlayıcı maddələrdən təmiz olmalıdır. Minaların aşkarlanması və zərərsizləşdirilməsi üçün mövcud texniki vasitələr bu qədər yüksək təmizlənməni təmin etmir və nəticədə, təmizlənmiş ərazilərin 80 faizdən çoxu insanın iştirakı ilə - əl ilə təmizlənir.
Millət vəkili Ceyhun Məmmədov "Sherg.az"a bildirib ki, dövlət başçısının Qoşulmama Hərəkatının iclasında toxunduğu mühüm məsələlərdən biri də ermənilərin mina terroru ilə bağlı idi. Deputat xatırladıb ki, Ermənistanın hərbi cinayətləri nəticəsində minaların partlaması nəticəsində 300-ə yaxın Azərbaycan vətəndaşı həyatını itirib:
"Hazırda Azərbaycan ciddi formada mina təhlükəsi ilə üz-üzədir. Minalanmış ərazilərin tam şəkildə təmizlənməsi üçün beynəlxalq əməkdaşlığa çox ciddi ehtiyac var. Hesab edirəm ki, dövlət başçısının bir çox mötəbər qonaqların, təşkilatların iştirak etdiyi tədbirdə belə mühüm bir məsələni gündəmə daşıması çox önəmlidir. Prezidentin diqqət yönəltdiyi mina təhlükəsi bir çox təşkilatların, o cümlədən dövlətlərin nəzərlərini Azərbaycana, işğaldan azad edilmiş ərazilərimizə cəlb edəcək. Ümid edirik, həmin qurumlar və xarici dövlətlər bu istiqamətdə Azərbaycana mümkün dəstəyi, görülən işlərə öz töhfələrini verəcəklər".