- “Dünyada Azərbaycanla hesablaşırlar, çünki biz vəhdəti təbliğ edirik”
Xalqımızın genetik yaddaşında dərin iz qoymuş 15 sentyabr tarixi Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət siyasətində də layiqli yerini tutdu. 1918-ci il 15 sentyabr günü Qafqaz-islam ordusu Bakını bolşevik və erməni daşnak silahlı birləşməsinin işğalından azad etməklə qədim paytaxtı Azərbaycana qaytardı. 70 ilə yaxın davam edən sovet işğalı da xalqımızın yaddaşından bu tarixi günün bəxş etdiyi qüruru qıra bilmədi.
Üzərindən 100 il keçdikdən sonra 2026-cı ilin 15 sentyabrında Bakımız Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısına, həmçinin məqbərəsi qədim İçərişəhərimizdə yerləşən böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransa ev sahibliyi etdi. Bu iki mötəbər tədbir Azərbaycan dövlətinin türk – islam dünyasında tutduğu güclü mövqeyin təsdiqidir. Azərbaycan bu gün dünyada türk və islam aləmini birləşdirən siyasi-mədəni gücdür. Bu gerçəklik Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən səsləndirdiyi fikrilərdə aydın izahını tapdı. Cənab Prezident qeyd etdi ki, beynəlxaql miqyaslı iki tədbirin bu günlərdə Bakıda keçirilməsinin böyük mənası var. Çünki biz öz dahi şəxsiyyətlərimizlə, mütəfəkkirlərimizlə, şairlərimizlə həmişə fəxr edirik: “Seyid Yəhya Bakuvi onlardan biridir. XV əsrdə yaşayıb-yaratmış Yəhya Bakuvi çox böyük bir iz buraxmışdır. Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər, şairlər, mütəfəkkirlər bəxş etmişdir. Sadəcə olaraq, onların adlarının sadalanması göstərir ki, xalqımız və diyarımız nə qədər istedadlarla zəngindir - XII əsrdə Nizami Gəncəvi, Xaqani Şirvani, XIV əsrdə İmadəddin Nəsimi, XV əsrdə Yəhya Bakuvi, XVI əsrdə Şah İsmayıl Xətai, Məhəmməd Füzuli. Yəni onların hər biri böyük bir dünyadır. Onların qoyduqları miras, tarixi-mədəni irs bu gün bizim üçün, onların davamçıları üçün, bütün Azərbaycan xalqı üçün və deyə bilərəm ki, bütün İslam aləmi üçün çox böyük dəyərdir”.
Cənab Prezident dünyada və xüsusilə müsəlman aləmində baş verən proseslərə toxunaraq hadisələrin hamımızı narahat etdiyini söylədi və qeyd etdi ki, biz Azərbaycanda hər zaman çalışmışıq və çalışacağıq ki, İslam həmrəyliyini əməli-praktiki addımlarla, öz işimizlə gücləndirək”. Bu məqamı xüsusi vurğulamalıyıq ki, Azərbaycan islam həmrəyliyinin qorunmasında İslam Əməkdaşlıq Təşkilatı, eyni zamanda ICESCO ilə sıx əməkdaşlıq edərək aktiv siyasi xətt yürüdərək özü də bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib.
İlahiyyatçı Hacı Atif İsmayılov mövzu ilə bağlı Sherg.az-a açıqlamasında Bakıda keçirilən hər iki tədbirin həm türk, həm də islam dünyası üçün çox mühüm əhəmiyyət kəsb etdiyini bildirdi:
- Bunu mütləq vurğulamalıyıq ki, coğrafi və siyasi baxımdan Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan cənab Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində bu gün həqiqətən də türk və islam dünyasının mərkəzinə çevrilib, vəhdətin, mədəniyyətlərarası dialoqa, dini tolerantlığa açıq, sülhpərvər bir ölkədir. Və sülhün ən fəal təbliğatçılarından biridir. Ölkəmizin islam dünyasında böyük hörmət, sayğı qazanması əsassız deyil. Bir çox amillər var ki, Azərbaycan dövlətini islam aləmində mötədil ölkə kimi tanınmasına səbəb olub. Bu gün dünya ölkələri Azərbaycanla hesablaşır, onun rəyini əsas tutur, çünki biz vəhdəti təbliğ edirik, hər kəsin dini etiqad azadlığını tanıyır, hüququnu qəbul edir və hər kəsə eyni imkanlar təqdim edirik. Dünyada bunun analoqu çox az tapılar.
H.A.İsmayılov qeyd etdi ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikaları arasında İslam Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv qəbul olunan ilk dövlət olub:
- Bundan sonra da əvvəlcə ümummilli lider Heydər Əliyevin gələcəyə hesablanmış siyasəti, sonra da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti ölkəmizin islam aləmində daha yaxından tanınması və söz sahibinə çevrilməsinə səbəb oldu. 2017-ci il ölkəmizdə "İslam Həmrəyliyi İli" elan olundu. Bu çərçivədə Bakıda və xarici ölkələrdə irimiqyaslı tədbirlər təşkil edildi. Məsələn Bakıda “İslam həmrəyliyi: zamanın çağırışı" mövzusunda Beynəlxalq Konfrans, dünyanın müxtəlif ölkələrində də "İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası" mövzulu konfrans və forumlar keçirildi. Bu beynəlxalq tədbirlər dünyaya islam mədəniyyətinin sülh və dözümlülük mesajları verdi. Bakı IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi. Təsəvvür edin ki bu idman yarışlarında 50-dən çox müsəlman ölkəsindən 3000-dən artıq idmançı iştirak edirdi. Bu, islam dünyası gənclərinin birliyi, dostluğu və mədəni mübadiləsi üçün qlobal miqyaslı bir sülh platformasına çevrilmişdi. Dövlətimizin 2008-ci ildə əsasını qoyduğu "Bakı Prosesi" çərçivəsində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları demık olar hər il keçirilir. Bu platforma vasitəsilə də Azərbaycan islam aləmi ilə Avropa - Qərb, ümumən dünya sivilizasiyaları arasında etibarlı mədəni-humanitar körpü rolunu oynayır. Azərbaycan dünyada bəzi məkrli qüvvələrin əliylə təəssüf ki artan islamofobiya meyillərinə qarşıdır və hər il Bakıda beynəlxalq elmi konfranslar keçirərək qlobal mübarizəyə rəhbərlik edən ölkələr sırasında dayanır.
H.A.İsmayılov qeyd etdi Azərbaycan dünyaya tolerantlıq nümunəsini əyani şəkildə göstərən, əsrlərdir bir çox xalqların, etnik qrupların bütöv xalq kimi mehribanlıq, səmimiyyət şəraitindıə yaşadığı və dövlətə bağlılığın bərqərar olduğu ölkədir:
- Azərbaycan hər kəsin dini etiqad azadlığının tam təmin olunduğu hüquqi və tolerant bir dövlətdir. Bu daxili harmoniya və müxtəlif dinlərin, məzhəblərin birgə mehriban yaşayışı bütövlükdə dünyaya ən gözəl örnəkdir. Biz bu gün də şahid oluruq ki, xaricdən idarə olunan bəzi qüvvələr dindar-ateist qarşıdurması yaratmağa cəhd edir, əsrlərlə ölkəmizdə bərqərar olmuş milli-dini həmrəyliyi pozmağa çalışırlar. Amma onların niyyəti baş tutmur. Dövlətimiz bu cür çirkin əməllərin qarşısını alır. İnsanlar arasında birliyi pozamağa yönəlmiş çağırışlar, davranışlar əlbəttə, yolverilməzdir. Biz indiyədək dünyaya necə müsbət örnək olmuşuqsa, bundan sonra da bu istiqamətdən ayrılmamalıyıq. Dünya ölkələri arasında türk-islam birlyini pozmağa, səflərimizi dağıtmağa, bizləri zəiflətməyə çalışanlar, bunu istəyənlər var. Onların məkrli niyyətini biz həmrəyliyimizi daha da qüvvətləndirməklə aradan qaldıra bilərik. Xalqımızın sahib olduğu islam dəyərləri bizim milli-mənəvi kimliyimizin ayrılmaz hissəsidir. Bu dəyərlərə sadiqlik və daxili dini vəhdət qlobal müstəvidə də müsəlman ölkələri arasında birliyin bərqərar olunmasına mənəvi dəstək xarakteri daşıyır. Bu mənəvi irsi gələcək nəsillərə ötürmək üçün vəhdətimizi gücləndirməli, sülh və qardaşlıq prinsiplərinin fəal təbliğatçısı olmalıyıq.