- Siyasi həmrəylik, təhlükəsizlik əməkdaşlığı, investisiya, ticarət və nəqliyyat bağlantıları eyni strateji xəttin müxtəlif elementləri kimi çıxış edir
Azərbaycanın xarici siyasətində Türk dünyası istiqaməti son illərdə yalnız siyasi həmrəylik müstəvisi kimi deyil, həm də təhlükəsizlik, iqtisadiyyat, investisiya, nəqliyyat və regional əməkdaşlıq baxımından strateji xətt kimi formalaşır. Prezident İlham Əliyevin “Türk dünyası bizim ailəmizdir və başqa ailəmiz yoxdur” fikri bu siyasətin mahiyyətini ifadə edən əsas siyasi mesajlardan biridir.
Burada diqqətçəkən məqam ondan ibarətdir ki, Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində çoxtərəfli əməkdaşlıqla kifayətlənmir. Təşkilata üzv ölkələrlə ikitərəfli münasibətləri də paralel şəkildə inkişaf etdirir. Bu yanaşma Türk dünyasında siyasi əlaqələrin daha institusional və uzunmüddətli xarakter almasına şərait yaradır.
Azərbaycanın Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik münasibətlərini rəsmiləşdirən müqavilə və bəyannamələr imzalaması da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Söhbət yalnız diplomatik münasibətlərin genişləndirilməsindən getmir. Qarşılıqlı siyasi etimadın hüquqi və siyasi sənədlərlə möhkəmləndirilməsi Türk dövlətləri arasında münasibətlərin daha sistemli xarakter almasını göstərir.
Bu prosesin iqtisadi dayaqları da getdikcə güclənir. Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlarının yaradılması münasibətlərin siyasi müstəvidən real iqtisadi əməkdaşlığa keçdiyini göstərən mühüm nümunələrdəndir. Qarşılıqlı investisiyaların artırılması isə tərəfdaşlığı yalnız hökumətlərarası əlaqələr səviyyəsində saxlamır, biznes dairələri və iqtisadi strukturlar arasında da davamlı bağların yaranmasına imkan verir.
Əslində, burada daha geniş bir proses müşahidə olunur. Türk dövlətləri arasında münasibətlər tədricən ayrı-ayrı ikitərəfli əlaqələrin məcmusundan vahid əməkdaşlıq şəbəkəsinə çevrilir. Azərbaycanın bu şəbəkədəki mövqeyi isə onun coğrafi yerləşməsi ilə yanaşı, enerji, nəqliyyat, logistika və regional bağlantılar baxımından imkanları ilə də müəyyənləşir.
Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi, Mərkəzi Asiya dövlətləri ilə dərinləşən münasibətləri və TDT daxilində fəal diplomatik xətti bir-birini tamamlayan istiqamətlər kimi çıxış edir. Beləliklə, Bakı Türk dünyasının həm Qafqaz, həm də Avropa istiqamətində mühüm əlaqələndirici mərkəzlərindən birinə çevrilmək üçün mövcud imkanlarını genişləndirir.
İqtisadi əlaqələrin investisiya fondları vasitəsilə dərinləşdirilməsi də bu baxımdan təsadüfi deyil. Siyasi münasibətlərin iqtisadi mexanizmlərlə möhkəmləndirilməsi əməkdaşlığın dayanıqlığını artırır. Çünki uzunmüddətli siyasi tərəfdaşlıq üçün yalnız ortaq tarixi və mədəni bağların mövcudluğu kifayət etmir; qarşılıqlı iqtisadi maraqların da formalaşması vacibdir.
Azərbaycanın yanaşmasında Türk dünyası anlayışının məhz bu çoxşaxəli məzmun qazanması diqqət çəkir. Siyasi həmrəylik, təhlükəsizlik əməkdaşlığı, investisiya, ticarət və nəqliyyat bağlantıları eyni strateji xəttin müxtəlif elementləri kimi çıxış edir.
Bu baxımdan Azərbaycanın xarici siyasətində Türk dünyasına verilən prioriteti yalnız ideoloji və ya mədəni yaxınlıq çərçivəsində qiymətləndirmək düzgün olmazdı. Məsələ həm də Azərbaycanın regional və beynəlxalq mövqelərinin möhkəmləndirilməsi üçün çoxistiqamətli əməkdaşlıq platformasının qurulmasından gedir.
Nəticə etibarilə, Bakı Türk dünyası ilə münasibətlərini mərhələli şəkildə siyasi bəyanatlardan konkret institusional və iqtisadi mexanizmlərə keçirir. İkitərəfli müttəfiqlik sənədləri, birgə investisiya fondları və artan qarşılıqlı investisiyalar bu siyasətin praktiki dayaqlarını formalaşdırır. Bu proses davam etdikcə Türk dünyası daxilində siyasi və iqtisadi inteqrasiyanın dərinləşməsi üçün daha geniş imkanlar yaranır.