“Gəncliyin köklərindən uzaqlaşdığı fikri doğru deyil” - Fərid Şahbazlı

  • "Azərbaycan gəncliyinin gələcəyi üçün ümidli olmağa əsaslarımız var"
  • “44 günlük müharibə gəncliyin milli ruhunu bütün dünyaya göstərdi”

Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin son günlərdə - həm Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı, böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın iştirakçılarını, Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini, həmçinin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirdiyi fikirlər dövlətimizin hazırkı və gələcək siyasətinin konturlarını aydın göstərir. Hər üç mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin türk – islam dünyasında tutduğu güclü mövqeyi əyani şəkildə sübut edir.

Cənab Prezident də öz çıxışlarında səsləndirdiyi fikirlərlə Azərbaycanın hazırda türk və islam aləmini birləşdirən siyasi-mədəni güc, dövlət siyasətində də Türk dünyasının əsas prioritet olduğunu, “Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur” ifadəsi ilə də bu siyasi kursun dönməzliyini vurğuladı. Təbii ki, Prezidentin çıxışlarında daxili auditoriyaya, xüsusən gənclər siyasətinə aid dəyərli mesajlar vardır. Bundan əvvəl də Prezident müxtəlif tədbirlərdə iştirakı zamanı milli-mənəvi dəyərlərimizin qorunmasının bu gün gənclərin üzərinə bir vəzifə olaraq düşdüyünü bildirib.

Azərbaycan xalqının əsrlərə dayanan milli-mənəvi irsi heç şübhəsiz ki bir sıra məkrli qüvvələri narahat edən amildir. Ona görə də regionda hibrid mübarizə üsullarını gerçəkləşdirməyə can atırlar. Cəmiyyətdə əsassız yerə qarışıqlıq, aqressiya yaratmaq üçün xalqın inancına dil uzadaraq həssas təbəqələri narazı salmaq səy göstərirlər. Lakin ziyalılarımız, mənəvi dəyərlərlə tərbiyə almış gənclik bu səyləri heçə endirməyi bacarır. Cənab Prezident öz çıxışında Azərbaycandakı dini təşkilatların, ölkə ziyalılarının, intellektuallarının qarşısında məsuliyyət qoyur: dini maarifləndirmə işi genişlənsin, din adına cəhalətin, xurafatın yayılmasına, xarici ölkə çevrələrinin din ixracına, vətəndaşlarımızın müxtəlif məzhəblər adı altında radikallaşmasına, qarşıdurmasına təşviq edəcək ideoloji təxribatlara qarşı düşüncə meydanı boş buraxılmasın. Mənəviyyatımıza qarşı hücumların qarşısı alınsın. Çünki xalqımız intellektual səviyyəsi, tarixi kökləri ilə dünyaya üksək amallara söykənən mənəvi dəyərlərin qorunduğu sekulyar dövlət nümunəsini göstərməyə qadirdir. 

Gənclərin üzərlərinə düşən bu mühüm vəzifəni necə yerinə yetirəcəkləri bu günün real mənzərəsini obyektiv dəyərləndirməkdən çox asılıdır. 

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı Sherg.az-a açıqlamasında bildirdib ki, Ulu Öndər Heydər Əliyevin və cənab İlham Əliyevin prezidentliyə başladığı vaxtdan bu gün də daxil olmaqla Azərbaycan gəncliyinin vətənpərvər ruhda, milli-mənəvi dəyərlərə sadiq olaraq yetişdirilməsi əsas prioritetlərdən olub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsinin əsas hərəkət qüvvəsi də məhz vətənpərvər, milli-mənəvi dəyərlərə bağlı olan gənclər oldular. Azərbaycan gəncliyi məhz milli dəyərləri uca tutaraq düşmən üzərinə atıldı və xalqımıza, dövlətimizə şanlı qələbə qazandırdı:

- Sirr deyil ki, müasir dövrdə qloballaşma prosesləri, informasiya axınının sürətlənməsi və texnologiyanın inkişafı gənc nəslin dünyagörüşünə ciddi təsir göstərir. Bu şəraitdə milli-mənəvi dəyərlərin qorunması və inkişafı təkcə mədəniyyət siyasətinin deyil, bütövlükdə cəmiyyətin prioritet vəzifəsinə çevrilməlidir. Xüsusən də rəqəmsal dövrün əsas informasiya platforması olan sosial şəbəkələr, gənclərin düşüncə tərzini və həyat prioritetlərini formalaşdıran əsas məkanlardan biri halına gəlib. Belə bir mühitdə milli kimlik, mədəni dəyərlər və vətənpərvərlik duyğuları bəzən arxa plana keçir, hətta bəzi hallarda məqsədyönlü şəkildə aşındırılır. Qlobal trendlərin dominantlığı yerli mədəniyyət və milli ruhun kölgədə qalmasına səbəb olur. Gənclər arasında məşhur olan “influencer”lərin böyük əksəriyyəti milli-mənəvi dəyərlərin təbliğinə deyil, kommersiya maraqlarına və əyləncə yönümlü məzmun istehsalına xidmət edir. Bunun fonunda isə tarixi təhrif edən, tarixi şəxsiyyətləri hədəfə alan, dəyərlərimizi aşağılamağa çalışanların fəallaşması ciddi narahatlıq doğurur. 

F.Şahbazlı bildirdi ki, təəssüf ki, bu təsir yalnız mədəniyyətlə məhdudlaşmır. Gənclərin ana dilində ifadə zəifliyi, xarici dillərə hədsiz meyl, tarixi şəxsiyyətlər və milli kimlik haqqında bilik səviyyəsinin aşağı düşməsi də bu prosesin nəticəsidir. Xüsusilə son illərdə sosial şəbəkələrdə mənəvi dəyərlərin bilərəkdən hədəf alınması, gənclərin milli-mənəvi kimliyimizə zidd olan ideyalara cəlb olunması ilə bağlı cəmiyyətdə haqlı narahatlıq artmaqdadır: 

- Qloballaşmanın tarix boyu müxtəlif xalqların yaşam tərzinə və dünyagörüşünə təsiri göstərir ki, gənc nəslin nümayəndələri qarşısında milli-mədəni dəyərlərə sahib çıxmaq kimi xüsusi bir missiya dayanır. Bu, təkcə keçmişə bağlılıq deyil, həm də gələcəyə istiqamətlənmiş bir məsuliyyətdir. Yeni nəslin milli-mənəvi dəyərlərə ümumbəşəri baxışla yanaşması, bir tərəfdən bu dəyərləri qloballaşmanın zərərli təsirlərindən qorumağa xidmət etməli, digər tərəfdən isə Azərbaycan xalqının müstəqillik və qalibiyyət dövründə formalaşan milli özünüdərkini gücləndirməlidir. Cəmiyyətdə əvvəlki nəsillərlə müqayisədə bugünkü gənclik milli-mənəvi dəyərlərə, vətənpərvərlik ruhuna daha çox sahib çıxır kimi fikir formaşalıb. Bəziləri bu istiqamətdə pessimist yanaşmalar sərgiləsə də, mən əminliklə deyə bilərəm ki, bu gün Azərbaycanın gənc nəsli milli-mənəvi kimliyinə sadiqdir və bu dəyərləri yaşatmaqda əzmli davranır. Əgər bir xalqın gələcəyi onun gəncləri ilə ölçülürsə, bu gün Azərbaycanın gələcəyi üçün ümidli olmaq üçün kifayət qədər əsaslarımız var. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan gəncliyinin nümayiş etdirdiyi fədakarlıq, qəhrəmanlıq və milli birlik ruhu bunun ən bariz sübutudur. Minlərlə gəncin könüllü şəkildə cəbhəyə yollanması, torpaqlarımız uğrunda canından keçməsi təkcə vətən sevgisinin deyil, həm də nəsildən-nəslə ötürülən milli-mənəvi dəyərlərin yaşadığını göstərdi. Bundan əlavə, sosial şəbəkələrdə, ədəbi mühitdə, könüllülük hərəkatlarında və mədəni təşəbbüslərdə aktiv olan gənclərin əksəriyyəti öz milli kimliyinə sahib çıxmağı və onu qürurla təmsil etməyi bacarır. Gənclər öz təşəbbüsləri ilə Azərbaycan tarixi, mədəniyyəti, dili və dini dəyərləri ilə bağlı layihələr həyata keçirir, milli bayramlarımızı coşqu ilə qeyd edir, həm də bu dəyərləri beynəlxalq platformalarda tanıtmağa çalışırlar. Bəli, dövr dəyişib, texnologiya və qloballaşma yeni çağırışlar yaradır. Lakin bu, gəncliyin köklərindən uzaqlaşdığı anlamına gəlmir. Əksinə, bugünkü nəsil bu dəyişikliklərə uyğunlaşaraq milli dəyərləri müasir şəkildə ifadə etməyi bacarır. Bu da milli-mənəvi mirasın davamlılığını təmin edən vacib faktordur.