“Azərbaycan eyni vaxtda yol, şəhər və enerji infrastrukturunu qurur”
Azərbaycan son illər beynəlxalq siyasi, iqtisadi və humanitar tədbirlərin keçirildiyi mühüm qlobal mərkəzlərdən birinə çevrilib. Bu gün isə Bakı dünyanın ən nüfuzlu urbanizasiya platformalarından biri hesab olunan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyi edir. Belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq etimad qazandığını, qlobal inkişaf və dayanıqlı şəhərsalma proseslərində fəal tərəfdaş kimi qəbul olunduğunu göstərir.
WUF13 forumu Azərbaycan üçün yalnız diplomatik və imic baxımından deyil, həm də iqtisadi və strateji baxımdan mühüm əhəmiyyət daşıyır. Minlərlə xarici nümayəndənin Bakıya səfəri turizm, hotelçilik, nəqliyyat, xidmət və ictimai iaşə sahələrində ciddi canlanma yaradacaq, yerli biznes üçün yeni əməkdaşlıq və investisiya imkanları açacaq. Eyni zamanda forum Azərbaycanın şəhərsalma sahəsində həyata keçirdiyi müasir layihələri beynəlxalq auditoriyaya təqdim etmək üçün mühüm platformadır. Xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları Azərbaycanın innovativ və dayanıqlı inkişaf modelinin əsas nümunələrindən biri kimi diqqət çəkir. Yaşıl enerji, rəqəmsal idarəetmə və müasir infrastruktur prinsiplərinə əsaslanan bu layihələr artıq beynəlxalq maraq doğuran inkişaf nümunəsinə çevrilməkdədir. COP29-dan sonra WUF13 kimi nüfuzlu forumun da Bakıda keçirilməsi Azərbaycanın qlobal tədbirlər üçün etibarlı və strateji məkan statusunu daha da möhkəmləndirən mühüm göstərici hesab olunur.
Milli Məclisin deputatı, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Naqif Həmzəyev Sherg.az-a açıqlamasında bildirib ki, WUF13 forumunun Bakıda keçirilməsi ölkəmizin beynəlxalq arenada qazandığı etimadın, etibarlı tərəfdaş statusunun və idarəetmə potensialının rəsmi tanınmasıdır:
“Dünya Şəhərsalma Forumu, BMT-nin Yaşayış Məntəqələri Proqramı (UN-Habitat) tərəfindən hər iki ildən bir keçirilən ən nüfuzlu qlobal şəhərsalma platformasıdır. Onlarca ölkədən dövlət başçıları, nazirlər, şəhər planlaşdırıcıları, akademiklər və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak etdiyi bu forumun Bakıda keçirilməsi Azərbaycanın qlobal gündəm formalaşdırmaq iqtidarında olan bir dövlət kimi tanındığını sübut edir”.
Prezident İlham Əliyevin Forumdakı çıxışı və eyni zamanda "Euronews" televiziyasına verdiyi geniş müsahibəsinə diqqət çəkən deputat bildirib ki, çıxışın ən əhəmiyyətli hissəsindən biri işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa işlərinə həsr edilmiş blok idi. Onun fikrincə, Prezident İlham Əliyev bu mövzuda yalnız rəqəmlər və statistika ilə kifayətlənməyib, O, Azərbaycanın postmünaqişə yenidənqurmasında dünya praktikasına inteqrasiya edilə biləcək sistemli bir model qurduğunu bütün detalları ilə izah edib”.
Deputat qeyd edib ki, “Ağıllı kənd”, “Ağıllı şəhər” və “Yaşıl enerji” konsepsiyalarına əsaslanan layihələr regionun müasir standartlara uyğun şəkildə yenidən qurulmasını təmin edir:
“Azadlıq Şuşadan başladı, amma tikinti işləri ilə yanaşı, bir ideologiya da bərpa edildi. Bu torpaqlar təkcə fiziki mənada deyil, texnoloji, ekoloji və sosial mənada da yenidən qurulur. "Ağıllı şəhər" konsepsiyası çərçivəsində Ağdam, Füzuli, Zəngilan kimi şəhərlərdə yalnız binalar inşa edilmir — rəqəmsal idarəetmə sistemləri, enerji effektivliyi standartları, müasir nəqliyyat şəbəkələri, bərpaolunan enerji infrastrukturu eyni vaxtda layihələndirilir və qurulur. Bu, dünyada az sayda dövlətin belə miqyasda tətbiq etdiyi inteqrativ yenidənqurma yanaşmasıdır. "Ağıllı kənd" konsepsiyası isə kənd icmalarını da bu modernləşmə dalğasına qoşur. Fermerlərə rəqəmsal texnologiyalara çıxış, bərpaolunan enerji ilə işləyən infrastruktur, müasir aqrar texnologiyalar təqdim edilir. Bu model, kənd-şəhər ikiliyi problemini aradan qaldırmağa yönəlmiş mütərəqqi bir siyasi seçimdir. Prezident İlham Əliyev vurğuladı ki, azad edilmiş ərazilərdə bütün infrastruktur sahələri paralel şəkildə inşa edilir. Yollar, tunellər, körpülər, elektrik şəbəkələri, su təchizatı sistemləri, məktəblər, xəstəxanalar, mədəniyyət mərkəzləri — bunların hamısı ardıcıl yox, eyni vaxtda tikilir. Bu yanaşma, ənənəvi yenidənqurma modellərindən kökündən fərqlənir. Adətən münaqişə sonrası dövrdə əvvəlcə yollar, sonra evlər, daha sonra sosial infrastruktur qurulur. Azərbaycan isə bütün bu sahələri sinxron şəkildə inkişaf etdirir ki, insanlar qayıdarkən tam funksional bir mühitə qovuşsunlar”.
N. Həmzəyevin sözlərinə görə, işğaldan azad olunan rayonlarda həyata keçirilən yenidənqurma prosesində xüsusi diqqəti cəlb edən məqamlardan biri də Laçın, Füzuli, Zəngilan hava limanlarının qısa müddətdə istifadəyə verilməsi, Zəngilan-Ağbənd avtomobil yolunun tamamlanması, Ağdam dəmir yolunun bərpasıdır. O qeyd edib ki, bütün bu infrastruktur layihələri Azərbaycanın bərpanı nə qədər ciddi surətdə planlaşdırdığını nümayiş etdirir:
“Yenidənqurmanın arxasında dərin bir humanitar məna yatır. Onilliklərlə məcburi köçkün həyatı yaşamış insanlar öz doğma torpaqlarına qayıdır. Lakin Prezident İlham Əliyev bu prosesin mərhələli şəkildə aparıldığını xüsusi vurğulayəb. Bu ehtiyatlı yanaşma, insanların qayıtdıqda lazımi infrastrukturu, iş imkanlarını və xidmətləri hazır tapmasını təmin etmək məqsədi daşıyır. Dünya tarixindən çoxsaylı nümunələr göstərir ki, sürətli, hazırlıqsız repatriyasiya prosesləri yeni humanitar böhranlar yarada bilər. Azərbaycan bu təcrübələri nəzərə alaraq planlaşdırılmış, tədrici, infrastrukturla dəstəklənən bir geri dönüş modeli həyata keçirir”.