“Ən böyük narahatlığım xalqın iqtisadi vəziyyətidir” - Pezeşkian

İran Prezidenti Məsud Pezeşkian bildirib: “Müharibə və ya sülh şəraitində mənim ən böyük narahatlığım Amerikanın yenidən hücum etməsi deyil. Çünki xalqın müqavimətinə və silahlı qüvvələrin imkanlarına güvənirəm. Ən böyük narahatlığım xalqın dolanışığı və iqtisadi vəziyyətidir.”

İran Prezidenti Məsud Pezeşkian ABŞ-ın iyunun 17-də imzalanmış anlaşma memorandumunu pozduğunu və İranın da buna cavab verdiyini bildirib.

Sherg.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, Prezident Pezeşkian "Jurnalistlər Günü” münasibətilə Daxili İşlər Nazirliyində keçirilən mətbuat konfransında çıxış edib.

Jurnalistlərin cəmiyyətə düzgün məlumat çatdırılmasındakı rolunu vurğulayan Pezeşkian deyib:

“Onların xəbərçilik fəaliyyəti və həqiqəti üzə çıxarmaq səyləri olmasaydı, bir çox tarixi həqiqətlər unudular, bir çox cinayət isə gizli qalardı. Jurnalistlər tarixi həqiqətlərin və cinayətlərin salnaməçiləridir.”

Ölkə mediasında bəzi məsələlərin "yanlış” şəkildə gündəmə gətirildiyini bildirən Pezeşkian jurnalistlərdən ölkə daxilindəki siyasi mübahisələri qızışdıracaq yanaşmalardan çəkinmələrini istəyib.

Ölkədə birlik və həmrəyliyin ölkənin ən dəyərli sərvəti olduğunu deyən Pezeşkian bildirib:

“Birlik və həmrəyliyi qorumaqdan daha vacib heç bir marağımız yoxdur. Birliyimizi və həmrəyliyimizi qorumaq üçün hər sahədə uzlaşmalıyıq.”

Pezeşkian bu məsələdə jurnalistlərin üzərinə mühüm vəzifə düşdüyünü qeyd edib.

ABŞ və İsrailin fevralın 28-də həyata keçirdiyi hücumlarla başlayan müharibəyə toxunan Pezeşkian deyib:

“Düşmənlər ölkəmizə hücum etdikləri təqdirdə İranı devirmək mümkün olacağını düşündülər. Lakin silahlı qüvvələrimizin və döyüşçülərimizin cəsarətli müdafiəsi, xalqımızın fövqəladə dəstəyi onların pis niyyətlərini həyata keçirməsinə imkan vermədi.”

Müharibənin iqtisadi təsirlərindən narahat olduğunu bildirən Pezeşkian deyib:

“Müharibə və ya sülh şəraitində mənim ən böyük narahatlığım Amerikanın yenidən hücum etməsi deyil. Çünki xalqın müqavimətinə və silahlı qüvvələrin imkanlarına güvənirəm. Ən böyük narahatlığım xalqın dolanışığı və iqtisadi vəziyyətidir.”

İran Prezidenti hökumətin insanların dolanışığını yaxşılaşdırmaq üçün hansı planının olduğu barədə suala cavab olaraq əsas tələbat mallarının qiymətlərində islahat aparacaqlarını bildirib.

ABŞ ilə iyunun 14-də əldə olunan və Pezeşkianla ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanan anlaşmanın İrana müəyyən qazanc gətirdiyini qeyd edən Pezeşkian diplomatik danışıqların ABŞ-ı əməkdaşlığa məcbur etdiyini müdafiə edib.

Pezeşkian bildirib:

“Amerika müstəmləkəçi və zorakı bir ölkədir və lazım gələrsə, heç vaxt İslam Respublikasının mövcud olmasını istəməz. Buna heç bir şübhə yoxdur. Lakin bu görüşlər və ekspertlər səviyyəsində aparılan danışıqlar Amerikanı bu dəstəyi almağa məcbur etdi. Nə üçün özümüzü zəiflədirik? Nə üçün əldə etdiklərimizi məhv edirik?

Amerikalılar Hörmüz boğazı ilə bağlı anlaşma memorandumunun müddəasını pozdular və biz də buna cavab verdik. Anlaşmaya əsasən, Hörmüz boğazında İran və Oman tərəfinin göstərişlərinə uyğun hərəkət edilməli idi. Amerikalılar bu öhdəliyə əməl etmədilər və biz də buna cavab verdik.”