Kollektiv çəkindirməyə əsaslanan Məkkə Sazişi təhlükəsizlik və müdafiə əməkdaşlığının inkişafına, müdafiə sənayesində birgə layihələrin hazırlanmasına və terrorizmlə mübarizəyə töhfə verəcək.
APA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “X” hesabında bildirib.
Onun sözlərinə görə, BMT Nizamnaməsinin 51-ci maddəsində müəyyən edilmiş özünümüdafiə hüququnu da təsdiqləyən bu saziş heç bir ölkəni hədəf almır və bölgədə sülh, rifah və sabitliyə can atan bütün qardaş ölkələrin iştirakına açıqdır.
“Türkiyə regional sahiblik vizyonuna uyğun olaraq, beynəlxalq hüquqa hörmət əsasında dialoq və diplomatiya yolu ilə münaqişələrin və böhranların həlli istiqamətində prinsipial mövqeyini qətiyyətlə qoruyacaq”, - Türkiyə lideri vurğulayıb.
Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistan Baş naziri Şahbaz Şərif Məkkə Sazişini imzalayıb. Sazişə əsasən, alyansın hər hansı bir üzvünə edilən hücum sazişin bütün tərəflərinə edilən hücum kimi qiymətləndiriləcək.