Ərdoğandan qanun layihəsi ilə bağlı açıqlama: Milli birliyimizi daha da möhkəmləndirəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Terrordan azad Türkiyə" prosesi çərçivəsində Türkiyə Böyük Millət Məclisinə təqdim olunan qanun layihəsini dəyərləndirib.

, Ərdoğan bildirib ki, "Milli Həmrəyliyin və İctimai Bütövlüyün Gücləndirilməsi haqqında" qanun layihəsi geniş məsləhətləşmələr nəticəsində hazırlanaraq xalqın problemə həll iradəsini əks etdirən geniş siyasi razılaşma əsasında bu gün Türkiyə Böyük Millət Məclisinin müzakirəsinə təqdim edilib.

Prezident qeyd edib:

"Türkiyəni terror təhlükəsindən birdəfəlik xilas etməyi, milli birlik və həmrəyliyimizi daha da möhkəmləndirməyi, ölkəmizdə və regionumuzda sülh və sabitlik mühitini gücləndirməyi hədəfləyən bu addımın xeyirli nəticələr verməsini arzulayıram."

Ərdoğan qanun layihəsinin hazırlanmasına və prosesin uğurla başa çatmasına töhfə verən hər kəsə təşəkkür edib. O, xüsusilə Cümhur İttifaqının tərəfdaşı olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalıya, siyasi partiya qruplarına və millət vəkillərinə minnətdarlığını ifadə edib.

"Çərçivə qanunu"nun əsas müddəaları

"Çərçivə qanunu" kimi tanınan "Milli Həmrəyliyin və İctimai Bütövlüyün Gücləndirilməsi haqqında" qanun layihəsinə əsasən, qanunun tətbiqi üçün Milli Təhlükəsizlik Şurasının (MGK) PKK/KCK və onunla əlaqəli bütün strukturların özünü ləğv etdiyini və silahları tamamilə təhvil verdiyini rəsmi şəkildə təsdiqləməsi əsas şərt olacaq.

Qanun yalnız PKK/KCK terror təşkilatını və onunla əlaqəli bütün qurumları əhatə edəcək.

Müəyyən olunmuş şərtlər yerinə yetirilərsə, terror təşkilatı yaratma və ya idarə etmə, üzvlük, bilərəkdən yardım göstərmə, təbliğat aparma, təşkilat fəaliyyəti çərçivəsində törədilən cinayətlər və terrorun maliyyələşdirilməsi ilə bağlı cinayət işləri üzrə istintaq, məhkəmə araşdırmaları və qüvvəyə minmiş məhkumluq hökmlərinin icrası təxirə salınacaq. Bu müddəa yalnız 1 iyun 2005-ci il tarixinədək törədilmiş əməllərə şamil olunacaq.

15 il və ya daha az müddətə azadlıqdan məhrum edilən şəxslərin cəzalarının icrası 5 il, 15 ildən artıq, ömürlük və ya ağırlaşdırılmış ömürlük həbs cəzası alanların cəzalarının icrası isə 10 il müddətinə təxirə salınacaq.

Təxirəsalma müddətində terror cinayətlərindən hər hansı biri yenidən törədilərsə, bu qərar ləğv olunacaq, istintaq və məhkəmə prosesi davam etdiriləcək. Əgər məhkum müəyyən edilmiş müddət ərzində yeni cinayət törətməzsə, cəzası icra edilmiş hesab olunacaq.

Apellyasiya və ya kassasiya mərhələsində olan, təxirəsalma qərarı veriləcək işlər üzrə qərarlar ləğv edilərək birinci instansiya məhkəmələrinə qaytarılacaq. Təxirəsalma qərarları ilə bağlı prokuror, hakim və ya məhkəmə zəruri hesab etdikdə, həmin şəxsin üzərinə düşən öhdəliklərə əməl edib-etmədiyini müəyyənləşdirmək üçün yoxlama apara biləcək.

Bundan başqa, qanunun icrasına nəzarət məqsədilə vitse-prezidentin rəhbərliyi altında xüsusi qurum yaradılacaq. Təşkilat üzvlərinin təhvil verdikləri və ya bəyan etdikləri silah, sursat və digər avadanlıqlar qeydiyyata alınacaq. Bu prosedurların qaydaları təhlükəsizlik qurumlarının rəyi nəzərə alınmaqla Daxili İşlər və Milli Müdafiə nazirlikləri tərəfindən müəyyən ediləcək.

Layihəyə əsasən, istintaqın, məhkəmə araşdırmasının və ya hökmün icrasının təxirə salınmasını istəyən şəxslər Milli Təhlükəsizlik Şurasının qərarı "Rəsmi Qəzet"də dərc edildikdən sonra 6 ay ərzində yaşadıqları ərazidəki Respublika Baş Prokurorluğuna və ya səlahiyyətli dövlət qurumlarına yazılı müraciət edə biləcəklər.

Qanunun verdiyi səlahiyyətlər çərçivəsində vəzifələrini yerinə yetirən şəxslər bu fəaliyyətlərinə görə hüquqi, inzibati və cinayət məsuliyyəti daşımayacaqlar.