"Konstitusiya maneəsi aradan qalxmadan yekun sülh mümkün deyil”
Ermənistanın siyasi gündəmi parlament seçkilərinin artan təzyiqi altında formalaşsa da, Azərbaycanla normallaşma prosesi də diqqətdən kənarda qalmır. Avqustun 8-də Azərbaycan, Ermənistan və ABŞ liderlərinin birgə imzaladığı Vaşinqton bəyannaməsi regiona sülh toxumları səpələdi.
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin dialoqu davam etdirməsi isə səpilən toxumların cücərməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin Azəbaycanın yekun sülh müqaviləsinin imzalanması üçün Ermənistanın qarşısına qoyduğu konstitusiya dəyişikliyi hələ də həllini tapmayıb. Söhbət Azərbaycan və Türkiyənin ərazilərini təhdid altına salan “Müstəqillik Bəyənnaməsi”ndən gedir. Halbuki liderlər Vaşinqton sazişini, regionda yerləşən dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipi əsasında imzalayıblar. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sülh prosesinin qarşılıqlı etimada əsaslandığını bildirsə də, konstitusiyalarında mövcud olan ərazi iddiaları öz sözünü deyir.
Bəs Ermənistan hökuməti regiona səpilən sülh toxumlarını nə vaxt bar verən ağaca çevirəcək?
Mövzu ilə bağlı politoloq Natiq Miri Sherg.az-a bildirib ki, yekun sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın əsas şərti yerinə yetirilməyib:
“Ermənistan konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə istinadın saxlanması sülh prosesinə kölgə salır. Prezident İlham Əliyev Bakı və İrəvan arasında sülh müqaviləsinin yalnız Ermənistan konstitusiyasına dəyişikliklər edildikdən sonra imzalana biləcəyini açıqlayıb. Ermənistanın 23 avqust 1990-cı il tarixli "Müstəqillik Bəyannaməsi" ölkənin dövlət müstəqilliyinin əsasını qoyan sənəddir. Bəyannamənin 11-ci bəndində Dağlıq Qarabağ "Birləşmiş Ermənistan" kimi qeyd edilib. Həmçinin sənəddə, 1915-ci ildə Osmanlı İmperiyasında baş verən hadisələr “soyqırım” kimi təqdim olunub. Xüsusilə də Türkiyənin şərqini tarixi erməni torpaqları kimi göstəriblər”.
Politoloqun sözlərinə görə bəyannamədə açıq şəkildə Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarına dair müddəalar yer alır:
“Bu məsələni əvvəllər etiraf etməsələr də, sonradan N.Paşinyan müddəaların sülh prosesinə maneə yaratdığını açıqlayıb. Tərəflərdən birinin digərinə qarşı ərazi iddialarını davam etdirməsi, münasibətlərin normal müstəviyə çıxmasına əngəl törədir. Bəyannamənin mövcudluğu yenidən işğalçılıq siyasətini canlandıra bilər. Əgər sülhün hüquqi və davamlı şəkildə möhkəmləndirilməsindən danışırıqsa, onda bu proses bütün hüquqi mexanizmlərə uyğun şəkildə tənzimlənməlidir. Artıq Qriqoryan kimi sülhpərvər rəsmilər, yeni konstitusiyanın qəbulu üçün referendumun keçiriləcəyindən bəhs edirlər”.
N.Miri vurğulayıb ki, referendum parlament seçkilərindən sonrakı dövrə saxlanılır:
“Əgər parlament seçkiləri ilə referendum eyni vaxtda səsverməyə çıxarılsaydı, ərazi iddiaları məsələsinin 2-3 ay ərzində həll oluna biləcəyi ehtimal edilə bilərdi. Görünən odur ki, Ermənistan xalqının əksəriyyəti köhnə stereotiplərin təsirindən çıxa bilməyib. Bu məsələnin milli şüurda düzgün şəkildə formalaşması üçün vaxta ehtiyac var. Ermənistan hökuməti iki mühüm seçimi eyni vaxtda xalqın iradəsinə buraxmamaqla, öz gələcəyini sığortalayır”.
Analitikin fikrincə, Paşinyan parlament seçkilərində xalqın səsi ilə hakimiyyətə gəldikdən sonra, cəmiyyətdə güc mərkəzinə çevrilərək, ideyalarını həyata keçirməyə başlayacaq:
“Yəni Müstəqillik Bəyannaməsinin ləğvi məsələsinin parlament seçkiləri ərəfəsində gündəmə gətirilməsi seçicilərin Paşinyandan uzaqlaşmasına səbəb ola bilər. Ona görə də seçkilərdən əvvəl Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanacağını gözləmək absürddür. Lakin yaxın aylarda yeni konstitusiya mətninin Ermənistan ictimaiyyətinə təqdim olunmasının şahidi ola bilərik. Əgər xalq konstitusiyanın dəyişdirilməsinə “hə” deyərsə, Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasına mane olan son əngəl aradan qalxacaq”.