İlon Maskın atası Zelenskini Ukraynanın prezidenti hesab etmir

Cənubi afrikalı iş adamı, milyarder İlon Maskın atası Errol Mask Vladimir Zelenskini Ukraynanın qanuni seçilmiş lideri hesab etmədiyini bildirib.

Sherg.az xəbər verir ki, o, bunun əsas səbəbi kimi Ukraynada prezident seçkilərinin keçirilməməsini göstərib. Errol Maskın sözlərinə görə, Zelenski yenidən seçilmədiyi üçün artıq seçilmiş prezident sayıla bilməz.

“Ukraynada seçkilər yoxdur. Bu Zelenski yenidən seçilməyib. O, seçilmiş prezident deyil”, - Errol Mask "RİA Novosti"yə müsahibəsində deyib.

Qeyd edək ki, Zelenskinin prezidentlik müddəti 20 may 2024-cü ildə başa çatıb. Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik tətbiq edildiyindən prezident seçkilərinin keçirilməsi qeyri-müəyyən müddətə təxirə salınıb.

ABŞ Prezidenti Donald Tramp da daha əvvəl Ukraynada seçkilərin keçirilməsinin vacibliyini qeyd edib və Zelenskini “seçkisiz diktator” adlandırıb.