Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Bir il əvvəl bu gün Prezident Tramp Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistan Baş naziri Nikol Paşinyanı birlikdə qəbul etmək və tarixi Birgə Bəyannamənin imzalanmasının şahidi olmaqla Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubionun 8 avqust görüşünün ildönümü ilə bağlı bəyanatında deyilir. O bildirib ki, bu bəyannamə Cənubi Qafqazda onilliklərlə davam edən münaqişəyə son qoyub, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nu (TRIPP) açıb.

“Son 12 ay ərzində ABŞ bu vədi irəliləyişlərə çevirmək üçün Ermənistan və Azərbaycanla çiyin-çiyinə çalışıb. Dəmir yollarını, yolları, enerji və rəqəmsal infrastrukturu modernləşdirəcək multimodal tranzit marşrutu olan TRIPP Ermənistanda dəmir yolu üçün mühəndislik tədqiqatlarının artıq başlaması və Azərbaycanla Ermənistanı birləşdirəcək avtomobil və dəmir yolunun tikintisinin demək olar ki, başa çatması ilə reallığa çevrilmək yolundadır. Sülh ABŞ, Ermənistan və Azərbaycan arasında iqtisadi rifaha töhfə verəcək əlaqələrin gücləndirilməsinə qapı açdı. Bu gün məmnuniyyətlə elan edirəm ki, Transxəzər Sahibkarlıq Fondu yeni seçilmiş direktorlar şurasının rəhbərliyi altında fəaliyyət göstərir, Cənubi Qafqaz və Orta Asiyada Transxəzər Ticarət Marşrutu (Orta Dəhliz) boyunca özəl sektora investisiyaları təşviq etmək üçün ABŞ hökumətinin 201 milyon dollarlıq maliyyəsi ilə kapitallaşdırılıb”,- deyə Rubio əlavə edib.

O bildirib ki, bu irəliləyiş sadə bir həqiqəti əks etdirir: sülh və rifah bir-birini gücləndirir.

“TRIPP sadəcə infrastruktur layihəsi deyil, o, Transxəzər Ticarət Marşrutunda həyati bir halqa, ABŞ və digərləri üçün kommersiya imkanlarının hərəkətverici qüvvəsi və uzunmüddətli mübahisələrin həllindən sonra iqtisadi əməkdaşlığın sülhü necə möhkəmləndirə biləcəyi üçün bir modeldir. Amerika Birləşmiş Ştatları bu təməl üzərində qurularkən Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir. Hər iki ölkəni son bir ildə göstərdikləri cəsarət və uzaqgörənliyə görə təbrik edirik və Cənubi Qafqazda davamlı sülhə doğru davamlı irəliləyiş gözləyirik”, - deyə Rubio vurğulayıb.