- Türkiyə yeni təhlükəsizlik nizamını qurur. Nüvə gücü, maliyyə və hərbi texnologiya eyni ittifaqda birləşdi
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında Məkkədə imzalanan "Məkkə Müdafiə Sazişi" üç ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsi ilə yanaşı, həm də Yaxın Şərqdə yeni təhlükəsizlik sisteminin formalaşması baxımından mühüm hadisədir. Türkiyəli ekspertlər hesab edirlər ki, bu saziş bölgədə qüvvələr balansını dəyişdirə biləcək strateji addımdır.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin açıqlamasına əsasən, saziş üç ölkənin kollektiv təhlükəsizliyini gücləndirməyi, müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirməyi və iştirakçılardan birinə qarşı silahlı hücumu hər üç dövlətə qarşı hücum kimi qiymətləndirən ortaq müdafiə mexanizmi yaratmağı nəzərdə tutur.
Kırıkkale Universitetinin müəllimi, dosent Merve Suna Özəl Özcan bildirib ki, saziş İran-ABŞ-İsrail qarşıdurmasından sonra Yaxın Şərqdə yaranmış təhlükəsizlik boşluğuna region dövlətlərinin verdiyi institusional cavabdır. Onun fikrincə, bu sənəd kollektiv çəkindiricilik sisteminin region daxilində formalaşdırılması istiqamətində atılmış strateji addımdır. Ekspert hesab edir ki, Ankara artıq təkcə regional böhranlara reaksiya verən deyil, həm də Yaxın Şərqin yeni təhlükəsizlik arxitekturasını formalaşdıran əsas aktorlardan birinə çevrilir.
Çanaqqala Onsəkkiz Mart Universitetinin müəllimi Ufuk Necat Taşçı isə hesab edir ki, "Məkkə Müdafiə Sazişi" XXI əsrdə formalaşan çoxqütblü dünya nizamının mühüm göstəricilərindən biridir. Onun sözlərinə görə, Türkiyənin müstəqil xarici siyasəti, Səudiyyə Ərəbistanının maliyyə imkanları və Pakistanın nüvə çəkindiriciliyi bir araya gələrək regionda yeni güc balansı yaradır. Taşçı bu sazişi ABŞ-ın təşviq etdiyi "İbrahim sazişləri"nə alternativ təhlükəsizlik modeli kimi də dəyərləndirib.
Osmaniyə Korkut Ata Universitetinin müəllimi Fatma Yeşilkuş bildirib ki, sənəd ilk baxışda yalnız hərbi əməkdaşlıq kimi görünsə də, onun geosiyasi əhəmiyyəti daha genişdir. O qeyd edib ki, Türkiyə müdafiə sənayesi, hərbi texnologiyalar və əməliyyat təcrübəsi ilə ittifaqın əsas hərbi gücünü təmsil edir. Səudiyyə Ərəbistanı maliyyə imkanları və strateji coğrafi mövqeyi ilə iqtisadi dayağı formalaşdırır, Pakistan isə nüvə çəkindiriciliyi və geniş hərbi potensialı ilə ittifaqa strateji üstünlük qazandırır. Ekspertin fikrincə, bu üç amilin birləşməsi sazişi adi hərbi əməkdaşlıq sənədindən çıxararaq regional güc balansına təsir göstərə biləcək strateji platformaya çevirir.
Yeşilkuşun sözlərinə görə, uzun illər "İslami NATO" kimi müzakirə olunan təhlükəsizlik modeli ilk dəfə real məzmun qazanmağa başlayır. O hesab edir ki, bu qurumun yaxın gələcəkdə NATO tipli tam institusional hərbi alyansa çevriləcəyini söyləmək hələ tezdir. Lakin Türkiyənin texnologiyası və müdafiə sənayesi, Səudiyyə Ərəbistanının maliyyə gücü, Pakistanın isə nüvə potensialı və hərbi imkanları orta və uzunmüddətli perspektivdə bu ittifaqa ciddi strateji əhəmiyyət qazandıra bilər.
Ekspert ABŞ, Avropa İttifaqı və İsrailin bu sazişə münasibətinə də toxunub. Onun fikrincə, Vaşinqton bu razılaşmanı Səudiyyə Ərəbistanının təhlükəsizlik sahəsində ABŞ-dan asılılığını azaltmaq cəhdi kimi qiymətləndirə bilər. Bununla yanaşı, hər üç ölkə ABŞ-la münasibətlərini tam kəsməyib. Avropa İttifaqı hələlik sərt reaksiya verməsə də, Türkiyənin həm NATO-da, həm də Yaxın Şərqdə artan rolu Ankaranın Avropa təhlükəsizlik sistemində əhəmiyyətini artırır. İsrail baxımından isə bu saziş daha həssas qiymətləndirilir. Ekspert hesab edir ki, "Məkkə Müdafiə Sazişi" İsrailin ərəb ölkələri ilə normallaşma strategiyasına təsir göstərə və Türkiyənin regiondakı nüfuzunu daha da gücləndirə bilər.