Müharibənin taleyi cəbhədə həll olunacaq - Hasan Oktaydan ŞƏRH

  • "İstanbul prosesi yenidən gündəmə gəlməsə, Rusiya-Ukrayna sülhü çətin olacaq"

Ukrayna-Rusiya arasındakı müharibə artıq 5-ci ilə yaxınlaşır. Hər iki xalq bərpası onilliklər tələb edən dəhşətli insan təlaftı ilə üz-üzə qalıb. Rəsmi məlumatlara görə, 2022-ci ildən indiyədək ölən rusiyalı hərbçilərinin sayı 230,000-dən çoxdur.

Ukraynada isə ölüm sayı 100,000-150,000 arasındadır. Son 4 ildə vasitəçilərin böyük səylərlə qurduğu diplomatik təmaslar, tərəfləri bir araya gətirsə də, gözlənilən nəticəni verməyib. Müharibədə vahid cəbhə anlayışı tamamilə pozulub. Tərəflər bir qarış torpağı ələ keçirmək naminə mülki infrastrukturu belə hədəf almaqdan çəkinmirlər. Rusiyanın neft hasilatı azalıb. Ukrayna isə hava hücumundan müdafiə sistemini gücləndirmək üçün NATO və Qərbdən dəstək almağa çalışır. Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiyalar paketi üzrə razılıq əldə edib. Sanksiya zərbəsi birbaşa, Rusiyanın maliyyə sisteminə, hərbi-sənaye kompleksinə və enerji sektoruna yönəlib. Ağırlaşan təzyiqlər fonunda, Moskvanın mövqeyində danışıqlara meyillilik müşahidə olunur. Bu gün ABŞ Dövlət Katibi Marko Rubio və Rusiya Xarici İşlər Naziri Sergey Lavrov arasında baş tutan görüşdə, müharibənin başa çatdırılmasının vacibliyi vurğulanıb. Lavrov, Ukraynaya silah tədarükünün davam etdirilməsinin qəbuledilməz olduğunu bildirib. Onun sözlərinə görə, Rusiya müharibəni dayandırmaq üçün dialoqa hazırdır və Ankoric görüşündə verilən vədlərə sadiq qalır. Qeyd edək ki, ötən il Alyaskanın Ankoric şəhərində, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp razılaşma əldə ediblər. Lavrov bu günki çıxışında məhz həmin razılaşmaya sadiq olduqlarını vurğulamağa çalışır.

Mövzu ilə bağlı Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hasan Oktay Sherg.az-a bildirib ki, mövcud hərbi-siyasi reallıqlar fonunda yaxın vaxtlarda Rusiya və Ukrayna arasında daimi atəşkəsə nail olmaq son dərəcə çətindir:

"Çünki tərəflərin müharibənin gələcək taleyi ilə bağlı planları köklü şəkildə fərqlənir. Son dövrlərdə Moskva tərəfindən tez-tez qeyd olunan Alyaskanın Ankoric şəhərindəki təmaslar tərəflərin hadisələri nə dərəcədə fərqli şərh etdiyini nümayiş etdirir. Moskva ilə Vaşinqtonun Ankoric təmaslarına dair yanaşmaları tərəflər arasındakı konseptual fikir ayrılıqlarını üzə çıxarır. Moskva Ankoricdə artıq müəyyən bir siyasi çərçivənin formalaşdığını qabardır və gələcək danışıqlar üçün məhz həmin görüşdəki tələbləri şərt qoşur. ABŞ tərəfi isə Marko Rubio vasitəsilə bu mövqeyi qətiyyətlə rədd edərək, ortada öhdəlik yaradan hər hansı sazişin olmadığını vurğulayır. Bu da onu göstərir ki, tərəflər hələ danışıqların ilkin nöqtəsində belə razılıq əldə edə bilməyiblər”.

Politoloqun sözlərinə görə, sülhün qarşısındakı ən böyük sədd tərəflərin bir-biri üçün qəbulolunmaz şərtlər irəli sürməsidir:

“Moskva Ukraynaya hərbi yardımın tam dayandırılmasını və işğal olunmuş torpaqların faktiki statu-kvosunun tanınmasını diktə edir. Kiyev isə suverenlik və ərazi bütövlüyü məsələsində "qırmızı xətlərindən" zərrə qədər də geri çəkilmir. Mövqelər bu qədər ziddiyyətli ikən yakın gələcəkdə hər hansı siyasi həll gözləmək xülyadan başqa bir şey deyil. Müharibə iqtisadi müstəvidə də tərəfləri sıxmaqdadır. Rusiyaya tətbiq olunan kütləvi sanksiyalar və müdafiə xərcləri Moskvanı diplomatik variantları masa arxasında saxlamaq məcburiyyətində qoyur. Buna baxmayaraq, Kremlin hərbi məqsədlərindən rahatlıqla imtina etməyəcək. Ukrayna Qərb müttəfiqlərindən aldığı hərbi dəstək sayəsində müdafiə və əks-hücum imkanlarını artırmağa çalışır”. 

H.Oktay qeyd edib ki, Zelenskinin əsas hədəfi danışıqlar masasına maksimum güclü hərbi mövqelərlə əyləşməkdir:

“Çünki hərbi baxımdan üstün tərəf zəifə öz şərtlərini diktə etmək imkanını əldə edir. Rubio və Lavrovun son görüşü isə müharibəyə son qoymaq məqsədinə xidmət etmir. Sadəcə diplomatik kanallarını açıq saxlamaq məqsədi daşıyır. Görüş faktiki olaraq mövqelərin qarşılıqlı şəkildə yenidən bəyan edilməsindən o tərəfə keçmədi. Moskva Ankoric çərçivəsini qabartmaqda davam etsə də, Vaşinqton bu iddiaları qətiyyətlə rədd edir. Buna baxmayaraq, açıq saxlanılan dialoq kanalları supergüclər arasında iplərin tamamilə qopmasının qarşısını alır. Önümüzdəki dövrdə, Ukrayna-Rusiya danışıqlarının yenidən canlanması cəbhədəki hərbi üstünlükdən, Qərbin Kiyevə dəstəyi saxlayıb-saxlamayacağından, Rusiya iqtisadiyyatının dözümlülüyündən və tərəflərin sərt şərtlərdən geri addım atmaq iradəsindən asılı olacaq. Reallıq odur ki, Rusiya-Ukrayna masasında indiyə qədər atılmış ən işlək addım məhz İstanbul prosesi olub. Bu platforma yenidən gündəmə gətirilməlidir”.