NATO Türkiyəni dəstəkləyəcək

Əks halda itirən hərbi alyans və Qərb ölkələri olacaq Asim Mollazadə: “Bu, Vilnüs sammitində özünü açıq büruzə verdi” “Rusiya elə vəziyyətdə deyil ki, indiki məqamda hərtərəfli əməkdaşlıq etdiyi, iqtisadi əlaqələri olan Türkiyə ilə münasibətlərdə könüllü surətdə gərginlik yaratsın”
Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO-nun budəfəki sammiti bir sıra hadisələrlə yadda qaldı. 31 üzvün iştirakı ilə keçirilən sammitdə Finlandiya 31-ci tam və bərabərhüquqlu üzv olaraq toplantıda iştirak etdi. Üzvlüklə əlaqədar Alyansa müraciət etmiş İsveçlə bağlı məsələ zirvədən əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, NATO-nun baş katibi Yens Stoltenberq və İsveç hökumətinin başçısı Ulf Kristersson arasında keçirilən üçtərəfli görüşdə həll olunmuşdu. Türkiyə İsveçin Alyansa üzvlüyünə razılıq vermiş, rəsmi Ankara ilə Stokholm arasında bir sıra istiqamətlərdə anlaşma əldə olunmuşdu. Yəni İsveç hökuməti terrorçu qruplaşmalara dəstək verməyəcəyini, terrora qarşı mübarizədə Türkiyə ilə əməkdaşlıq edəcəyini vəd edib. Sammit çərçivəsində ABŞ Prezidenti Cozef Baydenlə Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü də diqqətçəkən oldu. Görüşdə siyasi, iqtisadi, ticarət əlaqələri, təhlükəsizlik sahəsində əməkdaşlıq imkanları və regional məsələlər müzakirə olundu. 
Ağ Ev sahibi Türkiyənin F-16 qırıcıları əldə etməsinə dəstəyini bildirdi. Tədbirdə əsas müzakirə mövzularından biri də Rusiya-Ukrayna müharibəsi, Kiyevə dəstək və NATO-ya üzvlük məsələsi idi. Kiyevin dəstəklənməsi açıq və dolayı yolla vurğulandı. Ukraynanın müharibədən sonra Alyansa qəbulu prosesi birmənalı olaraq dəstəkləndi. 
Dünya ictimaiyyətinin diqqət mərkəzində olan sammitin yekunlarını millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə ilə dəyərləndirdik. Müsahibimiz sammit çərçivəsində mühüm məsələlərin müzakirə olunduğunu dedi...
 - Asim müəllim, NATO sammiti bir çox məsələlərlə yaddaqalan oldu. Türkiyə İsveçin hərbi alyansa gedən yoluna "yaşıl işıq" yandırsa da, terrorla mübarizədə tələblərini yenidən xatırlatdı. İsveç öhdəliklərini icra edəcəkmi? 
 - İsveçin kifayət qədər vaxtı var. Türkiyə Böyük Millət Məclisi anlaşma sənədini ratifikasiya etməlidir. Türkiyə parlamentinin iclasları isə oktyabr ayında başlayacaq. Hökumət bununla bağlı zəruri sənədləri parlamentə göndərib, ancaq təsdiqləmə prosesi oktyabrdan tez olmayacaq. Yəni İsveçin vaxtı var ki, üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirsin və NATO-ya üzvlük məsələsində Türkiyənin dəstəyini qazansın. Əgər İsveç gözləntiləri doğrultmazsa, öhdəliklərini icra etməzsə, mümkündür ki, Türkiyə Böyük Millət məclisi bu sənədə "gözlərini yumsun". Türkiyə hökuməti İsveçə "hə" desə də, sonrakı proseslər İsveçin addımları ilə bağlı olacaq. İsveç səmimi olaraq hərbi alyans üzvü olmaq istəyirsə, tələbləri icra etməlidir. 
 - Türkiyənin sammitdə iştirakını necə şərh edərdiniz? 
 - NATO zirvə toplantısında Türkiyənin fəaliyyətini yüksək qiymətləndirirəm. Türkiyə bu istiqamətdə çalışmaları ilə nüfuzunu artırmaqdadır. NATO çərçivəsində ABŞ-dən sonra ən böyük silahlı qüvvələr Türkiyədədir. Türkiyə regionda böyük nüfuza, imkanlara, potensiala malikdir. NATO rəhbərliyi və təşkilatın aparıcı ölkələri anlayırlar ki, Türkiyəyə dəstək vermək, bu ölkəni qazanmaq lazımdır. Əks halda itirən hərbi alyans və Qərb ölkələri olacaq. Türkiyə hər zaman etibarlı müttəfiq kimi hərbi alyansın qərarlarını icra edib. Düzdür, Türkiyəyə qarşı olan qüvvələr də təxribatlarından əl çəkməyib. ABŞ və NATO-nun digər ölkələri ilə Türkiyənin münasibətlərinə xələl gətirməyə çalışıblar. Söhbət diaspor təşkilatlarından gedir. Ancaq gec-tez hər şey öz yerinə oturur. Artıq Qərb ölkələri də Türkiyənin fəaliyyətini müsbət qiymətləndirir. Türkiyə NATO-da özünə layiq yer tutmaqda davam edir. Bu, Vilnüs sammitində özünü açıq büruzə verdi. 
 - ABŞ Prezidenti C.Baydenlə Türkiyə lideri R.T.Ərdoğanın görüşündə də önəmli müzakirələr var idi. Vaşinqton Ankaranın xoş məramını nəzərə alaraq, Türkiyənin F-16-larla bağlı tələbini müsbət qarşılayacaqmı?  
- ABŞ mütləq Ankaranın tələblərini yerinə yetirməlidir. Çünki F-16-lar və digər məsələlərlə bağlı Türkiyənin tələbi həm də Amerikanın özünün təhlükəsizlik maraqlarına uyğundur. F-16-ların Türkiyəyə verilməsinə "yox" deyən bəzi konqresmenlər, senatorlar əslində bu fəaliyyətlə Amerikaya zərbə vururlar. 
 - Müzakirələr həm də Rusiya ilə savaşan Ukraynaya veriləcək dəstək və bu ölkənin NATO-ya üzvlüyü ətrafında idi. Ukraynaya yardım qənaətbəxşdirmi və yaxın zamanda hərbi alyansa üzv ola bilərmi?
 - Düşünmürəm ki, müharibə bitənə kimi Ukrayna NATO-ya üzv qəbul olunacaq. Ukraynaya güzəştlər edilir, prosedurda ümumi yumşalmalar var. Sammitdən sonra keçirilən G-7 ölkələrinin zirvə toplantısında da Kiyevə sonadək hərtərəfli dəstək sözü verildi. Ancaq bunlar Ukraynanın hərbi alyansa yaxın dönəmdə üzv qəbul ediləcəyi anlamını daşımır. Zelenskinin narazılığı onunla bağlıdır ki, Kiyevin bununla bağlı gözləntisi var idi. İstəyirdilər ki, Ukraynanı da təşkilata daxil etsinlər. Lakin aydındır ki, indiki halda NATO-ya üzvlük hərbi alyansın da birbaşa Rusiya ilə müharibəyə girməsi deməkdir. Çünki üzv ölkəyə hərbi təcavüzdən söhbət gedir. Ukraynaya hərbi-siyasi və maliyyə dəstəyi verməklə, həmçinin savaşdan sonra Ukrayna şəhərlərinin bərpası ilə kifayətləndilər. Ağır vəziyyət müşahidə olunur. Dünya çox ciddi təhlükələr astanasındadır. O səbəbdən NATO sammitinin bütün qərarlarını müsbət dəyərləndirirəm. Xüsusən, Türkiyənin Ukraynaya dəstək açıqlamalarını və davranışlarını çox yüksək qiymətləndirirəm. 
 - Türkiyənin Ukraynaya açıq dəstək ifadəsi, "Azov" komandirlərinin Kiyevə yola salınması Ankara-Moskva münasibətlərinə mənfi təsir göstərəcəkmi? 
 - Əvvəla onu deyim ki, Türkiyə hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib. Krım türklərinin hüquqları ilə bağlı öz səsini ucaldıb. Humanitar dəstəklə yanaşı, Ukraynaya çox ciddi hərbi texniki sahədə dəstək verib. Bu addımlar Türkiyənin dünyadakı nüfuzunu daha da yüksəldir. Suala gəlincə isə Rusiya elə vəziyyətdə deyil ki, indiki məqamda hərtərəfli əməkdaşlıq etdiyi, iqtisadi əlaqələri olan Türkiyə ilə münasibətlərdə könüllü surətdə gərginlik yaratsın. Rusiya məhz Türkiyənin iqtisadi-ticari münasibətləri hesabına qida təminatını, ehtiyaclarını ödəyir.