NBC: Trampın zəngindən sonra Pentaqonda təcili iclas çağırılıb

ABŞ Prezidenti Donald Trampın zəngindən sonra Pentaqonda sursat ehtiyatları və raket tədarükü ilə bağlı təcili müşavirə keçiriləcək.

Sherg.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumatlı mənbələrə istinadən xəbər yayıb.

Məlumata görə, Tramp ABŞ-ın raket ehtiyatlarının azalması ilə bağlı mediada yayılan xəbərlərdən narazı qalıb və bu məsələ ilə əlaqədar müdafiə rəsmilərindən izahat tələb edib.

Bildirilir ki, Pentaqon yaranmış vəziyyəti müzakirə etmək üçün hərbi satınalmalara cavabdeh yüksək vəzifəli rəsmiləri təcili toplantıya cəlb edib.

Bundan əvvəl "The Washington Post" qəzeti Trampın ABŞ ordusunda raket çatışmazlığı ilə bağlı müdafiə naziri Pit Heqsetdən izahat tələb etdiyini yazmışdı. ABŞ Prezidenti daha sonra silah ehtiyatlarının azlığı barədə yayılan məlumatları sərt tənqid edərək, bu cür məlumatların ölkənin təhlükəsizliyinə zərər vurduğunu bildirib.:::