Türkiyədəki azərbaycanlı həkimlər hüquqlarının müdafiəsini istəyirlər - SOS çağırış

  •  TBMM-də müzakirə olunan maddə etiraz doğurdu

Türkiyədə tibb üzrə uzmanlıq təhsilini davam etdirən və həkim assistenti olaraq çalışan azərbaycanlılar bu dövlətin rəsmiləri və millət vəkillərinə müraciət edib. Buna səbəb Türkiyə Böyük Millət Məclisinə 02.07.2026-cı il tarixində təqdim edilən 117 sıra nömrəli “Ali Təhsil Qanunu və bəzi qanunlarda dəyişiklik edilməsinə dair Qanun Təklifi”nin daxil olmasıdır.

Təklif edilən dəyişiklik gənc həkimlərin gələcəyinə birbaşa təsir edə biləcək məzmuna malikdir. Yeni qanun təklifində yer alan 1-ci maddə əcnəbi asistan həkimlərin dövriyyə kapitalından əlavə ödəniş almalarının əngəllənməsini nəzərdə tutur. Bu isə, faktiki olaraq həkimlərin əcnəbi assisentlərinin əlavə ödənişlərdən məhrum ediləcəyi deməkdir. Həkim assisstenti olaraq çalışan əcnəbi tələbələr müraciətlərındə qeyd edirlər ki, bu gün Türkiyənin müxtəlif səhiyyə qurumlarında çox sayda əcnəbi asistan həkim tibb və diş həkimliyi üzrə uzmanlıq təhsili alır. Onlar əməkhaqqı almadan, ağır növbələrdə çalışır, xəstə baxır, tibbi prosesin içində yer alır və çalışdıqları qurumların dövriyyə kapitalına real töhfə verirlər. Buna baxmayaraq, onların əsas gəlir mənbələrindən biri hazırda təxminən 17.900 TL (647 AZN) təşkil edən ödənişdir. Türkiyə şəraitində kirayə, qida, nəqliyyat və gündəlik yaşayış xərcləri nəzərə alındıqda bu məbləğin yetərli olmadığı aydındır. Məhz buna görə dövriyyə kapitalından edilən əlavə ödənişlər bu gənclər üçün sadəcə “əlavə gəlir” deyil, təhsillərini davam etdirə bilmələrinin əsas dayaqlarından biridir. Çünki bu ödəniş onların gördüyü işin, klinik xidmətə verdiyi əməyin və quruma qazandırdığı real töhfənin qarşılığıdır. Bu məsələ daha əvvəl Türkiyə Konstitusiya Məhkəməsinin də gündəmində olub. Türkiyə Konstitusiya Məhkəməsinin 2019/39033, 28.06.2022-ci il tarixli qərarında bildirilib ki, Türkiyə vətəndaşı olan uzmanlıq tələbələri ilə əcnəbi vətəndaş olan uzmanlıq tələbələri gördükləri iş baxımından oxşar vəziyyətdədirlər. Hər iki qrup eyni səhiyyə sistemində çalışır, eyni məsuliyyəti daşıyır və dövriyyə kapitalına töhfə verir. Buna görə də onların dövriyyə kapitalından əlavə ödəniş almaq hüququ baxımından fərqli rəftara məruz qalması ayrı-seçkilik kimi qiymətləndirilib. Lakin yeni qanun təklifində yer alan 1-ci maddə faktiki olaraq əcnəbi asistan həkimlərin dövriyyə kapitalından əlavə ödəniş almasının qarşısını ala bilər. Bu isə həm Konstitusiya Məhkəməsinin əvvəlki hüquqi mövqeyi ilə ziddiyyət təşkil edir, həm də illərdir böyük fədakarlıqla çalışan gənc həkimlərin sosial vəziyyətini daha da ağırlaşdırır. Bu tənzimləmənin qəbul olunması bir çox asistan həkimi ciddi maddi çətinliklə üz-üzə qoya bilər. Əcnəbi tələbə-həkimlər Türkiyə hökumətinin, Böyük Millət Məclisinin məsələyə həssas yanaşacağına və ayrı-seçkiliyə yol verməyəcəyinə ümid edirlər. 

Hazırda Türkiyədə yaşayan jurnalist və yazar İbrahim Nəbioğlu bu məsələni ictimailəşdirib və əlaqədar qurumları həssaslığa dəvət edib:  

- Türkiyədə təhsil alan bu gənclər bizim gələcək intellektual və tibbi kapitalımızdır. Qanun layihəsinin bu şəkildə qəbul edilməsi minlərlə azərbaycanlı gəncin maddi imkansızlıq səbəbindən uzmanlıq təhsilini yarımçıq qoymasına, mənəvi sarsıntı keçirməsinə və böyük kadr itkisinə yol aça bilər. Müvafiq qurumların Türkiyədəki həmkarları ilə mövcud sıx və səmimi münasibətlərini bildiyim üçün bu məsələyə təcili reaksiya vermələrini xahiş edirəm. İnanıram ki, iki qardaş ölkə arasındakı yüksək səviyyəli strateji müttəfiqlik münasibətləri çərçivəsində reallaşdırılacaq rəsmi dialoq və məsləhətləşmələr vasitəsilə sözügedən qanun təklifinin 1-ci maddəsinin layihə mətnindən çıxarılmasına və ya azərbaycanlı həkimlərin hüquqlarının qorunacağı şəkildə yenidən tənzimlənməsinə nail olmaq mümkündür. Gənc həkimlərimizin səsinə səs verəcəyinizə və mövcud problemin həlli istiqamətində zəruri addımlar atılacağına ümid edirəm. 

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı aktual olan bu məsələyə münasibət bildirib: 

- Türkiyədə tibb təhsili alan iki övlad atası kimi bu məsələni ictimailəşdirdiyi üçün İbrahim Nəbioğlu bəyə minnətdaram. Məsələ ilə bağlı Türkiyənin rəsmi qurumlarına, BMM-də təmsil olunan azərbaycanlı millət vəkillərinə müraciət etmişəm. Bizim uzman təhsili alan övladlarımız gecə- gündüz asistan həkim kimi çalışır, xəstəxananın dövriyyə kapitalına böyük ölçüdə maddi resurslar qazandırdıqları halda, əcnəbi vətəndaş olaraq yalnız minimum əmək haqqına çalışırlar, Türkiyə vətəndaşları isə onlarla bərabər çalışdıqları halda 4 qat artıq əmək haqqı alırlar. Bizim Azərbaycan türk övladları məcburdurlar ki, ağır maddi vəziyyətdən çıxmaq ücün başqa özəl xəstəxanalarda geçə səhərə kimi növbə tutsunlar. Bizim uzman təhsili alan övladlarımız artıq bu çətin rejimdən cana gəlib, fiziki və ruhi yorğunluq içindədirlər. Dövriyyə kapitalından, yəni dönər sərmayədən vəsait almaq ücün assistanlarımız Türkiyənin bütün məhkəmələrinə baş vurur, əsəb, vaxt, enerji xərçləyirlər. Bu da uzun sürən bir prosedurdur. Vəkil oyunları da başqa çürdür. Bizim uzman təhsili alanlar məgər Türk deyil ?!. Bu işə bir əncam niyə çəkilmir ?! Mənə elə gəlir ki, bu siyasəti yürüdənlər nə Türkə, nə türkçülüyə, nə də bizim idealımız Turana xidmət edir. Bizimkilər isə yalnız ağızlarına su alıb dururlar.

Həkim-pediatr Vaqif Qarayev “Sherg.az”a açıqlamasında bildirdi ki, TBMM mövcud qanuna sözügedən bu dəyişikliyi qəbul edərsə, övladlarımız – gənc həkimlər uzmanlıq təhsillərini davam etdirə bilməyəcəklər: 

- Bizim nisbətən yaxşı oxuyan tibb tələbələrimiz diplomu alan kimi daha yaxşı həkim olmaq üçün Türkiyəyə gedirlər, uzmanlıq oxumaq üçün. Niyə bu qədər axın var, o başqa söhbətin mövzusudur, amma indi sosial şəbəkələrdəki paylaşımlardan məlum olur ki, Türkiyə hökuməti yeni qanun qəbul edəcək və uzmanların əmək haqqı kəsiləcək, ya da minimal bir məbləğ verəcəklər. Bütün valideynlər uzmanlıq təhsilinin sonuna kimi övladlarını orda oxuda biləcəklərmi? İnanmıram. Məncə, hökumətlərarası razılaşma olmalıdır ki gənclərimiz peşman olmasın, təhsillərini davam etdirə bilsinlər.