- İran Prezidenti həmçinin Ali Liderlə onun arasında fikir ayrılıqları olduğu barədə iddiaları təkzib edib
İran dialoqa hazırdır, lakin suverenlik və müdafiə potensialı məsələlərində güzəştə getməyəcək. Sherg.az xəbər verir ki, İranın Tasnim informasiya agentliyinin məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian ictimai çıxışı zamanı bildirib.
O əlavə edib ki, İrana qarşı tətbiq edilmiş müharibə şəraitində ölkə rəhbərliyi milli maraqların qorunması məqsədilə danışıqlara getmək qərarı verib. Pezeşkianın sözlərinə görə, xüsusilə İran Avropalı nümayəndələrlə qarşılıqlı anlaşma əldə edib. Lakin o qeyd edib ki, Avropa ölkələri ABŞ-dan müstəqil fəaliyyət göstərmir və danışıqlardan sonra İrana qarşı yeni güc tətbiqini dəstəkləyiblər.
İran lideri vurğulayıb ki, diplomatiya ilə hərbi güc bir-birini istisna etmir və Tehran hərbi potensialının azaldılması ilə bağlı tələbləri qəbul etməyəcək.
“İran heç vaxt sındırılmayacaq və hərbi və müdafiə gücündən imtina etməyəcək”, - deyə Pezeşkian bildirib. O əlavə edib ki, İran İsraildən fərqli olaraq, sərhədlərini genişləndirmək ambisiyasına malik deyil.
Pezeşkian həmçinin ABŞ və İsrailin Körfəz ölkələrini İrana qarşı birləşdirə bilmədiyini qeyd edib.
Prezident, eyni zamanda, İranın Ali Lideri ilə onun arasında, eləcə də hökumətlə silahlı qüvvələr arasında fikir ayrılıqları olduğu barədə yayılan məlumatları təkzib edib.