Putinin hesabı tutmadı: Ukrayna Kremlin planlarını alt-üst edir - ŞƏRH

  • Əhməd Şahidov: “5 min dollarlıq dronlar Rusiyaya milyonlarla dollara başa gəlir”

Ukrayna Prezidenti Volodimir Zelenski hərbi rəhbərliklə cəbhədəki cari vəziyyəti və Rusiyanı Ukrayna üçün məqbul şərtlərlə müharibəni dayandırmağa məcbur edəcək strategiyanı müzakirə etdiyini bildirib. V. Zelenski ukraynalı hərbçilərlə görüşərək cəbhədəki vəziyyət və döyüşlərin gedişatı barədə məruzələri dinləyib.

Prezident hazırda əsas məqsədin Ukrayna üçün ləyaqətli sülhə və etibarlı təhlükəsizlik təminatlarına nail olmağa imkan verəcək gələcək strategiyanın müəyyənləşdirilməsi olduğunu vurğulayıb: "Bu strategiyanın müxtəlif tərkib hissələri var. Müdafiə və təhlükəsizlik qüvvələrimizin komandirlərinin bu məsələyə baxışını eşitmək mənim üçün vacibdir. Sabah mühüm görüşlərim olacaq. Ukrayna öz məqsədlərinə çatmalıdır və mütləq çatacaq".

Ukrayna prezidenti əlavə edib ki, Ukrayna rəhbərliyi növbəti addımlarla bağlı qərarları məhz hərbi komandanlığın mövqeyini nəzərə alaraq qəbul edəcək.

Mövzunu şərh edən siyasi şərhçi Əhməd Şahidov Sherg.az-a açıqlamasında Kremlin əvvəlcədən gözlədiyi kimi Ukraynanın sürətli məğlubiyyətinə nail ola bilmədiyini deyib. Onun sözlərinə görə, 

Ukrayna son dövrlərdə taktikasını dəyişərək nisbətən ucuz istehsal olunan pilotsuz uçuş aparatlarından geniş istifadə edir və Rusiyanın dərinliklərində yerləşən hərbi-logistika obyektlərinə, yanacaq bazalarına, sənaye müəssisələrinə və enerji infrastrukturuna zərbələr endirir. Müharibənin indiyədək olan gedişi də Kremlin ilkin hərbi hədəflərinə çata bilmədiyini göstərir.

Ə. Şahidovun sözlərinə görə, Moskva və digər bölgələrdə hava hücumları ilə bağlı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, aeroportların fəaliyyətində fasilələrin yaranması və yanacaq təminatında problemlərin müşahidə olunması müharibənin Rusiyanın daxili həyatına da ciddi təsir göstərdiyini nümayiş etdirir: “Müharibənin hər iki tərəf üçün ağır nəticələri var. Həm Rusiya, həm də Ukrayna yüz minlərlə insan itkisi verib, milyonlarla ukraynalı öz doğma yurdunu tərk etmək məcburiyyətində qalıb. Bu müharibə nə iqtisadi, nə humanitar, nə də siyasi baxımdan tərəflərə real qazanc gətirib. Bununla belə, Rusiyanı sırf hərbi təzyiq yolu ilə danışıqlar masasına məcbur etmək asan görünmür. Vladimir Putin uzun müddətdir bu müharibəni Rusiya cəmiyyətinə strateji və tarixi zərurət kimi təqdim edib. Belə bir şəraitdə Kremlin istədiyi nəticələri əldə etmədən geri addım atması həm daxili auditoriya, həm də beynəlxalq imic baxımından zəiflik kimi qiymətləndirilə bilər”.

Moskvanın əsas tələblərinin dəyişməz olaraq qaldığını xatırladan siyasi şərhçi qeyd edib ki, Krımın Rusiya ərazisi kimi tanınması, həmçinin Donetsk, Luqansk və nəzarəti altında olan digər Ukrayna ərazilərinin Rusiyanın tərkib hissəsi kimi qəbul edilməsi kimi tələbləri Ukrayna və beynəlxalq ictimaiyyət beynəlxalq hüquqa zidd hesab etdiyindən onların qəbul olunması real görünmür: “Prezident Volodimir Zelenskinin müdafiə sənayesi və təhlükəsizlik strukturlarında apardığı islahatlar Ukrayna ordusunun daha çevik və effektiv fəaliyyət göstərməsinə, Rusiyaya qarşı təzyiq imkanlarının genişlənməsinə xidmət edir. Bu addımlar cəbhədə müəyyən taktiki nəticələr verə bilər. Lakin bunun Rusiyanı öz strateji mövqeyindən geri çəkilməyə və ya əsas tələblərindən imtina etməyə vadar edəcəyi hələlik inandırıcı görünmür.

Digər mühüm məqam Rusiyanın nüvə doktrinasıdır. Rusiya rəsmiləri, o cümlədən xarici işlər naziri Sergey Lavrov və digər yüksək vəzifəli şəxslər dəfələrlə bəyan ediblər ki, ölkənin ərazi bütövlüyü və təhlükəsizliyi ciddi təhdid altında olarsa, nüvə silahından istifadə variantı istisna edilmir. Belə bəyanatlar münaqişənin daha təhlükəli mərhələyə keçməsi riskini artırır və mümkün eskalasiyanın təkcə region üçün deyil, bütün dünya üçün ağır nəticələr doğura biləcəyini göstərir. Nəticə etibarilə, Ukraynanın hərbi təzyiqi Rusiyanın xərclərini artırsa və müəyyən taktiki üstünlüklər qazandırsa da, Kremlin yalnız hərbi məğlubiyyət qorxusu ilə danışıqlara məcbur ediləcəyi ehtimalı yüksək deyil. Mövcud siyasi və ideoloji şəraitdə Rusiya rəhbərliyi bunu həm daxili ictimai rəyə, həm də beynəlxalq aləmə zəiflik kimi təqdim etmək istəməyəcək. Bu səbəbdən Zelenskinin Rusiyanı sırf hərbi vasitələrlə güzəştə məcbur etmək strategiyasının yaxın perspektivdə tam nəticə verəcəyi inandırıcı görünmür”.

Ə. Şahidov Rusiya–Ukrayna müharibəsində hər iki tərəfin həm üstün, həm də zəif cəhətlərinin olduğunu vurğulayıb. Onun fikrincə Rusiyanın əsas üstünlüyü uzaqmənzilli raket arsenalı və güclü zərbə imkanlarıdır: “Xüsusilə "Oreşnik" kimi yeni silah sistemləri mütəmadi tətbiq olunmasa da, yüksək dağıdıcı gücə malikdir. Rusiya raket hücumları nəticəsində Kiyev başda olmaqla Ukraynanın bir çox şəhərlərində ciddi dağıntılar qeydə alınıb. Ukraynanın hava hücumundan müdafiə sistemlərinin məhdud imkanları səbəbindən buraxılan raketlərin əhəmiyyətli hissəsi hədəflərinə çatır və bu da həm mülki infrastrukturun məhvinə, həm də insan itkilərinin artmasına səbəb olur.

Ukraynanın əsas üstünlüyü isə son illərdə, xüsusilə də son aylarda pilotsuz uçuş aparatlarından geniş və sistemli şəkildə istifadə etməsidir. Nisbətən aşağı maliyyətlə istehsal olunan dronlar Rusiya üçün ciddi problem yaradıb. Təxminən 5-10 min ABŞ dollarına başa gələn bir dronu zərərsizləşdirmək üçün Rusiya bəzən dəyəri milyonlarla dollar olan hava hücumundan müdafiə raketlərindən istifadə etməyə məcbur qalır. Bu isə həm iqtisadi, həm də hərbi baxımdan Ukraynaya üstünlük qazandıran amillərdən biridir. Rusiya ilk növbədə Kreml, strateji hərbi obyektlər, komanda məntəqələri və digər xüsusi əhəmiyyətli infrastrukturun mühafizəsinə üstünlük verir. Bunun nəticəsində ikinci dərəcəli hərbi-logistika obyektləri, yanacaq bazaları, sənaye müəssisələri və digər infrastruktur dron hücumlarına qarşı daha həssas vəziyyətdə qalır. Ukrayna da məhz bu boşluqlardan istifadə edərək Rusiyanın arxa cəbhəsinə davamlı zərbələr endirməyə çalışır. Bu istiqamətdə Avropa ölkələri ilə əməkdaşlıq da genişlənir”.

Siyasi şərhçi qeyd edib ki, bir sıra Avropa dövlətləri Ukrayna ilə birgə pilotsuz uçuş aparatlarının istehsalı üzrə müəssisələr yaradıblar:

“Türkiyənin "Baykar" şirkətinin Ukraynada istehsal müəssisəsi qurması da bu əməkdaşlığın mühüm nümunələrindən biridir. Bu, Ukraynanın uzunmüddətli perspektivdə dron istehsalını artırmaq və texnoloji üstünlüyünü qorumaq strategiyasının tərkib hissəsidir. Bununla yanaşı, Ukraynanın ən böyük ehtiyaclarından biri müasir hava hücumundan müdafiə sistemləridir. Qərb ölkələri tərəfindən əlavə zenit-raket kompleksləri və digər müdafiə vasitələrinin verilməsi Ukraynanın müdafiə imkanlarını müəyyən qədər gücləndirə bilər. Lakin bu dəstək hələ də Rusiyanın geniş raket arsenalı və zərbə potensialı ilə müqayisədə kifayət qədər balans yaratmır. Müharibənin ilk günlərindən Ukrayna rəhbərliyi Qərbi ölkənin hava məkanının daha effektiv qorunması istiqamətində qəti addımlar atmağa çağırırdı. Lakin bu istiqamətdə gözlənilən səviyyədə nəticə əldə olunmadı. Məhz buna görə də Rusiya bu gün də uzaqmənzilli raketlərlə Ukrayna ərazisindəki hədəflərə mütəmadi zərbələr endirmək imkanını saxlayır. Buna baxmayaraq, döyüş meydanında pilotsuz uçuş aparatlarının rolu sürətlə artır. Dronlar artıq təkcə kəşfiyyat vasitəsi deyil, həm də canlı qüvvənin, zirehli texnikanın və hərbi infrastrukturun məhv edilməsində əsas zərbə vasitələrindən birinə çevrilib. Bu baxımdan dron sənayesi hazırda Ukraynanın ən mühüm hərbi üstünlüklərindən biri hesab olunur və müharibənin gələcək gedişinə təsir edən əsas amillər sırasında yer alır”.